Rusiya Paşinyana Xankəndiyə getməyə qadağa qoyub


Bu onu göstərir ki, Azərbaycanın yavaş-yavaş təsiri öz işini görür

Nikol Paşinyanın Rusiya səfərindən və Prezident Putinlə görüşündən sonra müxtəlif mülahizələr səslənir. Xüsusən, rus mediasında bir sıra iddialar gündəmə gətirilir. Məsələn, tanınmış rusiyalı politoloq Stanislav Tarasov bildirir ki, Nikol Paşinyana Moskvada sərt şəkildə ultimatum veriblər. Ona bildiriblər ki, hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycanın Xankəndi şəhərinə bir daha səfər etmək olmaz. Tarasova görə, diplomatiyanın öz qanunları var.

Ermənistan üçtərəfli bəyanat imzalayanda etiraf edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. İndi Nikol Paşinyan Xankəndiyə yalnız Bakının icazəsindən sonra gedə bilər: “Paşinyan tam dalana dirənib. Problem ondadır ki, Paşinyan elə özü bütün danışıqlar prosesini iflasa uğradıb, indi də düşünür ki, Putin onun bütün səhvlərini düzəldə biləcək. Amma Rusiya Prezidenti bunu etməyəcək. Fransızlar da ona kömək edə bilməyəcək”. 

Paşinyanla bağlı iddiaları “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov vurğulayıb ki, böyük dövlətlər, o cümlədən Rusiya üçün ən birinci öz maraqlarını təmin etməkdir. Ekspert bildirib ki, Rusiyanın atdığı bütün addımlarda Moskvanın maraqları dayanır:

“İlk növbədə Putinlə Paşinyanın görüşünə diqqət çəkmək istəyirəm. Putin görüşdə bəyan etdi ki, seçkilər erməni xalqının çətin durumdan çıxmağına imkan yaradacaq. Yəni Kreml rəhbəri Paşinyana demək istəyir ki, “biz seçkilərə sənin üçün şərait yaratmadıq, erməni xalqının seçiminə hörmət üçün öz dəstəyimizi verdik”. Görüş əsnasında Paşinyanın mimikasına baxdıqda vəziyyətin nədən ibarət olduğunu anlamaq olurdu. Moskvadan Paşinyana hansısa qadağaların qoyulması mümkündür. Yaxşı olardı ki, bu cür qadağalar əvvəllər tətbiq edilərdi. İndi həm Türkiyə, həm də rəsmi Bakı tərəfindən Rusiyaya təzyiqlər var. Azərbaycan qətiyyətli şəkildə Moskvadan tələb edir ki, əgər üzərinə öhdəlik götürmüsənsə, məsuliyyətini dərk et. Azərbaycan hökuməti 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarına birmənalı əməl edir. Ermənistan tərəfi isə pozuculuqla məşğuldur. Biz də Rusiyadan haqlı olaraq tələb edirik ki, imza atdığı sənədə əməl etsin və himayəsinə götürdüyü Ermənistanı buna məcbur etsin. Əgər Kreml Paşinyan başda olmaqla İrəvan hökumətinin nümayəndələrinin Xankəndinə gediş-gəlişinə imkan vermirsə, deməli, Azərbaycanın yavaş-yavaş təsiri öz işini görür”. 

Analitik vurğulayıb ki, Rusiya rəsmi Bakının maraqlarını görməzdən gələ bilmir, amma eyni zamanda çalışır ki, öz maraqlarını arxa plana keçirməsin:

“Zəngəzur məsələsində də Moskva və İrəvan ləng tərpənsə də, Bakının israrı fonunda müəyyən addımlar atmağa məcbur qalırlar. Türkiyə və Azərbaycanın mənafelərinin üstündən keçə bilmirlər. Paşinyanın “Ermənistan sərhədlərinin qorunması prosesində BMT də iştirak etsin” təklifi, eyni zamanda onun Fransaya və Brüsselə səfəri Rusiya tərəfindən heç də xoş qarşılanmamışdı. Böyük ehtimal bu məqamlar dövlət rəhbərlərinin görüşündə müzakirə mövzusu olub. Ermənistanda hələ hökumət qurulmayıb. Görünən odur ki, Putinin Paşinyana ciddi təlimatı olacaq ki, yeni kabinetdə mütləq ruspərəst qüvvələrdən kimlərsə təmsil olunmalıdır. Moskva çalışacaq ki, əsasən güc strukturlarında özünə yaxın adamları yerləşdirsin. Bu amil Kremlin Ermənistana təsir və nəzarətini daha da artıracaq. Rusiya bütün vasitələrdən istifadə edərək Paşinyanın Qərbə doğru yönəlməsinin qarşısını alacaq”.