Alqışa layiq hadisə, davamı gəlsin!

Xaricdə yaşayan 300-dən çox azərbaycanlı ana dili dərslərinə başlayıb

Nabatəli Qulamoğlu: “Gec də olsa, belə bir təşəbbüsün icrasının əhəmiyyətli nəticələr verəcəyinə inanıram”

Seymur Verdizadə: “Xaricdə yaşayan minlərlə soydaşımızın yaxın gələcəkdə bu layihəyə qoşulacağına inanıram”

Yeni tədris ilindən “Ana dili - Azərbaycan məktəbi” layihəsi məsafədən dərslərə start verib. Bu günədək 29 fərqli ölkədən 600-ə yaxın soydaşımız layihədə iştirak üçün müraciət edib. Müraciətlərin təhlili aparıldıqdan sonra ümumilikdə 35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb. Qruplar layihə iştirakçılarının yaş, dilbilmə səviyyəsi və saat qurşaqlarını nəzərə almaqla təşkil olunub. Layihənin tədris proqramı ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. Dərslər həftədə iki dəfə olmaqla “MicrosoftTeams” platforması üzərindən təşkil edilir. Proqram iki rüb olmaqla 2023-2024-cü tədris ilini əhatə edəcək. Vaxt və yaş kateqoriyası baxımından dərslərdə iştirak edə bilməyən şəxslər üçün yaxın vaxtlarda layihənin sosial media hesablarında və onlayn öyrənmə platformasına videodərslər yerləşdiriləcək. Qeyd edək ki, “Ana dili - Azərbaycan məktəbi” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün ana dilini məsafədən öyrənməni təmin edən pilot layihədir.

  Layihənin məqsədi xaricdə doğulan azərbaycanlı uşaqlara ana dilini, milli kimliyi öyrətmək, milli şüurlu insan kapitalı formalaşdırmaq, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın ən dəyərli mənəvi sərvətimiz olan ana dilimizi öyrənməsini təmin etməkdir. İştirakçılar ana dilində yazmağı, oxumağı, danışmağı öyrənməklə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında da məlumat əldə edə biləcəklər.
  Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq” ə açıqlamasında deyib ki, xaricdə yaşayan azərbaycanlılar üçün ana dilini məsafədən öyrənmə imkanının yaradılması alqışa layiq bir hadisədir: “Gec də olsa, belə bir təşəbbüsün icrasının əhəmiyyətli nəticələr verəcəyinə inanıram. Xaricdə yaşayan gənclər, uşaqlar həm dilimizi öyrənəcək, həm də tariximizi, ədəbiyyatımızı öyrənəcəklər. Bu isə onlarda vətənə məhəbbət yaradacaq. Fikrimcə, xaricdə yaşayan azərbaycanlıların təhsil məsələsi istiqamətində işlər getdikcə daha da genişləndirilməli və dilimizin tədrisi ilə bağlı layihələrin fəaliyyəti şaxələndirilməldir. Müxtəlif ölkələrdə Azərbaycan dili mərkəzlərinin yaradılması və orada dilimizi bilən peşəkarların dərs deməsi də ümumi işin xeyrinə olar. Düzdür, bəzən deyirlər ki, dilin tədrisi ikinci mərhələdir. İlk növbədə, hər bir ailə öz uşaqları ilə ana dilində danışmalıdır. Əvvəla, hər bir valideyn öz dilini mükəmməl bilməlidir ki, onu övladına öyrətsin. Həm də təhsil, tərbiyə də sacayağı üzərində qurulur. Həmin sacayağının da bir ayağı məktəb, biri ailə, üçüncü ayaq isə cəmiyyətdir. İndi təsəvvür edin ki, xaricdə yaşayan uşaqlar məktəbdə dilimizdə təhsil almır. Cəmiyyətdə isə xarici dildə ünsiyyətdə olur. Ona görə də ana dilini uşaqlara öyrətmək üçün valideynin bu dildə danışması kifayət etmir. Odur ki, indiki zamanda xaricdə yaşayan azərbaycanlılara ana dilini onlayn öyrətməyi prioritet məsələ hesab edirəm və təşəbbüskarları alqışlayıram”.
  
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə isə “Sherg.az”a deyib, ana dilini bilmək, doğma dildə səlis danışmaq, düzgün yazmaq hər bir azərbaycanlının borcudur:
“Doğma dildə mükəmməl danışmaq və yazmaq bəzən hamıya nəsib olmur. Bunun isə obyektiv və subyektiv səbəbləri var. Bəzən insanların düşdüyü mühit onların ana dilini yaxşı öyrənməsinə imkan vermir. Bu problem daha çox xaricdə yaşayan soydaşlarımız üçün xarakterikdir. Bu baxımdan onları “Ana dili - Azərbaycan məktəbi” layihəsinə cəlb etmək müsbət təşəbbüsdür. Ümid edirəm ki, layihənin davamlılığı təmin olunacaq, xaricdə yaşayan soydaşlarımızın, onların azyaşlı övladlarının doğma dilimizi yaxşı öyrənməsinə, incəlikləri əxz etməsinə xüsusi önəm veriləcək. Dil mədəniyyətdir. Xaricdə yaşayan soydaşlarımızın ana dilini bilməsi tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliğini stimullaşdıracaq.
  
Bu günədək 29 fərqli ölkədən 600-ə yaxın soydaşımızın layihədə iştirakı üçün müraciət etməsi sevindirici haldır. Bu fakt insanın köksünü qabardır. Əminəm ki, layihənin təbliği statistikada müsbət dəyişikliyə səbəb olacaq. Xaricdə yaşayan minlərlə soydaşımızın yaxın gələcəkdə bu layihəyə qoşulacağına inanıram. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın "Azərbaycan" sözünü Vaqifin, Səməd Vurğunun şirin dilində dilində aydın, səlis tələffüz etməsinə ehtiyac var”.