Kulturoloqdan kəskin mövqe:“Əhalinin çoxalmasının qarşısı alınmalıdır”

“İndi Azərbaycanda uşaq pulu istəyirlər. Fikirləşmirlər ki, verilməyib əhali belə artır”

“Əgər uşaq pulu ödənilsə, necə olacaq?”

“Afrika  və şərq ölkələrində əhalinin sürətlə artımı var və acından ölürlər”

“Əhalinin sayını artırmayın, təbii resurslarınızı məhv etməyin.  Sonra da xahiş etməyin ki, qanuni və eyri-qanuni doğulan uşaqlarınızı dolandırsınlar”


“Dünyanın aparıcı düşüncəli adamlarını ən çox narahat edən məsələ planetdə ümumi hərarətin qalxması və onun fəsadlarıdır. Bununla bağlı  Feysbukda öz fikirlərimi bölüşdüm.  Ola bilər ki, mübahisəli olsun, birmənalı qarşılanmasın. Amma dünyanın beyin mərkəzlərinin hesabatlarına əsasən, onlardan  müəyyən mülahizələri analiz edərək səsləndirilən fikirlərdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, kitabxana.net, yenimedia.net portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq  Aydın Xan Əbilov  söyləyib. O, son zamanlar meşə yanğınlarının, zəlzələ kimi fəlakətlərin baş verdiyini deyib:

“Bir çoxu təbiət hadisəsi kimi qəbul edilsə də, tektogenik qəzalar və insan  əməli nəticəsində baş verənlər də olur. Sözügedən fikirlərdə müxtəlif obyektiv və subyektiv səbəblərdən planetimizin boğulması əsas götürülür. Həmçinin insan sayının azaldılması təklif edilib.  Bu da bir çox savadsız, analtik təfəkkürü olmayan, iki kəlmə danışa bilməyən, ömründə bir kitab oxumayan  şəxslərin etirazına səbəb  ola bilər. Lakin bunu yalnız mən demirəm. Amerika  Birləşmiş Ştatları başda olmaqla ən böyük ölkələrin düşüncə adamları, planetdə  qlobal istiləşməyə və böhrana  qarşı yaradılmış şəbəkənin nümayəndələri, beyin mərkəzlərinin liderləri, tanınmış ekspertlər deyirlər. 

Hesab edilir ki, planetdə  uzağı bir milyard civarında insanın yaşaması üçün şərait var. Əks halda Yer kürəsi yaxın gələcəkdə öz-özünü məhv edəcək, Mars və Venera kimi səhralığa çevriləcək.

Biz 16 yaşlı qızların ərə verilməsini müzakirə edirik. Dünyanın hər yerində qloballaşma və onun  zərərli tərəfləri, sənayeləşmə, insan əməllərinin  planetin məhvinə aparma nəticələri haqda düşünülür, kosmosa raketlər göndərilir.

Bizdə hələ dar düşüncəli insanların fikirləri ilə razılaşırlar, beyin düşüncə adamlarının sözlərinə önəm vermirlər. Kür, kanallar və çaylar quruyub. Şirin su ilə əlaqəli problemlər  yaşayırıq, meşə yanğınları baş verir.

Eyni zamanda  total səhralaşma gedir. Bunun  qarşısını yalnız dünyanın  düşüncə adamlarını birləşdirib, bir çox qadağalar qoymaqla, Paris  İqlim Konvesiyasına  qoşulub, onun bütün bəndlərini yerinə yetirməklə almaq olar. 

Həmçinin əhalinin çoxalmasının qarşısı alınmalıdır. İndi Azərbaycanda uşaq pulu istəyirlər. Fikirləşmirlər ki, verilməyib əhali belə artır.

Əgər uşaq pulu ödənilsə, necə olacaq? Afrika  və şərq ölkələrində əhalinin sürətlə artımı var və acından ölürlər. Onlar inkişaf etmiş ölkələrə yalvarırlar ki, yemək verin. Əhalinin sayını artırmayın, təbii resurslarınızı məhv etməyin.  Sonra da xahiş etməyin ki, qanuni və eyri-qanuni doğulan uşaqlarınızı dolandırsınlar.

Ona görə, biz sərt mövqe ortaya qoymuşuq. Bu dünyanın aparıcı beyin mərkəzlərinin və  düşüncə adamlarının mövqeyidir. Mən də onları dəstəkləyirəm”.