"Rusiya illərdir ki, Azərbaycanı KTMT-yə çəkmək istəyir"

Məhəmməd Əsədullazadə: "Təşkilata üzvlük NATO və Qərblə əlaqələrə zərbə vurar"


Düşənbədə KTMT üzvlərinin iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin. Bu haqda Rusiya Dövlət Dumasının mətbuat xidməti bildirib. Məlumata görə, təklifi iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin irəli sürüb. O deyib ki, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar. Amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. Bu da Volodinə görə, bloka üzv ölkələrin “prinsiplərini bölüşən ölkələrlə” qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə imkan verəcək. Volodin qurumla əməkdaşlıq üçün bir sıra dövlətlərin maraq göstərdiyini deyib.

Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə bildirib ki, təşkilata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır. Kalaşnikovun sözlərinə görə, bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər. Qeyd edək ki, Azərbaycanın KTMT-də müşahidəçi statusu alması məsələsi dəfələrlə gündəmə gəlib və rəsmi Bakı öz mövqeyini açıqlayıb. Bununla belə hər dəfə Ermənistan veto hüququndan istifadə edəcəyini açıqlayıb. 

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın KTMT-yə üzv olması üçün illərdir danışıqlar aparır. Analitik Qarabağ müharibəsindən əvvəl Tovuz istiqamətində baş vermiş döyüşlərdə KTMT-nin neytral qalmasını xatırladıb:

“Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bu təşkilat öz susqunluğunu qorudu. Həmçinin, Qarabağ müharibəsində Azərbaycan-Ermənistan ərazisində raket sistemlərinə zərbə endirəndə də eyni analoji halı nümayiş etdirdi. Ötən həftə Ermənistanla sərhədlərin demarkasiyası zamanı yaranmış təxribatlar fonunda təşkilatın baş katibi Stanislav Zas baş verənlərin sərhəd insidenti olduğunu qeyd etdi. Yəni növbəti dəfə neytral qaldı. KTMT Rusiyanın nəzarətindədir. Moskva çalışır ki, qurumu Azərbaycan-Ermənistan arasındakı münaqişədən kənar tutaraq, rəsmi Bakını quruma dəvət etsin. Bunun üçün də əlindən gələni edir. Azərbaycan isə rəsmi şəkildə KTMT-yə üzv olmayacağını bildirir. Moskva çıxış yolunu müşahidəçi institutu təsis etməkdə görür”. 

M.Əsədullazadə hesab edir ki, Azərbaycan Qərblə əlaqələri qoruyub saxlamalı, NATO ilə əməkdaşlığı davam etdirməlidir:

“Ancaq düşünürəm ki, KTMT-də müşahidəçilik statusu əldə etmək taktiki baxımdan Azərbaycanın əleyhinə olmayacaq. Hətta bu müşahidəçilik Qarabağda silahlı erməni birləşmələrinin ləğvinə və Zəngəzur dəhlizinin açılmasına yardımçı olacaq. Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə KTMT bizə qarşı mövqe ortaya qoya bilməyəcək. Amma quruma tam üzv olmaq Azərbaycanın əleyhinədir. Təşkilata üzvlük NATO və Qərblə əlaqələrə zərbə vurar”.