Kanadanın dərdi heç də erməni xalqının əmin-amanlığı deyil

Kanada xarici işlər naziri Melani Coli Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və hətta Bakını sanksiyalarla hədələyib.

Ermənistan-Azərbaycan sərhədinə gələn və erməni hərbçiləri ilə birgə Dərələyəzdən Azərbaycanın mövqelərini seyr edən M. Colinin Azərbaycanın ünvanına səsləndirdiyi təxribatçı açıqlamalar və sanksiya hədələləri ölkə ictimaiyyətində gülüş doğurub. Belə ki, 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın indi tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, Kanadanın dərdi heç də Ermənistan və ya erməni xalqının əmin-amanlığı deyil:
 
"Kanada daha çox Rusiyanın Güney Qafqaz bölgəsindən sıxışdırılıb çıxarılması üçün Avropa İttifaqı və Amerika Birləşmiş Ştatatları ilə birlikdə hərəkət edir. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir.
Bölgədə yaranmış durumdan istifadə edən adıkeçən qüvvələr də Ermənistan vasitəsiylə Güney Qafqazda yerləşmək istəyirlər. Aydın məsələdir ki, onlar bölgədə tərəfsiz qüvvə kimi yox, tərəf olmaq istəyirlər. Əslində Kanada da, Aİ-də, ABŞ də bölgədə tərəfsiz qüvvə, üçüncü tərəf olaraq yerləşmək istəsələr, Azərbaycan qəti şəkildə buna etiraz etməzdi. Lakin onlar bölgədə hökmranlıq etmək niyyəti güdürlər. Azərbaycan isə heç bir xarici qüvvəyə bizim bölgədə hegemonluq etməsi üçün şərait yaradacaq dövlət deyil. Ermənistan isə bu məsələdə özünü "xərcləyir". Yəni uzun müddət Rusiyanın güney Qafqazdakı forpostu kimi çıxış edən Ermənistan son zamanlarda ağasını dəyişmək yolu tutub. Ağa rolunda isə Avropa İttifaqı, Kanada, ABŞ və xüsusən də Fransa kimi dövlətlər çıxış edir. Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-nin bu missiya daxilinə öz “vassalı”nı yerləşdirmək əməliyyatıdır. ABŞ Aİ-nin missiyasına özü qoşulmur, amma “əlaltısı”nın vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir".

A. Həsrətin fikrincə , Kanadanın Azərbaycanı "deportasiya" da ittiham etməsi, böhtan xarakterli çıxış etməsinin arxasında da məhz bu maraqlar dayanır: "Əslinə qalsa,
yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir.
 Kanadanın siyasi rəhbərliyi də Güney Qafqaz bölgəsində kimin- kim, nəyin -nə olduğunu çox gözəl bilir. O dövlətin rəhbərləri, bölgəmizlə əlaqəli olan şəxsləri bilir ki Azərbaycan heç kimin torpağını işğal etməyib, heç bir xalqı etnik təmizləməyə məruz qoymayıb. Əksinə yüz minlərlə azərbaycanlı Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalıb. Bütün bunları bildiyi halda Ermənistanı yox, Azərbaycanı ittiham edib, sanksiyalarla hədələyirsə, deməli məqsəd bölgəmizə yerləşmək cəhdləri üçün Azərbaycanın mövqeyini nisbətən neytrallaşdırmaqdır. Amma Azərbaycan da bu cür əsassız şər-böhtanlara görə özünün doğru bildiyi mövqedən əl çəkən deyil. Heç bir dövlət də bunu gözləməsin! "