600 manat birdəfəlik müavinət ala biləcəklər

İşğaldan azad olunan ərazilərimizdə işləyənlərə güzəştlərin tətbiqi nəzərdə tutulur

  "“Əmək Məcəlləsində” edilən dəyişikliklərə əsasən, işğaldan azad olunan ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqi nəzərdə tutulur". Bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan vətəndaşlarımızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ala biləcəklər: 

"Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni dövlət bu ödənişləri öz üzərinə götürəcək: "2026-cı ildən başlayaraq 3 il ərzində subsidiya faizi 80, sonrakı 3 ildə 60 və uyğun olaraq daha sonra 40 faiz olacaq. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqları isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq. İşçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək. Deməli, işğaldan azad olunan ərazidə çalışan vətəndaşlarımız maaşlarına əlavənin hesablanması, birdəfəlik 600 manat müavinəti almaq hüquqlarına malikdirlər. 

Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək".