Paşinyan Türkiyəyə yaxınlaşmaq istəyir, amma...

Məhəmməd Əsədullazadə: "Rusiya Paşinyanı devirməklə Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlamasının qarşısını almağa çalışır"


Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədən regional sülh kontekstində müsbət siqnallar aldığını və ölkəsinin Ankaraya adekvat cavab vermək niyyətində olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Ermənistanla münasibətlərin normallaşdırılması mövzusuna toxunaraq “bölgənin konstruktiv yanaşmaya ehtiyacı olduğunu” vurğulayıb. Türkiyə lideri bəyan edib ki, yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır: “Birtərəfli ittihamlar yerinə gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik”. Ərdoğan qeyd edib ki, hazırda sülhü və sabitliyi daimi etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq: “Üçtərəfli bəyannamədə razılaşdırıldığı kimi bütün bölgəni birləşdirməklə Cənubi Qafqazı dəyişdirən yeni imkanlar formalaşacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. 5 və ya 6 platforma tövsiyəmiz var.

Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir. Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik. Platforma bu şəkildə qəbul olunsaydı, düşünürəm ki, bölgə daha rahat olardı. Çünki bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinə ehtiyac var. Belə bir addım atmaqla bölgədəki problemləri aradan qaldıracağıq. Bunları cənab Putinlə müzakirə edərkən razılaşdıq. Eyni şəkildə İlham Əliyevlə razılaşdıq. Bu arada İranda prezident dəyişikliyi oldu. Bu barədə İranın yeni prezidenti ilə də danışa bilərik”. Xatırladaq ki, Ermənistan hökumətinin qarşıdakı 5 il üçün proqramında Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün səy göstərməyə hazır olduğuna dair bir bənd var. 

Cənubi Qafqaz Sülh və Münaqişə Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Rusiyanın bütün təzyiqlərinə rəğmən, Ankara ilə münasibətləri normallaşdırmaq istiqamətində səy göstərir. Ekspert vurğulayıb ki, Paşinyanın niyyətini anlayan Moskva buna mane olmaq üçün regionda gərginlik yaradacaq addımlar atır:

“Rusiya Ermənistanı silahlandırmaqla bu ölkəni yenidən Azərbaycanla müharibəyə hazırlaşdırır. Məqsəd Paşinyanı təsir altında saxlamaq və Ermənistanda növbəti dəfə rusmeyilli qüvvələr hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla savaşa təşviq etməkdir. Ötən həftə Rusiya Müdafiə Nazirliyinin beş yüksək rütbəli zabiti Ermənistanda ordu quruculuğu istiqamətində təlimatlar və proqram hazırlamaq üçün səfərdə olub. İndiki məqamda Kremlin öz istəklərinə nail olacağı mümkün görünmür. Çünki Paşinyan öz hakimiyyətini gücləndirmək istiqamətində ciddi addımlar atır. Rusiyanın təzyiqlərinə baxmayaraq, Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasında maraqlı tərəf kimi çıxış edir və açıqlamalar verir. Baş nazir yaxşı bilir ki, Rusiya Ermənistan ordusunu gücləndirərsə, ona qarşı növbəti dəfə hərbi çevriliş ola bilər. Nəticədə hakimiyyətdən devrilər. Rusiya Paşinyanı devirməklə Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlamasının qarşısını almağa çalışır. Azərbaycan və Türkiyə tandemi isə Rusiyanın bu siyasətinin qarşısını alır”. 

Analitikin sözlərinə görə, Türkiyə və Ermənistan diplomatları Avropada bir araya gələrək sərhədlərin açılmasını müzakirə ediblər:

“Türkiyə-Ermənistan əlaqələrini bərpa edən Sürix protokolu da görüşlərdə müzakirə olunub. Azərbaycanın da bu görüşə razılıq verdiyi deyilir. Xatırladım ki, ötən ay bir neçə erməni diplomatı Ankaraya səfər edərək Türkiyə Xarici İşlər Nazirliyində müzakirələr aparıblar. Əgər Ermənistan-Türkiyə əlaqələri bərpa edilərsə və sərhədlər açılarsa, Rusiyanın bu ölkədə mövqeyi zəifləyəcək. Azərbaycan və Türkiyənin Ermənistanla yaxınlaşma cəhdlərindən ciddi narahat olan Moskva mövcud situasiyanı mürəkkəbləşdirməyə çalışır”.