Düşmən snayperi: Atəş səsləri nə vaxt kəsiləcək?

Düşmən snayper yenə əsgərimizi hədəf alır


  Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
  Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində Kəlbəcərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Orucov Qusar rayonunun Suvacal kəndində doğulub. 15 fevral 2005-ci il təvəllüdlü əsgər Vüsal Orucov hərbi xidmətə bu il aprel ayının 11-də yollanıbmış. Şəhid əsgər Qusar rayonunun Suvacal kəndində dəfn edilib.
  Qeyd edək ki, 19-20 sentyabr antiterror tədbirlərindən sonra Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü növbəti dəfə öz gücü və imkanları hesabına təmin olunub. Qarabağda separatçılıq edən erməni hərbi birləşmələri silah-sursatı, hərbi texnikanı təhvil verməyə başlayıb. Yeni yaranmış vəziyyətdən sonra etnik ermənilər Qarabağı tərk etməyə başlayıb. Sentyabrın 28-də “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını bəyan etdi. Bütün bu proseslər fonunda cəmiyyətdə Azərbaycanla Ermənistanın şərti sərhədində də sakitçilik olacağı, Qarabağda məğlub olan Ermənistanın öz qınına çəkiləcəyi gözləntisi vardı. Lakin snayper atəşinə qurban gedən Vüsal Orucovun şəhadəti ictimaiyyətdə müəyyən narahatlığa səbəb oldu. Görünən odur ki, Qarabağdakı erməni separatçılarının torpaqlarımızdan birdəfəlik rədd olması erməni ordusunu daha da azğınlaşdırıb.
  Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov da “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Ordusunun təxribatları hələ uzun müddət davam edəcək. Ermənistan Silahlı Qüvvələrinin tərkibində olan qruplaşmalar Azərbaycan Ordusunun şəxsi heyətinə ziyan vurmaq üçün əllərindən gələn hər yola əl atırlar:

“Ermənistanla Azərbaycanın şərti sərhədindən gələn atəş səsləri hələ uzun illər kəsilməyəcək. Ordumuzun şəxsi heyəti, xüsusən də komandirlərimiz son dərəcə diqqətli və ehtiyatlı olmalıdır. Hər an baş verə biləcək erməni təxribatına hazır olmalı, əsgər və zabitlərimizin həyatını qorumaq üçün bütün lazımi müdafiə tədbirləri görülməlidir. Əks halda yenə də şərti sərhəddə pozulan atəşkəs nəticəsində itkilərimiz olacaq. Unutmayaq ki, Azərbaycan Ordusu 2020-2022 və 2023-cü ildə düşmən ordusuna sarsıdıcı zərbə vurub. Revanşist ermənilər var olduğu müddətdə fürsət tapdıqca ordumuza atəş açıb hərbiçilərimizi öldürmək istəyəcəklər. Yeganə yolumuz açıq sərhəd zonalarında müdafiə üçün süni maneələr yaratmaqdır ki, düşmən snayperi əsgərimizi hədəf ala bilməsin. Təhlükəsizlik tədbirlərinin görülməsi mümkünsüz olan ərazilərdə xidmət edən komandirlərimiz özləri mümkün olan təhlükəsizlik tədbirlərindən istifadə etməlidir”.
  Ü.Cəfərovun sözlərinə görə, Ermənistan ordusunun bu kimi təxribatının arxasında bölgədə marağı olan xarici qüvvələr dayanıb: “Azərbaycan öz ərazisindəki separatçıları silahsızlaşdırıb qondarma respublikanın özünü buraxmasına nail olmaqla bölgədə separatizmi dəstəkləyən şimal qonşumuzun planlarını pozdu. Hazırda gürcülər də öz ərazilərindəki separatizmin ləğvinə cəhd edirlər. Moldovanlar da bu haqda ciddi düşünür. Bütün bu proseslərin qarşısını almaq üçün də Rusiya bölgədəki münaqişə ocağını alovlandırmaq üçün Ermənistanı bu kimi təxribatlara sövq edəcək”.