Sonuncu şans...


Erməni xalqı sülhə və sabitliyə səs verdi

Paşinyan yeni etimad krediti ilə ölkəsini bölgədə yaranmış yeni reallıqlara tam uyğunlaşdıra bilər


Ermənistanda iyunun 20-də keçirilən parlament seçkisinin nəticələri bəlli oldu. Mərkəzi Seçki Komissiyasının bütün seçki bülletenlərini saymasından sonra Nikol Paşinyanın “Mülki Müqavilə” Partiyasının səs faizi 55, Robert Koçaryanın Ermənistan Blokunun isə 20 faiz olub. Serj Sarkisyanın “Şərəf duyuram” bloku 5, “Çiçəklənən Ermənistan” partiyası isə 4 faiz səs qazanıb. Ümumilikdə seçkilərdə səsvermə hüququ olan insanların cəmi 49,4 faizi səs verib. Ən yüksək seçici aktivliyi Zəngəzurda, ən aşağı isə Şirak vilayətində qeydə alınıb. Seçkilərdə əsas rəqiblər Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan hesab olunurdu.

Nikol Paşinyan bazar ertəsi günü bəyan edib ki, onun “Vətəndaş müqaviləsi” partiyası parlamentdə  konstitusional çoxluq əldə edərək hökuməti formalaşdıracaq. Ermənistanın Seçki Məcəlləsi Paşinyanın növbədənkənar parlament seçkisində səslərin 50 faizindən çoxunu qazanmış “Vətəndaş müqaviləsi” partiyasının təkbaşına hökuməti formalaşdırmasına imkan verir. Parlamentə düşməyən digər partiyaların da səsinin bölgüsü əsasında Nikol Paşinyanın partiyası 71 yer qazanıb. Ermənistan konstitusiyasında parlamentin minimum 101 yerdən formalaşması tələb olunur. Parlamentdə müxalifətin 1/3-də az təmsilçiliyinin olmaması tələbi nəzərə alınmaqla Koçaryanın seçki bloku əlavə 2 yer qazanacaq və deputatlarının sayını 29-dan 32-yə çatdıracaq. Bu isə Nikol Paşinyanın partiyasının hökuməti təkbaşına formalaşdıra biləcəyindən xəbər verir. 54 faizlik sabit səs çoxluğunu təmin etmək üçün Paşinyanın partiyasına əlavə mandatlar veriləcək.

Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan deyib ki, mandatlar bir həftədən, səslərin yekun sayılmasından sonra bölüşdürüləcək. “Müxalifətin mandatdan imtinası halında nə baş verə bilər” sualına cavabında Mukuçyan bildirib ki, qanunvericiliyə görə belə mexanizm yoxdur: “İndiki mərhələdə mandatdan imtina institutu yoxdur. Namizəd öz mandatından özü, şəxsi olaraq imtina edə bilər”. Onun sözlərinə görə, müxalifət üzvləri mandatdan imtina edərsə, parlamentdə heç kəsdən asılı olmayan qüvvə qalacaq. Yəni müxalifətin mandandan imtinası halında yeni seçki keçirilməsi zərurətinin ortaya çıxmayacağına işarə edilib. 

MDB-nin müşahidə missiyasının rəhbəri İlhom Nematov seçki prosesinin qanunvericiliyə uyğun keçirildiyini, müşahidəçilərin nəticələri şübhə altına ala biləcək heç bir ciddi pozuntuya rast gəlmədiklərini bəyan ediblər. Lakin ölkə Prokurorluğunda seçkilərdəki qanun pozuntuları ilə bağlı 6 cinayət işi açılıb. Ümumilikdə seçkilər zamanı qanun pozuntuları ilə bağlı 319 məlumat daxil olub.  

Ermənistandakı seçkini dəyərləndirən rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib ki, ermənilər Azərbaycanla necə yaşamaq istədiklərini seçdilər. Onun sözlərinə görə, Ermənistanda sağlam düşüncə qalib gəldi. Çünki Nikol Paşinyanın partiyasına səs verən erməni xalqı öz ölkəsini bu keçid dövründə sülh və sabitliyə aparmaq istəyir: “Erməni xalqı başa düşür ki, onların ölkəsi “revanşizm” ideyasını və millətçilik cəhdlərini unutmalıdır. Paşinyana etimad krediti verildi. İndi o, dinc və firavan ölkə yaratmalıdır. Demək ki, erməni milləti Azərbaycan və Türkiyə ilə sülh şəraitində olacaq bir ölkədə yaşamaq istəyir. Bütün sərhədlərin açılmasına nail olacaq bir ölkədə. Bütün dünyada normal hesab ediləcək bir ölkədə. Ermənistanda keçirilən seçki bütün regiona və Ermənistanın özünə sabahkı gün üçün şans verdi. Bu seçkilərin nəticələri Ermənistanı dövlət kimi qoruyub saxlaya bilər. Bundan başqa, bu, Ermənistanı iqtisadi cəhətdən inkişaf etdirməyə imkan verəcək”.

Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov da bildirib ki, Koçaryanın seçkiqabağı təşviqatının açıq şəkildə revanşist məzmunu sülh istəyən elektoratı ondan uzaqlaşdırdı:

“Koçaryanın İrəvanda tərəfdarlarının qarşısında Azərbaycana qarşı yeni müharibə açmaq istəməsi barədə qışqırıqları heç də orta statistik erməni əhalisinin planlarına daxil deyildi. Əminəm ki, hazırkı erməni hərbçilərinin və ehtiyatda olanların əksəriyyəti, eləcə də onların ailə üzvləri Paşinyana yalnız onun dövründə yeni müharibənin dəqiq olmayacağı ümidilə səs veriblər. Koçaryanın elektoratı da kütləvi şəkildə aldanmış oldu. Onlar bu sistemin radikal ritorikanın təsirinə daha çox məruz qaldı. Koçaryana isə dəstək Kremldən deyil, Rusiyanın kriminal pullarla yedizdirilmiş mətbuatından gəlirdi. Etiraf etmək lazımdır ki, Rusiyanın kütləvi informasiya vasitələrində Ermənistanın eks-prezidenti Koçaryanın siyasi blokunun xeyrinə kütləvi və aqressiv təbliğat müşahidə olunurdu. Rəsmi Moskvanın siyasi kursuna zidd olaraq Rusiya mətbuatının bu tip fəaliyyəti mənim ölkəmin informasiya məkanında erməni kriminal dairələrinin nə qədər ciddi təsiri olduğunu göstərirdi. Ermənistanın yeni hökuməti yarandığı ilk gündən etibarən adaptasiya dövrü olmadan yeni geosiyasi reallıqlarda fəaliyyət göstərməli olacaq. Yeni reallıqlar isə göz qabağındadır”. 
Qeyd olunduğu kimi ciddi sosial-iqtisadi problemlər Ermənistan cəmiyyətini ayağa qalxmağa və Koçaryan-Sarkisyanın simasında insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən sistemi tarixin arxivinə göndərməyə məcbur etdi. Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir. Revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Koçaryan-Sarkisyan təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məhv oldular. Seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşist meyillərə yox deyir. 2016-cı ilin aprelində Azərbaycan Ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonunu gətirdi. 44 günlük müharibədə məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar. Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan Ermənistan da bəhrələnə və dinc həyatını qura bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov “Şərq”ə vurğulayıb ki, Paşinyanın seçkidə qalib gəlməsi təkcə ölkədaxili üçün deyil, eyni zamanda ölkəxarici siyasət üçün vacib əhəmiyyət daşıyır. Bu əhəmiyyət həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından qiymətləndirilə bilər. Analitikin sözlərinə görə, Paşinyanın seçkidəki rəqibi təkcə Robert Koçaryan deyil, eyni zamanda Koçaryana dəstək verən Rusiyadakı bəzi dairələr idi:

“Bundan sonrakı mərhələdə Nikol Paşinyan Rusiyanın Ermənistanda dominatlığını aradan qaldırmaq məqsədi ilə Qərblə münasibətləri daha da dərinləşdirməyə, qərb ölkələri, xüsusilə də ABŞ və Fransa ilə sıx siyasi, iqtisadi və digər münasibətləri dərinləşdirməyə çalışacağı gözləniləndir. Rusiyada bəzi dairələr tərəfindən dəstəklənən eks prezident Robert Koçaryanın 20 faiz civarında səs toplaması iki məsələni aydınlaşdırmağa imkan verir. Eks prezidentin, dolayısı ilə Rusiyanın Ermənistanda mövqeyi demək olar ki, son üç ildə tamam zəifləyib. Baxmayaraq ki, Rusiya II Qarabağ savaşında Ermənistana həm silah-sursat və hərbi texnika, həm də siyasi dəstək göstərmişdi. Lakin erməni cəmiyyəti hakimiyyətdə Qarabağ klanını deyil, Ermənistan klanını görmək niyyətindədir. Bu seçkilər həm də onu göstərdi ki, Cənubi Qafqazda yeni geosiyasi və geostrateji reallıqlar formalaşmağa başlayıb. Məhz Nikol Paşinyanın hakimiyyətə gəlməsi regionda zamanla bir neçə məsələni dəyişə bilər. Hazırda ən önəmli məsələlər işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların xəritələrinin Azərbaycana qaytarılması, sərhədlərin müəyyənləşdirilməsi, üçtərəfli bəyannamənin şərtlərinə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasıdır. Qeyd edilən şərtlər reallaşarsa və Ermənistan tərəfi həm Azərbaycan, həm də Türkiyə ilə dil taparsa, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkərsə, tərəflər arasında normallaşma prosesinin başlamasını görmək mümkündür. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması da gerçəkləşə bilər ki, bu da regionda daimi sülhün qorunub saxlanmasına xidmət edər”.