“218 illik işğala son qoyduq”

Nəsiman Yaqublu: “Xankəndinin azadlığı bir söz, bir cümlə ilə ifadə ediləcək hadisə deyil”

“Mütləq 15 oktyabr Azərbaycan Günü elan edilməli, həmin tarix dərsliklərimizdə qeyd olunmalıdır”
 
Millət vəkili Kamal Cəfərov Milli Məclisin dünən keçirilən iclasında 15 oktyabrın Azərbaycan Günü elan edilməsini təklif edib. 18 Oktyabrda  Azərbaycan müstəqilliyinin bərpasının 33-cü ilini xatırladan  deputat deyib ki, 33 il mühüm yaşdır və böyük gələcəyin başlanğıcıdır: “Məşhur Amerika sosioloqu Rendal Kollinsin irəli sürdüyü nəzəriyyə əsasən dövlətlərin inkişaf tarixi 100 illiklərlə deyil, 33 illə müqayisə olunmalıdır.

 Çünki tarixi araşdırmalar göstərib ki, hər 33 ildən bir nəsil dəyişimi, intellekt dəyişimi baş verir, 33 yaşında olan dövlət də hazırlıqdan yaradıcılığa başlayır. Məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Sərkərdə İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi. İkincisi, biz Cümhuriyyət qurucuları tərəfindən İrəvanın güzəştə gedildyini, AXC-Müsavat cütlüyü və ermənilərin xalqımızın başına gətirdiyi faciələri unutmamalıyıq. Fəxrlə deyə bilərik ki, azərbaycançılıq ideologiyası, Azərbaycanın əsl müstəqilliyi və Böyük Zəfərimizin siyasi, iqtisadi, hərbi və hüquqi təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycanı və xalqımızı uca və əzəmət sahibi edən İlham Əliyev olub. Xalq olaraq çıxarmalı olduğumuz ən mühüm nəticə ondan ibarətdir ki, Azərbaycanın rifahı həmişə Əliyev irsi ilə bağlı olub. Prezident İlham Əliyev Xankəndidə çıxışında qeyd etdi ki, Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, bu qələbə əbədi bizimlə olacaq. Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki, 15 Oktyabr Azərbaycan günü elan edilsin, bayram olsun. Biz də hər il övladlarımızla 15 Oktyabr – Azərbaycan Gününü Xankəndidə, Xocalıda, Xocavənddə, Şuşada, Azərbaycanın hər bir diyarında bayram günü kimi qeyd edək”.
  
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu da “Sherg.az”a açıqlamasında deyib ki, ərazi bütövlüyümüzün bərpa edilməsi məqsədilə həmin günün  əbədiləşdirilməsinə çox böyük ehtiyac var. Onun sözlərinə görə, həmin tarix  sadəcə Xankəndinin azad olunmasını yox, digər rayonlarımızın da düşməndən tamamilə təmizlənməsini özündə əks etdirir: 

“Düzdür, hər rayonun azad olunmasını ayrı-ayrılıqda bayram kimi qeyd edə bilərik, lakin ən yaxşısı bu günləri ümumiləşdirib simvolik bir tarixin müəyyənləşdirilməsidir. Və  həmin tarix dərsliklərimizdə qeyd olunmalıdır”.
  
N.Yaqublunun sözlərinə görə, Xankəndinin  separatçılardan təmizlənməsi adi bir şəhərin işğaldan azad olunması deyil: 

“1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xan Rusiya İmperiyası ilə Kürəkçay müqaviləsini imzalayandan sonra rus əsgərləri Qarabağa, xüsusən də, Xankəndiyə daxil oldular. Daha sonra isə ermənilərin də bu ərazilərə köçürülməsinə başlanıldı. Yəni Xankəndinin azad olunması ilə biz 30,100 yox, 218 illik işğala son qoymuş olduq. Bu, böyük bir tarixi hadisədir.  Ona görə də mütləq dövlət səviyyəsində qeyd edilməlidir. Amma elə olsun ki,  bu qələbə hər il 15 oktyabr tarixini ərazi bütövlüyümüzün bərpası günü kimi qeyd edib ötüb keçməyəcək. Bu tarix ildə bir dəfə xatırlanası bir gün olmamalıdır. Tarixi kitablara, orta məktəb dərsliklərinə salınıb tələbələrə, şagirdlərə bu günün  əhəmiyyəti aşılanmalıdır.  Bu hadisə eyni zamanda elmi araşdırma, tədqiqat mövzusu kimi gənc alimlərə tövsiyyə edilməlidir ki, tarixi yaddaşımızda özünə yer etsin”. 
  
1923-cü ildən Xankəndinin “Stepanakert” adlandırıldığını xatırladan N.Yabuqlu deyib ki, bu  “Stepan” adı isə 1918-ci ildəki 31 mart soyqırımının birbaşa təşkilatçısı  olan Stepan Şaumyanın adı ilə bağlıdır. Sovet dövründən cəmisi 1 ay əvvələ qədər  ermənilər  sanki bizdən qisas alırmış kimi Xankəndiyə  məhz  “Stepanakert” deyirdilər: “Bu faktın özü də bir növ mənəvi işğal faktoru idi. 
  
Hətta ermənilər Xankəndini hər zaman özlərininə ideoloji ocağı kimi biliblər.  Məhz bu şəhərdə azərbaycanlıların əleyhinə gizli ədəbiyyatlar çap edib yayır, gizli dərnəklər keçirirdilər.  1960-cı ildə isə Xankəndidəki məhkəmə binasına hücum edən ermənilər  2 günahsız azərbaycanlını yandırıb öldürmüşdülər.  Bütün bunları sadalamaqda məqsədim odur ki, Xankəndinin  Azərbaycan Ordusunun nəzarətinə keçməsi biz söz, bir cümlə ilə ifadə ediləcək bir hadisə deyil.  15 oktyabr tarixinə gəldikdə isə bu, “Azərbaycan günü” də ola bilər, “Azərbaycanın ərazi bütövlüyü”, “Azərbaycanın suverenliyi” və s. günləri kimi qeyd edilə bilər”.