Paytaxtın vəziyyəti çox acınacaqlıdır - AKTUAL

Sənədsiz tikilən fərdi yaşayış evləri üzündən Bakı birbaşa Sumqayıt şəhəri ilə birləşib 

“İcazəsiz tikilən obyektlərin su, kanalizasiya, elektrik və qaz şəbəkəsinə qoşulmasının qadağan olunması çıxarışlı həyət evlərində və torpaq sahələrində ciddi qiymət artımına səbəb olacaq”


  Oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin kommunikasiya şəbəkəsinə  qoşulması ilə bağlı cəzalar sərtləşdirilib. İcazəsiz tikilən obyektlərin, evlərin su, qaz, elektrik təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunub.
 Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir.
  Qeyd edək ki, “Elektroenergetika haqqında” cari ilin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.
  Ekspertlər isə fərdi yaşayış evlərinin sənədləri qaydasında deyilsə, onların  işıq, qaz, su şəbəkələrinə qoşulması ilə məhdudiyyətlər vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə təbii ki, qiymətin artımına təsir göstərən amildir. Yəni sənədli torpaq sahələrinə tələb artacaq və nəticə etibarilə torpaq sahələrinin qiyməti bahalaşacaq. Eyni zamanda sənədləri qaydasında olan fərdi yaşayış evlərinin də qiyməti artacaq.

  Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, hazırda ölkə ərazisində, xüsusən də, paytaxt Bakıda çıxarış ala bilməyən  yüz minlərlə əmlak var. Bunlar yaşayış məntəqələri, fərdi həyət evləri və qeyri-yaşayış obyektlərindən ibarətdir: 

“Bir müddətdir ki, sənədi olmayan qeyri-yaşayış obyektlərinə çıxarış verilməsi prosesinə start verilib. Fərdi həyət evləri ilə bağlı yaşanan problem isə aktual olaraq qalıb. Çıxarışı olmayan fərdi həyət evlərinin bir hissəsi sovetlər dövründən qalıb. Digər böyük hissəsi isə müstəqillik qazandığımız ilk illərdən bu günə qədər olan evlərdir ki, onların da sayı artan xətt üzrə davam edir.  Konkret olaraq, sənədsiz  obyektlərin işıq, qaz, su, kanalizasiya  şəbəkələrinə qoşulmasına qadağa qoyulub. Yəni çıxarışı olmayan əmlakın ünvanı, dəqiq koordinatları olmur və onların üzərindəki mülkiyyət hüquqi tanınmadığına görə, həmin mənzilə  kommunikasiya xətlərinin çəkilməsi qanunla qadağandır.  
Bu  da bir sənədsiz evlərin sayının artmasına qarşı atılmış bir addımdır ki, vətəndaşlar çıxarışı olmayan  hər hansı torpaq sahəsinə və fərdi yaşayış evlərə maraq göstərməsin.   Çox təəssüflər olsun ki, bu sahədə paytaxtın vəziyyəti çox acınacaqlıdır. Sənədsiz tikilən fərdi yaşayış  evləri üzərindən Bakı birbaşa Sumqayıt şəhəri ilə birləşib. 
  Uzun illərdir kənd təsərrüfatı və digər təyinatlı torpaqlar üzərində böyük qəsəbələr, yaşayış massivləri salınsa da, bu günə qədər həmin torpaqların təyinat dəyişikliyi ilə bağlı  ciddi bir addım atılmadı. Bu istiqamətdə qərarın verilməsi həm vətəndaşların mülkiyyət hüquqlarının bərpasına yol açar, həm də dövlətin itkiləri qarşılanar. Çıxarışlı əmlaklar dövlətə torpaq və əmlak ödəyir, sığortalanır və onların alqı-satqısı zamanı hər kvadrat sahəyə görə dövlət büdcəsinə vergi ödənilir.  Lakin sırf çıxarışların olmaması səbəbindən  dövlət büdcəsi yüz minlərlə əmlakdan  gələcək gəlirdən məhrum olur.  Əgər sənədsiz ev problemi öz həllini tapsa, qısa bir vaxt ərzində daşınmaz əmlak sahəsi də digər qeyri-neft sektoru sahələri  kimi  dövlət büdcəsinə böyük gəlirlər gətirə bilər”. 

  E.Fərzəliyevin sözlərinə görə, icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı qadağaların olması çıxarışlı həyət evlərində və torpaq sahələrində ciddi qiymət artımına səbəb olacaq. Tələbat artdıqca, sənədli evlərin və torpaqların da qiyməti kəskin bahalaşacaq.