Şuşa Bəyannaməsinin şərtləri hərbi baza yaradılmasından dəfələrlə üstündür

Zatən, Türkiyə bizə verdiyi yüksək dəstəklə hər birimizin könlündə “baza” qurub

"Əsas odur ki, ölkələrimiz öz qüvvələrini, imkanlarını, potensiallarını Şuşa Bəyannaməsində birləşdirib. Mövcud ola biləcək istənilən təhdidlərə qarşı birgə çıxış etmək imkanına malikik"


Azərbaycana rəsmi səfəri başa çatan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə açıqlamasında bir çox mövzulara, o cümlədən Türkiyənin Azərbaycanda hərbi baza yarada biləcəyi məsələsinə aydınlıq gətirib. Türkiyə lideri imzalanmış yeni bəyannamə çərçivəsində Azərbaycanda türk hərbi bazasının yaradılmasını istisna etməyib. Jurnalistin “Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi baza məsələsində ciddi tələb var.

Şuşa Bəyannaməsində hərbi baza məsələsi varmı” sualına cavab olaraq bildirib ki, bu məsələ Bəyannamədəki maddələrdən kənarda deyil: “Sonrakı dönəmdə müəyyən əlavələr, genişlənmə ola bilər. Hələlik burada daha çox sərhədlərin təhlükəsizliyi və təminat altına alınması var. Hörmətli İlham Əliyevin Putinlə keçirəcəyi görüşlər, o cümlədən, bizim keçirəcəyimiz görüşlər bu məsələni fərqli şəkildə inkişaf etdirə bilər”. 

Türkiyə liderinin diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən hərbi eskpert Ədalət Verdiyev deyib ki, Ankara-Bakı arasında imzalanan Şuşa Bəyannaməsinin şərtləri hərbi baza yaradılmasından qat-qat üstün xüsusiyyətlərə malikdir. Ekspert vurğulayıb ki, Türkiyə dünyanın 15-ə yaxın ölkəsində hərbi bazaya sahibdir. Amma onların heç biri Türkiyəyə Azərbaycan qədər yaxın deyil:

“Bazanın yaradılması hər iki ölkə rəhbərinin siyasi iradəsindən asılı məsələdir və istənilən vaxt reallaşması mümkündür. Şuşa Bəyannaməsi təhlükəsizlik şuralarının birgə iclaslarını nəzərdə tutur ki, bu, dünyada rast gəlinməyən bir təcrübədir. Dünyanın heç bir dövləti təhlükəsizlik məsələsini digər ölkə ilə müzakirə etmir”. 

Ə.Verdiyev bəyan edib ki, Türkiyənin Azərbaycanda hərbi baza yaratması mümkündür və heç bir əngəl yoxdur:

“Bəzi faktorları nəzərə almalıyıq, amma Rusiyanın hərbi baza məsələsinə müdaxilə şansı yoxdur. Onsuz da Rusiya 30 ilə yaxın ərazimizi işğalda saxlamış Ermənistanda hərbi baza saxlayır. Müddəti də 2044-cü ilədək uzadılıb. Baza iki ölkənin rəhbərliyindən asılıdır və bunu istisna etmək olmaz. Lakin Türkiyə ilə bazadan üstün olan əməkdaşlığımız, strateji tərəfdaşlığımız var.

Türkiyə bizə verdiyi yüksək dəstəklə hər birimizin könlündə “baza” qurub. Konkret hansısa ərazidə türk ordusunun yerləşməsi isə işin detallarıdır. Həm də Şuşada baş konsulluğun açılması Türkiyə bayrağının orada dalğalanması deməkdir.

Baza sadəcə hərbi iştirakı təmin edirsə, konsulluq ümumilikdə dövləti təmsil edəcək. Türkiyədən qalxan təyyarə bir-iki saatdan sonra Azərbaycanın istənilən ərazisinə eniş edə bilər. Bu mənada bazanın olub-olmaması kritik məsələ deyil. Əsas odur ki, ölkələrimiz öz qüvvələrini, imkanlarını, potensiallarını Şuşa Bəyannaməsində birləşdirib.

Mövcud ola biləcək istənilən təhdidlərə qarşı birgə çıxış etmək imkanına malikik. Bu məqam hərbi bazadan daha önəmlidir”.