Rəsmi Bakı tələsməyəcək

Əfqanıstan əhalisinin 33 faizi türk kökənlidir

Azərbaycan Türkiyə və Pakistanın yanında olduğuna görə, qərarımızın nədən ibarət olacağı nisbətən bəllidir

Məlumdur ki, Əfqanıstanın Kabil hava limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə bu ölkədən çıxarılıb. Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin ediblər. Reallıq isə odur ki, "Taliban" rejimi Əfqanıstanda möhkəmlənir və “legitim” hökumət qurmağa çalışır.

İndiki məqamda müzakirə olunan əsas məsələlərdən biri də bundan sonra Azərbaycan-Əfqanıstan əlaqələrinin necə olacağıdır. Xatırladaq ki, Əşrəf Qəni hökuməti ilə Azərbaycan hökumətinin çox yaxşı əlaqələri var idi. Hətta Əfqanıstan rəhbərliyi Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Hesab edilir ki, bundan sonra Azərbaycanın Əfqanıstanla münasibətləri daha çox Kabilin Bakıya yanaşmasından asılı olacaq. Əgər Əfqanıstanda yeni hökumət daha çox daxili problemləri nizama salmaq, sülh və sabitlik yolunu tutarsa, Azərbaycanla normal münasibətlər qurula bilər. Əfqanıstan özünü terror dövləti kimi aparacaqsa, əlbəttə ki, rəsmi Bakı da özünə yaraşan şəkildə və beynəlxalq hüquqa uyğun münasibət göstərəcək. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə vurğulayıb ki, hələlik rəsmi Bakının indiki Əfqanıstanla bağlı konkret mövqeyi açıqlanmayıb. Politoloqa görə, "Taliban" təsadüfən hakimiyyətə gəlməyib:

“Taliban" kimi bir qruplaşmanın qansız-qadasız ölkəni zəbt etməsinin arxasında ABŞ-ın maraqları dayanır. Yəni "Taliban" bundan sonra Ağ Evin siyasətini həyata keçirə bilər. Fikrimcə, əsas məqsəd "Taliban"dan Rusiya və İrana qarşı istifadə etməkdir. İran bu təhlükədən bir qədər uzaq qalacaq. Çünki "Taliban"ın özəyini təşkil edən puştunlar irandilli xalqdır. "Taliban"ın hər zaman İranla sıx əlaqələri olub və münasibətlər bu gün də qorunur. Pakistan da bu və ya digər formada "Taliban"a himayədarlıq edir. Türkiyə də öz növbəsində "Taliban" haqqında mənfi fikir söyləməyib. Azərbaycan Türkiyə və Pakistanın yanında olduğuna görə, qərarımızın nədən ibarət olacağı nisbətən bəllidir. Bütün hallarda nəzərə alaq ki, Əfqanıstan əhalisinin 33 faizi türk kökənlidir. Xüsusən, Nadir şahın vaxtı ilə Qarabağdan Kabilə köçürdüyü türklər var. Hətta indi də yaşadıqları yerin adı Qarabağ adlanır. 3 yüz il keçsə də, hələ öz dillərini itirməyiblər. Yəni Əfqanıstanla yaxınlığımız var. Düşünürəm ki, bu elementlər Kabillə münasibətlərin formalaşmasına təsir göstərəcək. Bir müsəlman dövləti kimi Əfqanıstanla münasibət saxlamalıyıq. Hər şey "Taliban"ın özünü necə aparacağından asılı olacaq. Tələsmək lazım deyil. Azərbaycanın öz ərazisində həll olunmamış problemlər var”.