Zərərçəkmişlərin ifadələri ciddi faktlara əsaslanır

Vaqif  Xaçaturyan üzr istəyib

Dünən qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edib.

Prosesin növbəti iclası bu gün  olacaq.
Şahidlər  bütün faktları onun üzünə dediyi halda Vaqif isə yalanlarına davam edərək etdiklərini boynuna almır. 
  
Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunan Vaqif  Xaçaturyan  məhkəmədə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyib.  O bildirib ki,  1991-ci ilin iyunun 5-i polis tərəfindən tutulub, bir ay Şuşada saxlanılıb: "Bu həbs mənə dərs olub, ondan sonra bu məsələlərdən əl çəkmişəm".
  
“Ermənilərin bizə verdiyi işgəncələri heç vaxt yadımdan çıxara bilmirəm”. Bunu isə V.Xaçaturyanın məhkəməsində 

Meşəli hadisələri zamanı zərərçəkmiş Qərib Cəbiyev deyib. O bildirib ki, hadisə baş verərkən 10 yaşı olub: "Səhər saat 7-də atam postdan qayıtdı. Həyətdə ocağı yandıranda kəndi atəşə tutdular. Atam bizi götürüb apardı Xəlil kişinin evinə. Bir də gördük Badara kəndinin bütün erməniləri bizə hücum etdi. Vaqif deyir ki, Badara kəndi soyqırımında iştirak etməyib. Badara ermənilərinin arvadları da hücum etdilər. Kişilər bizi atəşə tutdu, arvadları evlərimizi soydu, mal-qaranı yığıb apardılar. Biz qaçıb çıxdıq, atam qalıb döyüşdü. Anam ayağından yaralandı. Mən 10 yaşında o soyuqda ayaqyalın çıxmışam kənddən. Gələndən sonra uzun müddət müalicə aldım. Atam dedi ki, Vaqif, Qurgen və Armanis dəstəyə başçılıq edirdi. Dedi ki, kəndə atəş açanlara onlar rəhbərlik edirdi".
  
Zərərçəkmiş Ceyhun Salmanova isə qanunsuz erməni silahlı birləşmələri işgəncə verəndə 14 yaşı olub: "Səhər oyandım ki, atışma səsləri gəlir, kəndi mühasirəyə alıb atəşə tuturdular. 14 yaşım var idi. Ayağımdan vurub, məni şikəst etdilər. İndi isə burada utanmaq əvəzinə Vaqif Xaçaturyan özünə haqq qazandırmağa çalışır". Zərərçəkmişin halı pisləşdiyinə görə ifadəsini davam etdirə bilməyib.
 

“Vaqif də, qardaşı da Meşəli qətliamında iştirak edib”. Bunu isə zərərçəkmiş Alışov Elman deyib. E.Alışovun sözlərinə görə, həmin vaxt anasının 78 yaşı olub, kəndə hücum zamanı onu snayperlə vurublar.
  
"Vaqif Xaçaturyan hücumda birbaşa iştirak edirdi. Onu bir neçə dəfə gördüm, Novruz kişinin evini mühasirəyə alıb onu qətlə yetirdilər. Sadaili evinin qabağında balta ilə vuranda gördüm ", deyə o, əlavə edib.
Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Ötən proseslərində məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs və iş üzrə zərərçəkən şəxslər məhkəmədə dindirilib.
  
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə isə “Sherg.az”a açıqlamasında V.Xaçaturyanın məhkəmə prosesini bu cür dəyərləndirib: 

“Cinayətkarların çoxu törətdiyi əməlləri etiraf etmirlər.  Əslində istintaq, davam edən məhkəmə prosesləri, şahid ifadələri, ekspert rəyləri də  məhz bunun üçündür ki, cinayətkarın əməllərini sübut etsin. Vaqif Xaçaturyan əvvəlcə fərqli bir mövqe sərgilədi. Sonradan o, tutduğu  cinayətləri inkar etməyə, özünü məzlum kimi təqdim etməyə başladı. Lakin bu oyunlar onu heç də cinayət məsuliyyətindən azad etmir. Zərərçəkmişlərin, şahidlərin ifadələri kifayət qədər ciddi faktlara əsaslanır. Odur ki, Vaqif  Xaçaturyan ədalət məhkəməsindən heç bir halda yayına bilməyəcək”.
  
Ona hansı cəzanın veriləcəyinə gəldikdə isə Ç.Qənizadə deyib ki, bu məsələ qanunla tənzimlənir və məhkəmənin qərarı ilə müəyyən olunacaq: “Düzdür, zərərçəkmişlər onun edam olunmasını tələb edir. Lakin hakim şahidlərin istəyinə uyğun cəza təyin edə bilməz.  Həm də 2000-ci ildə Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklərdən biri də Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ilə bağlıdır. Yəni Azərbaycanda edam cəzası olmayıb, məsələ ölüm hökmünün verilməsindən gedir ki, indiki halda bu da real deyil.  Məhkəmənin Xaçaturyanla bağlı hansı qərarı verəcəyini əvvəlcədən bilmək olmaz, lakin şəxsi qənaətimcə, onun əməli adi bir cinayət hadisəsi deyil. Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif yüzlərlə  şəxsə qarşı törədilən bir  cinayətlə ittiham edilir. Ona görə də məhkəmə ona cəza təyin edərkən  Cinayət Məcəlləsinin sanksiya hissəsində nəzərdə tutulan cəzaların  ən yüksək həddini tətbiq etməyə borcludur və bu, belə də olacaq. Xaçaturyan azərbaycanlılara qarşı törətdiyi soyqırıma görə öz layiqli cəzasını alacaq”. 
  
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
  
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı - hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.