"Gözləmək lazımdır"

Qabil Hüseynli: "Türkiyənin Əfqanıstanda yaşananlara açıq müdaxiləsi və orada sülhməramlı kimi qalması təhlükəlidir"

"Taliban" Əfqanıstanla bağlı Türkiyəyə xəbərdarlıq edib. Qruplaşmanın sözçüsü Zabiulla Mücahid deyib ki, 31 avqusta qədər bütün xarici qüvvələr, silahlı birləşmələr Kabildən çıxmalıdır: “Kabil aeroportunda Türkiyə əsgərinə ehtiyac yoxdur, oranı özümüz qoruyacağıq. Türkiyə ilə müsbət əlaqələr qurulmasını istəyirik, fəqət əsgərlərinin burada qalmasını istəmirik”. "Taliban" üzvləri Kabil hava limanına gedən yolu da bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır. Deyilənə görə, avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək. Xatırladaq ki, ABŞ avqustun 31-dən sonra təxliyə üçün əlavə vaxt tələb etmişdi. Göründüyü kimi, "Taliban" bu təklifə müsbət yanaşmayıb. 

Əfqanıstanda gedən prosesləri və Türkiyəyə verilən mesajı “Şərq”ə təhlil edən politoloq Qabil Hüseynli bildirib ki, "Taliban" haqqında illüziyaya qapılmaq lazım deyil. Ekspertin sözlərinə görə, "Taliban" radikal islamçı qruplaşmadır və dəyişməsindən, yumşalmasından söhbət gedə bilməz:

“Bütün ölkəni ələ keçirən qruplaşmanın addımları daha təhlükəli olacaq. "Taliban" ilk günlərdə Türkiyə ilə normal münasibət quracaqlarını, Ərdoğanın liderliyini qəbul etdiklərini və hörmət bəslədiklərini bəyan etmişdi. Amma ölkədə hakimiyyəti tam ələ keçirdikdən sonra Türkiyəni də digər dövlətlərin gözünə qataraq hamısına birlikdə ölkədən çıxmaları ilə bağlı xəbərdarlıq edir. Kabil hava limanı Əfqanıstan üçün çox önəmli bölgədir. Ölkəyə giriş-çıxışın əsas qapısıdır. Qruplaşmanın məqsədi hava limanına nəzarəti ələ keçirməklə öz niyyətlərini və tam iqtidar arzularını reallaşdırmaqdır. Böyük ehtimalla avqustun 31-nə kimi ölkədə kənar qüvvələr qalmayacaq. Halbuki, müəyyən qüvvələrin Kabil hava limanını qoruyacağı ilə bağlı razılaşmanın olduğu deyilirdi. Çox mürəkkəb proseslər gedir. ABŞ-la "Taliban" arasında gizli sövdələşmə ola bilər. Belə bir şəraitdə qardaş Türkiyənin Əfqanıstanda yaşananlara açıq müdaxiləsi və orada sülhməramlı kimi qalması təhlükəlidir. Müəyyən müddət gözləmək lazımdır ki, Qərb ölkələri "Taliban"ın Əfqanıstanda həyata keçirdiyi əməllərlə nə qədər ciddi təhlükə mənbəyi olduğunu görsünlər. Nəzərə alaq ki, "Taliban" puştunlardan ibarətdir və bu xalq ölkə əhalisinin sadəcə 50 faizini təşkil edir. Ölkədəki digər xalqlar bu qruplaşmanın idarəsindən narazıdırlar”.