İtən zabiti Azərbaycanda axtarmaq əbəsdir

Samir Hümbətov: "Çox güman ki, baş leytenant Artur Davidyan ordu içindəki proseslər nəticəsində qətlə yetirilib və gizlicə hardasa basdırılıb"

Ermənistan mediasının yaydığı məlumata görə, avqustun 22-də erməni ordusunun baş leytenantı Artur Davidyan yuxarı komandanlığın icazəsi olmadan, hərbi hissəni tərk edib. Onun havanın dumanlı olması səbəbindən Azərbaycan tərəfinə keçdiyi iddia olunur. Ermənistan tərəfi baş leytenantın Azərbaycan tərəfinə keçdiyi, yaxud saxlanıldığı barədə məlumatları dəqiqləşdirmək üçün vasitəçi kimi Rusiyaya müraciət edib. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan ordusunun baş leytenantı ilə bağlı hələlik heç bir açıqlama yaymayıb. Artur Davidyanın Ermənistan ərazisində olması və öz hərbçi yoldaşları tərəfindən qətlə yetirilməsi də mümkündür.

Son zamanlar bu cür hallar Ermənistan ordusunda, xüsusilə Azərbaycanla həmsərhəd ərazilərdəki hərbi hissələrdə adiləşib. Bu yaxınlarda sərhəddə bir neçə erməni hərbçinin öldürülməsi və bunun Azərbaycan tərəfi ilə əlaqəli olmaması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlar bunu sübuta yetirir. Digər tərəfdən, Artur Davidyanın hava şəraitinin pis olmasından istifadə edərək, Azərbaycan ərazisində təxribat törətmək istəyən diversiya qrupuna rəhbərlik etməsi də mümkündür. Ola bilsin, qrupun digər üzvləri geriyə qayıdıblar. Başqa bir ehtimal isə Davidyanın bilərəkdən, Ermənistan ordusundakı dözülməz şəraitdən qaçaraq Azərbaycan ərazisinə keçə biləcəyi ilə bağlıdır. 

Ermənistan ordusunun acınacaqlı vəziyyəti ilə bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, əgər hər şey İrəvanın arzuladığı formada getsə belə erməni silahlı qüvvələrinin bərpası üçün azı 20-30 il vaxt lazımdır. Analitikin fikrincə, çökdürülmüş Ermənistan ordusunun qısa zamanda toparlanması reallıqdan çox uzaqdır:

“Erməni ordusunda fərarilik, özbaşınalıq, qanunsuzluq və "dedovşina" halları müharibədən əvvəl də vardı. 44 günlük savaşın acı nəticələri Ermənistan Silahlı Qüvvələrində vəziyyəti daha da dözülməz edib. Ağır məğlubiyyət və çoxsaylı itkilər erməni ordusuna ağır mənəvi-psixoloji zərbə vurub. Bu təsirlər erməni hərbçilər arasında uzun müddət qalacaq. Son günlər hərbçilər arasında müşahidə olunan qətl hadisələri, fərarilik halları Ermənistan ordusunun nizamsızlığından və başsızlığından xəbər verir. Ordu faktiki olaraq idarəolunmaz vəziyyətdədir. Ermənistan hökuməti yeni ordu qurmaq üçün canfəşanlıq edir, silah-sursat alır. Amma hərbçisi və sıravi əsgəri olmayan bir ordu yaratmaq, onu hərbi texnika ilə təchiz etmək mümkün deyil”.

Müsahibimizin sözlərinə görə, bu, hələ başlanğıcdır. Ermənistan hərbçiləri arasında neqativ halların sayı hər gün bir qədər də artacaq:

“Ordu sıralarında fərarilik çoxalacaq. Çox güman ki, baş leytenant Artur Davidyan ordu içindəki proseslər nəticəsində qətlə yetirilib və gizlicə hardasa basdırılıb. Ermənistan tərəfi həqiqəti gizlətmək üçün hərbçinin, guya Azərbaycan tərəfə keçdiyini, yaxud bizim tərəfimizdən ələ keçirildiyini iddia edir. İstənilən halda erməni ordusunda yaşananlara görə birbaşa məsuliyyəti İrəvan hökuməti daşıyır. Hadisənin səbəb və nəticəsini Ermənistan tərəfdə axtarmaq lazımdır. Başqa tərəfi günahlandırmaq mənasızdır”.