İran Gürcüstandakı soydaşlarımızı bizdən qoparmaq üzrədir

Mübariz Qurbanlı mübarizəyə başladı

Bir an öncə bu təhlükənin qarşısı dərhal alınmalıdır

“Qardaş Türkiyə də bununla bağlı işlər görməlidir. Bir millət, eyni dini inanca sahib xalq arasında dini, məzhəbi sərhəd çəkilməsinə yol vermək olmaz”


  "Gürcüstanda Azərbaycan İlahiyyat İnstitutuna aid mədrəsənin açılmağı məqsədəuyğun olardı. Çünki ən vacib məsələlərdən biri kadr məsələsidir".
  
Bu fikirləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQDK) sədri Mübariz Qurbanlı bildirib.
  
Onun sözlərinə görə, məsciddə çalışan imamın hansı yerdə təhsil alması çox vacibdir: "Azərbaycan dünyəvi dövlətdir və Azərbaycan İlahiyyat İnstitutunun hazırladığı kadrlar dünyəvi xarakterli prinsipləri mənimsəmiş kadrlardır. Onlar hər hansı bir məzhəbin üstünlüyünü öz xütbə və moizələrində təşviq etmirlər".
 
 Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunda hazırlanan kadrların gələcəkdə Gürcüstanda fəaliyyət göstərmə sisoydaşlarımız arasında radikal, ekstremist, eyni zamanda məzhəbçi təbliğatın qarşısının alınmasına xidmət edəcək.
  
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.
  
İlahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin Gürcüstan səfərinin kifayət qədər əhəmiyyətli və çox vacib hadisə olduğunu deyib. T.İrfan qeyd edib ki, Gürcüstan müsəlmanları bizim soydaşlarımızdır. Dini məsələdə də nəzərimizin onların üstündə olması çox önəmlidir:

 “Uzun illərdir İran ekstremist dini cərəyanları, agentura şəbəkəsini heç şübhəsiz ki, qonşu və dost Gürcüstanda da formalaşdırıb. Hədəf isə Türk dövlətləri və Azərbaycandır. Sünni-şiə mövzusunu qızışdıraraq İranın əxz etdiyi siyasi şiəliyi, daha doğrusu, şiəlik adı altında Sasani təmayüllü fars şüubiyyə ideoloji xəttini inkişaf etdirib. Biz bunun təsirini ölkəmizdə də hiss edirik. Azərbaycanda münbit şərait tapa bilməyən bu şəbəkələr Gürcüstan vasitəsilə ölkəmizə təsir edirlər. Gürcüstan əsilli soydaşlarımızın İran təsirinə düşməsi halları həddən artıq çoxdur. Hesab edirəm ki, türkü türkdən ayıran, müsəlmanı müsəlmana düşmən edən, erməniyə qahmar çıxan İran siyasətinə xidmət edən siyasiləşmiş təbliğatın Gürcüstanda qarşısının alınması üçün bizim də töhfə verməyimiz zəruridir. Gürcüstandakı soydaşlarımızın ənənəvi islam dəyərlərini əxz etməsi üçün, düzgün dini təhsil alması üçün Azərbaycan İlahiyyat İnstitutunun nəzdində olan mədrəsələrdə təhsil alması lazımdır. İranın Gürcüstanda bir heçə mədrəsə adı altında fəaliyyət göstərən təxribat yuvası var. Ancaq nə Türkiyənin, nə də bizim var. Bu məsələ ətrafında danışıqlar aparılıb mədrəsələr açılmalıdır. Çünki yad təxribatçı təbliğat Gürcüstanın özünə də ziyanlıdır. Ümumiyyətlə, İranın bu regionda məzhəb nifaqı siyasəti aparması Qafqaz üçün təhlükədir". 
  
İlahiyyatçının sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin bu faydalı təşəbbüsü yönündə daha dərin işlər aparılmalıdır. Demək olar ki, dini, ideoloji cəhətdən İran oradakı soydaşlarımızı bizdən qoparmaq üzrədir. Bunu qarşısı dərhal alınmalıdır. Hətta düşünürəm ki, qardaş Türkiyə də bununla bağlı işlər görməlidir. Bir millət, eyni dini inanca sahib xalq arasında dini, məzhəbi sərhəd çəkilməsinə yol vermək olmaz.
  
İlahiyyat İnstitutunda Gürcüstandan olan şəxslər üçün də şərait yaradılmalıdır ki, təhsili Qumda yox, Azərbaycanda alsınlar. Bununla bərabər Gürcüstan rəsmiləri ilə danışıb orada dini kolleclər, mədrəsələr açmaq lazımdır. Çünki təkcə İlahiyyat İnstitutunda beş-on nəfərə təhsil verməklə kifayətlənmək olmaz. Həmçinin bu cür səfərlər, konfranslar mütəmadi şəkil almalıdır. Ona görə ki, uzaqlıq olanda, boşluq olanda o boşluğu İran, yaxud vəhhabilər doldura bilər. Azərbaycan ilahiyyatçılarının Gürcüstan din xadimləri ilə görüşünü təşkil etməyi tövsiyə və təklif edərdim. Ona görə ki, İrandan daima Gürcüstana başısarıqlı mollalar təşrif buyurur ki, yastı - yastı danışaraq soydaşlarımızda elə təəssürat yaradılar ki, guya, islamın göbəyi, mənşəyi yalnız və yalnız İrandır. Ona görə buna qarşılıq Azərbaycan din xadimləri, ilahiyyatçıları da ora aparılmalı, ən azı tanışlıq, dostluq, yaxınlıq münasibətləri qurulmalı, elmi, dini müzakirələr, seminarlar təşkil olunmalıdır”.