Ermənilər reinteqrasiya ilə bağlı açdığımız saytı bloklayıb

Əsas məqsəd reinteqrasiya prosesinə mane olmaq, vaxtı uzatmaqdır


Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalı istifadəyə verilib. Portaldan Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə yanaşı Ermənistan ərazisinə gedən erməni sakinlərinin də istifadəsinə şərait yaradılıb.
  
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib ki, Ermənistanın bir sıra provayderləri Azərbaycanın dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar.
 
 Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan müşahidələr nəticəsində bəlli olub ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistanın provayderləri tərəfindən bağlanıb.
  Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunub.
  Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur.
  Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir.

Ermənistan hakimiyyətinin planlarını “Sherg.az”a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, əsas səbəb gedən proseslərin Ermənistana sərf etməməsidir: 

“İrəvan hakimiyyətinin saytı bloklamaqda bir sıra məqsədi var. Əsas səbəb reinteqrasiya prosesinin vaxtını uzatmaqdır. Son yaşanan hadisələr onların planlarının baş tutmamasına gətirib çıxarır. Belə ki, onlar  erməni köçü yaranacağını və bunun reinteqrasiya prosesinə problem yaradacağını düşünürdülər. Hakimiyyətin bacarıqsızlığından və mənfi güzərandan yaxa qurtararaq Azərbayacan vətəndaşlığı almaq istəyənlərin çoxluq təşkil etməsi bu planın pozulmasına səbəb oldu. Erməni əhali artıq Azərbaycan  vətəndaşlığı üçün bu sayt vasitəsilə rəsmi olaraq müraciətlər edirlər. Bundan sonra Ermənistan köç edən erməni sayının 100 mindən çox olduğu yalanına əl atdı. Bununla onlar xarici qüvvələrdən humanitar yardım adı altında pul toplamağa çalışırlar. Amma yaxın zamanda Azərbaycan tərəfin düzgün rəqəmləri açıqlayacağını bilirlər. Çünki sözügedən proses təktərəfli baş tutmur. Azərbaycan tərəfi də öz ərazisini tərk edən erməni əhalisini qeydiyyata alır. Nəticə etibarilə Azərbaycan bu rəqəmi açıqladıqda bütün dünya bu rəqəmin 3-4 dəfə şişirdilərək göstərildiyinin şahidi olacaq. Paşinyan hakimiyyətini narahat edən digər bir məqam isə Qarabağdan köç edən erməni əhalisinin bu sayt vasitəsilə yenidən  Azərbaycan vətəndaşlığı üçün müraciət etməsidir”.