Vətən müharibəsi dövründə bir nəfər də olsun fərarilik etməyib

Səbinə Əliyeva: "Bu da qadınlarımızın bir ana olaraq övladlarına necə təlim-tərbiyə verdiyini parlaq şəkildə təsdiq edir

Bakının "Gülüstan" sarayında Azərbaycan Qadınlarının VI Qurultayı  keçirilib. Ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə, eyni zamanda ilk Qadın Qurultayının 25 illiyinə həsr edilib.
  
Qeyd edək ki, müstəqil Azərbaycanın ilk qadınlar Qurultayı  1998-ci ildə, daha sonra isə ardıcıl olaraq 2003, 2008, 2013 və 2018-ci  baş tutub.
  
6-cı qurultay çərçivəsində çıxışçılar “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə müzakirə aparıb, təkliflərini diqqətə çatdırıblar. 
  
Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatıldığı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edib.
  
Prezident İlham Əliyev Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Daha sonra çıxış edən Ombudsman Səbinə Əliyevanın sözlərinə görə, Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edir.

O, eyni zamanda qeyd edib ki,  itkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadın olub: "Təəssüflər olsun ki, dəfələrlə müraciət olunmasına baxmayaraq, hələ də Ermənistan tərəfindən onların taleyi ilə bağlı heç bir məlumat verilməyib. Bu bir həqiqətdir ki, baş verən bütün silahli münaqişələr, müharibələr, təbii fəlakətlər zamanı ən böyük çətinlik məhz həssas təbəqələr kimi qadın və uşaqların üzərinə düşür".
 
 S.Əliyeva əlavə edib ki, Vətən müharibəsi dövründə Azərbaycan Ordusu sıralarından bir nəfər də olsun fərarilik etməyib: 

"Bu da qadınlarımızın bir ana olaraq onları necə yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi böyütdüyünü, təlim-tərbiyə verdiyini parlaq şəkildə təsdiq edir. Bundan əlavə, qadınlarımız Ordu quruculuğu prosesinə də öz töhfələrini verib və hətta tarixi Zəfərin əldə olunmasında xüsusi fədakarlıq nümunələri göstəriblər".
  
Ombudsman bildirib ki, insan hüquqlarını ali dəyər kimi qəbul etmiş bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da qadınların hüquq və azadlıqlarının təmini məsələlərinə, onların ölkənin inkişafındakı rolunun dəstəklənməsinə, gender bərabərliyinə nail olunmasına xüsusi diqqət yetirilir: "Hazırda qadın hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq müqavilələr ölkəmiz tərəfindən ratifikasiya edilib, bu sahədə geniş qanunvericilik bazası formalaşdırılıb, aidiyyəti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurulub".
  
“Bu gün Azərbaycanda həyata keçirilən gender siyasəti tarixi ənənələr və müasir dövrün tələbləri ilə uzlaşır. Hazırda müəyyən sahələrdə gender balansına nail olunması istiqamətində müsbət tendensiya mövcuddur”.
  Bunu isə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O qeyd edib ki, qadınlarımız dövlət idarəçiliyi və qanunverici orqanda, qərarqəbuletmə səviyyəsində təmsil olunur: “Diplomatiya aləmi yerli idarəetmə və iş dünyasında, mədəniyyət, elm, təhsil və səhiyyədə öz sözünü deyir. Bunu şərtləndirən önəmli səbəblərdən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam dövlət tərəfindən həyata keçirilən gender bərabərliyi, qadın inkişafına və iştirakçılığına yönəlmiş siyasətlə əlaqəlidir.
  
Bu gün ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva yüksək inam, böyük bacarıq və siyasi səriştə ilə vəzifəsini məsuliyyətlə daşıyır. Həmçinin Parlament diplomatiyası və qanunverici orqana rəhbərliyin qadına həvalə olunması, ümumiyyətlə, belə yüksək postlara qadınların təyin edilməsi onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricisidir.
Bu isə ölkənin ahəngdar inkişafına təsir göstərən amil kimi çıxış etməklə yanaşı, Azərbaycan xalqının beynəlxalq arenada yerini daha da mökəmləndirir”.
  
B.Muradova qeyd edib ki, bu gün Azərbaycan qadını hüdudlarımızdan kənarda da öz ölkəsini layiqincə təmsil edir, Avropa, Asiyanın parlament ittifaqlarından, beynəlxalq təşkilatların ən yüksək tribunalarından səsimizi bütün dünyaya çatdırır, beynəlxalq miqyasda nüfuzlu rəhbər vəzifələrə seçilir: “Son 20 ildə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir. İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırır. Bütün bunlar isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə tam uyğundur”.
  
B.Muradova həmçinin qeyd edib ki, dünyada sülhün inkişafına töhfə verənlər məhz qadınlardır: “İşğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin, xüsusilə qadınların işlə təminatı, sosial müdafiəsinin gücləndirilməsi dövlət tərəfindən nəzərə alınıb.
  
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva isə deyib ki, Azərbaycan qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığımıza töhfə verəcək.
  
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan nümayəndə Azərbaycanda bu istiqamətdə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb: “Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahların qarşısının alınması ilə bağlı QHT ilə də sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunmasi vacibdir”. Azərbaycan qadınlarının qərar qəbuletmə prosesində fəallığının artırılmasının önəmini qeyd edən BMT-nin rezident-əlaqələndiricisi onların öz hüquqlarının qorunmasnda qətiyyətli olduqlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə, gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir.
  
“Türkiyədə qadının güclənməsi, hüquqlarının qorunması, zorakılığın və istismarın aradan qaldırılması istiqamətində lazımi bütün hüquqi işlər həyata keçirilib”.
 
 Bunu isə  Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş deyib. O qeyd edib ki, Türkiyədə daha sağlam ailələr və təhsilli qadınlar üçün çalışmağa davam edirlər."Görülən işlər sayəsində 2023-cü ildə keçirilən millət vəkili seçkilərində qadınların sayı 19 faizə çatmışdı. Düzdür, bu rəqəm yetərli deyil və qadınların sayının artırılması istiqamətində çalışacağıq". M.Ö.Göktaş qeyd edib ki, qadına yönəlik şiddət başda olmaqla, onların bərabər hüquqlardan yaranması təkcə Türkiyənin deyil, dünyanın diqqətindədir: "Bu istiqamətdə Türkiyə son illərdə böyük yol qət edib. Azərbaycanla ailə, qadın və uşaq sahəsində işlərə böyük önəm veririk. İki ölkə arasında imzalanan protokollara uyğun olaraq seminarlar keçirdik və keçirməyə davam edəcəyik. Qadınların cəmiyyətdə daha güclü yer almaları, şiddətlərin önlənməsi üçün ciddi bağların saxlandığı Azərbaycanla çalışmağa davam edəcəyik".