Hökm dəyişdirilə bilər

Tezliklə Fərid Səfərlinin Azərbaycana təhvil verilməsinin şahidi olacağıq

  İran-Azərbaycan münasibətlərində “yumşalma” müşahidə olunur.
  Daha doğrusu, Azərbaycan Ordusunun Qarabağdakı antiterror tədbirləri İranın Azərbaycana qarşı siyasətinə təsir edib. Son vaxtlar anti-Azərbaycan çıxışları ilə qıcıq yaradan İran rəsmilərinin mövqeyində çox kəskin dəyişiklik hiss olunur.
İranın kəskin münasibətindən geri çəkildiyini göstərən bir məqam da Tehrandakı səfirliyimizdə terror aktı törədən İran vətəndaşının edam olunması ilə bağlı qərarıdır. Hansı ki, məhz həmin terror aktından sonra Azərbaycanla İran arasında soyuq münasibət yaranmış və bu münasibət son bir ayaqədər davam etmişdir. Nəhayət, İranın siyasi rəhbərliyi terrorçu, Yasin Hüseynzadənin
törətdiyi əməli ilə bağlı istintaqın ciddi nəzarət altında olduğunu etiraf edib.
  Qeyd edək ki, həmin terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.
  İranla Azərbaycan arasındakı gərginliyə səbəb olan digər hadisə isə azərbaycanlı tələbə Fərid Səfərlinin haqsız yerə İranda məhkum həyatı yaşamasıdır.
  İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova Trend-ə açıqlamasında deyib ki, Fəridin vəziyyəti yaxşıdır.
İki gün əvvəl Fəridlə danışdığını xatırladan D.Əsgərova deyib ki, səhhətində bir problem yoxdur. Lakin onun əfv olunacağına dair bir ümidi də yoxdur. Deyir, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib".
  D.Əsgərova əlavə edib ki, hələ Apellyasiya Məhkəməsi keçirilməyib: "Yaxın həftələrdə Apellyasiya Məhkəməsinin nə vaxt keçiriləcəyi barədə məlumat olacaq”.
  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, tezliklə Fərid Səfərlinin Azərbaycana təhvil verilməsinin şahidi olacağıq: “Fərid Səfərli İranda sadəcə qanunsuz həbs edilərək girov kimi saxlanılıb. Azərbaycanın həm diplomatik xətlə, həm hüquq mühafizə orqanları, Baş Prokurorluq xətti ilə İranla apardığı danışıqlar nəticəsində Fəridə verilmiş ittiham yüngülləşdirildi. O azacıq bir cəza ilə cəzalandırıldı. Amma yenə də mən belə hesab edirəm ki, onu bizdə həbsdə olan İran vətəndaşları ilə dəyişdirilmək təklifi olacaq. Daha da pis ola bilərdi. Amma tam səmimiyyətimlə deyirəm ki, bizim hüquq-mühafizə orqanlarının öz vətəndaşının hüququna laqeyd qalmamasının təsiri nəticəsində İran yumşaldıcı ittihamla çıxış etdi.
  İranın Baş Prokuroru ayın 14-də Azərbaycanda olarkən Mohammad Kazem Movahedinin Baş Prokuror Kamran Əliyevlə görüşü zamanı Fərid Səfərlinin məsələsi bir daha müzakirə predmeti oldu. Belə hesab edirəm ki, sonrakı addımda İranın baş prokuroru Azərbaycanın təkidlərini gördükdən sonra onun cəzasının daha da yüngülləşdirilməsi ilə bağlı növbəti məhkəmə mərhələsinə keçid edə bilər. Növbəti mərhələdə onun cəzası yatdığı cəza ilə əvəzlənərək Azərbaycana təhvil verilə bilər. Bütün hallarda Fərid Səfərli Azərbaycana geri qaytarılacaq. Azərbaycan vətəndaşının hüquqları sona qədər Azərbaycanın Baş Prokurorluğu xətti ilə dövlət səviyyəsində nəzarətdə saxlanacaq. Ümid edirəm ki, tezliklə Fərid Səfərlini Azərbaycana təhvil verilməsinin şahidi olacağıq".

  Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov da “Sherg.az”a açıqlamasında qeyd edib ki, baş verən proseslər fonunda Fəridlə bağlı İran məhkəməsinin hökmü dəyişdirilə bilər: “İranın baş prokuroru ötən həftə Azərbaycanın baş prokuroru ilə görüşdə iki ölkə arasındakı münasibətlər və prokurorluqlar arasındakı əməkdaşlıq məsələləri müzakirə olundu. Tehrandakı Azərbaycan səfirliyindəki terror aktı ilə bağlı da nəhayət ki İran tərəfi müsbət addım atıb, terrorçu edam cəzasına məhkum edilib. Görüşdə Fərid Səfərlinin azadlığa buraxılması məsələsinə də toxunulub. İran tərəfi deyib ki, Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxılacağına və humanizm prinsiplərindən çıxış edərək prokurorluq öz mövqeyini ortaya qoyacaq.
  Bilirsiniz ki, İran qanunvericiliyində xarici vəkillərin İran məhkəməsində müttəhimi müdafiə eləməsi mexanizmi mövcud deyil. Bu baxımdan Azərbaycan tərəfi Fəridin müdafiəsi ilə bağlı xeyli çətinlik çəkdi. Lakin İranla Azərbaycan arasındakı soyuq münasibətlərdə yumşalmanın olması fonunda Fəridlə bağlı siyasi qərarın veriləcəyini güman edirəm. Ən azından onun şərti cəza ilə azadlığa buraxılması və ya Azərbaycana ekstradisiya edilməsi mümkündür.
Çünki İran Azərbaycanla münasibətləri normallaşdırmağa, Tehrandakı səfirliyimizin fəaliyyətinin yenidən bərpasına can atır. Ona görə də maksimum şəkildə Azərbaycan hökumətinin tələblərini yerinə yetirməyə çalışır”.