"Rusiya Qarabağda "sülhməramlıları" üçün mandat axtarışındadır" - ŞƏRH

"Azərbaycan tərəfi həm Ermənistana, həm də ona dəstək olan mərkəzlərə və dövlətlərə xəbərdarlıq edib".

Bunu "Sherg.az"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib. 

Analitik bildirib ki, qarşı tərəfin Azərbaycanın mesajını ciddi qəbul etmək niyyəti və istəyi yoxdur: 

"Ona görə də mütəmadi şəkildə regionda gərginliyin yaranmasına çalışırlar.
Azərbaycan 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyannamənin şərtlərinə əməl edilməsini tələb edir. Qarşı tərəf isə faktiki olaraq imzaladığı şərtləri icra etmək istəmir. Heç vasitəçi də şərtlərə əməl olunmasında maraqlı görünmür. Görünən odur ki, yenə də əvvəlki vəziyyətə qayıtmağa çalışırlar, amma bu dəfə başqa ampluada. Hər kəsin öz dərdi var. Rusiya Qarabağda özünün "sülhməramlıları" üçün mandat axtarışındadır.  Kremldə yaxşı başa düşürlər ki, "mandat"sız uzun müddət regionda qalmaq qeyri-mümkündür. Ona görə də guya bitərəf mövqe tutmağa çalışır. Ermənistan isə hər zamankı kimidir. Yəni bu gün Rusiya ona dəstək verirsə, münasibətləri davam etdirəcək. Sabah Qərb yaxşıdırsa, onun ətəyini və ayaqlarını öpəcək. Onların nöqteyi-nəzərindən dəyişən heçnə yoxdur".

Ekspert bəyan edib ki, regionda dəyişən əsas məsələ Azərbaycanın üzərinə düşür: 

"44 gündə 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında qalmış ərazilərini ordusunun gücü ilə azad etdi. Regionda güc balansını dəyişdi. Türkiyə vasitəsi ilə Rusiyanın dominantlığı azaldıldı. Ölkə həm hərbi, həm də siyasi baxımdan dünyada nüfuzunu daha da artırdı və s. Hər halda Ermənistanda davam edən daxili hökumət böhranı da onu göstərir ki, Azərbaycanın atdığı addımları regionun həm hazırkı vəziyyəti, həm də gələcəyi baxımından vacib əhəmiyyətə malikdir. İndi növbə Ermənistandadır. Ya imzalanmış 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamənin şərtlərinə əməl edəcək, ya da tamamilə təcrid vəziyyətinə düşəcək. Hər vəziyyətdə itirən Azərbaycan deyil, Ermənistan və ona dəstək verən qüvvələr və dövlətlərdir. Azərbaycan anti-terror əməliyyatlarına başlasa, regionda ciddi qarşıdurma yarana bilər ki, bu da  heçkim üçün fayda gətirməyəcək. Ona görə də Ermənistan şərtlərə əməl etməlidir".