Tiktoka girişə məhdudiyyət aradan götürülməlidir

Hansısa hüquqi əsaslar olmadan vəziyyətin belə qalması doğru bir yanaşma deyil

  
Azərbaycanda bir aya yaxındır ki, tiktok platformasına girişə məhdudiyyət qoyulub. Ölkə ərazisində vətəndaşlar bu sosial şəbəkədən istifadə edərkən məhdudiyyətlə üzləşirlər. Tiktokdan istifadə edə bilməyən istfadəçilər çıxış yolunu VPN-dən istifadə etməkdə görürlər.
  
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Sherg.az”a açıqlamasında deyib ki, antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatan idi. Lakin əməliyyat başa çatandan sonra ölkəmizdə tiktoka girişin bərpa edilməməsi düşündürücüdür: 
“Səlahiyyətli qurum olan RİNN buna aydınlıq gətirməlidir. Hansısa hüquqi əsaslar olmadan belə durumun qalması da doğru bir yanaşma deyil. Xüsusilə də, VPN-lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır. Fikrimcə, hökumətin bu resursdan uşaqların təhlükəsizliyini təmin etmək şərtilə  effektiv istifadə edilməsi, biznes və marketinq baxımından səmərəli istifadə edilməsi, Azərbaycandilli faydalı kontentin yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı. Tiktokun nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib, uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, Azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı. Baxıram ki, Qazaxıstanda təşkil olunan Cənubi Asiyanın ən böyük "Digital Bridge" texnologiya forumunda tiktokun rəhbərini də başda oturdublar. Xatırladıram ki, Qazax dilində elm, təhsil, oyun və əyləncə yönümlü faydalı videomaterialların yaradılması üçün, bu resursdan marketinq və biznes məqsədilə  istifadəni stimullaşdırmaq üçün tiktok  Qazaxıstana böyük vəsaitlər ayırır”.