Azərbaycan hər il hərbi xərclərini artıracaq

Bu prioritetin inkişafını qidalandıran bir neçə səbəb var


Cari il ərzində Azərbaycanın müdafiə və milli təhlükəsizlik üzrə xərcləri yüksək olub. Rəsmi məlumata əsasən, hərbi xərclər yanvar-iyun ayları ərzində ötən ilə nisbətdə 1 milyard 76 milyon 300 min manat artaraq, 2 milyard 533 milyon 400 min manat icra edilib. Bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib.

Siyasi yazar, jurnalist Aqşin Kərimov "Şərq"ə il ərzində hərbi xərclərin çoxalmasının səbəblərini açıqlayıb. Ekspert hərbi xərclərin artmasının bir neçə məsələdən qaynaqlandığını vurğulayıb: 

"Azərbaycanın Qarabağı Ermənistanın işğalından azad etməsindən sonra yaranan yeni geosiyasi reallıq Bakı üçün yeni hərbi prioritetləri müəyyənləşdirib. Ermənistanla sərhədlərin delimitasiyası, yeni hərbi avadanlıqların tədarükü hərbi xərclərin artmasına gətirib çıxaran amillərdəndir. Digər tərəfdən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir.

Azərbaycanın Ermənistan üzərində zəfər çalması bu istiqamətdə  görüləcək tədbirlərin miqyasının genişləndirilməsini şərtləndirir. Buna görə də işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin açılması zəruridir və bu istiqamətdə işlər davam etdirilir.

Postmüharibə dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Xocalı, Ağdam, Laçın və Kəlbəcərdə hərbi hissələr açılıb ki, bu da əlavə xərclər deməkdir.  Bu ilin dövlət büdcəsinin altı ayı üzrə hərbi xərclərin proqnoza qarşı artıq icra edilməsinin bir səbəbi də budur".

 A.Kərimovun fikrincə, bundan sonra da Azərbaycan hərbi xərclərini çoxaldacaq:

"Azərbaycan bundan sonra da müdafiə və milli təhlükəsizlik üzrə xərclərini artıracaq. Bu prioritetin inkişafını qidalandıran bir neçə səbəb var. Birincisi, Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu mövqeyi ara-sıra revanşist bəyanatlara çevrilir.

İkincisi, sərhəd qaçaqmalçılığına qarşı mübarizə tədbirləri gücləndirilir, bu isə sərhəd xidmətinin işinin təkmilləşdirilməsini zərurətə çevirir.

Üçüncüsü, ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir".