Xanım politoloq: Qadın platformasının təsisi yeni  mərhələdir

Bütün platformalar  Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılması üçün təkamül prosesidir.  


Bakıda Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransı keçirilib. Tədbirin əsas məqsədi Qoşulmama Hərəkatına üzv olan ölkələrin vətəndaş cəmiyyəti institutları arasında qadın hüquqlarının inkişafı və səlahiyyətlərinin artırılması ilə bağlı  təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi üçün platformanın yaradılmasıdır.
Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə deyilib ki, Qoşulmama Hərəkatının qadın platforması təsis olunacaq: 
"Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir".
Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır: "Böyük qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaqdır. Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcəkdir.
Əminəm ki, bu əlamətdar konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaqdır.

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyeva isə “Sherg.az”a açıqlamasında son illər bütün dünyada qadın hərəkatının daha da gücləndiyini və bu sahəsinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlandığını qeyd edib.
O, ölkəmizdə  tarixən qadın hüquqlarının hər zaman diqqətdə saxlanıldığını, cəmiyyətin qadın iştirakçılığı sahəsində böyük yol qət edildiyini söyləyib və bu gün də dövlət siyasətində bu sahə prioritet istiqamət olduğunu diqqətə çatdırıb.
 Azərbaycan Gənc Demokratlar İnstitutunun Uqanda  FORWO qadın təşkilatı ilə keçirdiyi beynəlxalq tədbiri xatırladan Y. Hacıyeva qeyd edib ki, 33 ölkədən 37 iştirakçının iştirakı ilə beynəlxalq konfrans keçirdik:

 “Azərbaycandan həmin tədbirə 20-yə yaxın iştirakçı vardı. Geniş tədbirdə  baş tutan tədbirdə Qoşulmama Hərəkatına üvz olan 33 ölkənin qadın haqları ilə məşğul olan  QHT nümayəndələri qatılmışdı.  Bu QH əsas tədbirinə paralel keçirilən iki yan yədbirdən biri tədbir idi.  Bu konfransda iştirakçıların razılaşdırdığı QH Qadın platformasının təsisi Qoşulmama Hərəkatının təşkilatlanma prosesində yeni bir mərhələdir. Əvvəl   Qoşulmama Hərəkatının xarici işlər nazirləri platforması formalaşdırıldı, sonra isə  Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və  Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi formalaşdı. İndi isə Qoşulmama Hərəkatının qadın platforması təsis olunur. Bütün  bu platformalar  isə QH-nın beynəlxalq nüfuzunun artırılması üçün təkamül prosesidir.  
Azərbaycan Prezidentinin də müraciətindəki  bu təklif Qoşulmama Hərəkatına üzv ölkələrin qadın təşkilatları tərəfindən çox ciddi qəbul olunaraq dəstəkləndi. QH hazırkı sədri, Azərbaycan Prezidentinin təklifinə ilk qoşulanlardan biri də  bizim keçirdiyimiz konfransın iştirakçılar oldu. Biz də QH çərçivəsində sivil cəmiyyət institutları arasında , xüsusi ilə qadın təşkilatları arasında güvənli tərəfdaşlıq əsaslı bir platformanın formalaşdırılmasına qərar verdik".