ATƏT, BMT, Minsk qrupu obyektiv tənqid olunur

Müşfiq Ələsgərli: "Ölkə rəhbəri öz çıxışında Azərbaycan xalqının fikrini ifadə edib"

Məlum olduğu kimi, Prezident İlham Əliyev BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə olduqca mühüm məqamlara toxunub və beynəlxalq qurumların fəaliyyətini növbəti dəfə tənqid edib. Dövlət başçısı bildirib ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Prezident BMT TŞ-nın qətnamələrinə də diqqət yönəltdi və bildirdi ki, Azərbaycan bu məsələni ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda qaldırsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı TŞ-nın qəbul etdiyi 4 qətnamə icra olunmadı. Eləcə də Minsk qrupunun fəaliyyətsizliyindən danışdı və bəyan etdi ki, bu qətnamələri qəbul edənlərin Minsk qrupuna həmsədrlik etməsi də nəticə vermədi. 

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Şərq”ə bildirib ki, Prezident İlham Əliyevin BMT-nin ünvanına səsləndirdiyi iradlarda əks olunan faktlar tamamilə reallıqdır və hər kəsin gözü qarşısında olub:

“Prezident deyir ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Çıxışını davam etdirərək, beynəlxalq birlik adından çıxış edən legitim qurumları, o cümlədən ATƏT-i, onun Minsk qrupunu, BMT-ni, Təhlükəsizlik Şurasını tənqid edir. Ardınca Minsk qrupunun fəaliyyətsizliyinə irad bildirir və onun da kökünü BMT-də axtarır. Dövlət başçısının söylədiyi bu fikirlər həqiqətdir. Minsk qrupunun fəaliyyətsizliyini bizlər də zaman-zaman tənqid etmişik. Hətta hakimiyyəti qınamışıq ki, nə üçün MQ-yə lazımi təpki göstərmir. Ölkə rəhbərinin UNESCO ilə bağlı iradlarını da hər birimiz bölüşürük. İşğal altında olan ərazilərdə mədəni abidələrimizin talan edildiyi ortadadır. Ölkə rəhbəri öz çıxışında Azərbaycan xalqının fikrini ifadə edib, hər kəsin gözü qarşısında baş verən hadisələrdən nümunə göstərib. Beynəlxalq təşkilatların ikili standartlarla davrandıqlarını bəyan edib. Prezidentin səsləndirdiyi iradlarda həmsədrlərin, öz qətnamələrinə də ikili standartlarla yanaşan BMT Təhlükəsizlik Şurasının ədalətsizliyinin xülasəsi verilib. Belə məsuliyyətsiz davranışların işğalı stimullaşdırdığı qeyd edilib”.