Analitik: Putinin fəlaiyyətləri nəticəsində Rusiya bütün dünya ilə qarşıdurma vəziyyətindədir

Ukrayna rəsmiləri doğru qərar vermiş olsaydı, hər şey çoxdan bitmiş olardı.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Onlar danışıqlardan imtina etdilər! Amma sizə xatırladım ki, İstanbulda biz hər şeyi razılaşdırdıq, bunu sizə deyirəm, bələdiyyə başçıları, bütün vətəndaşlar bunu bilməlidir, siz birbaşa insanlarla işləyirsiniz: Biz hər şeyi razılaşdırdıq, üstəlik, Ukrayna tərəfinin danışıqlar qrupunun rəhbəri də buna imza atdı. İmza ordadır, bizdə sənəd var. Bizə dedilər: Rusiyanın həqiqətən də bu məsələləri sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirməli, qoşunları Kiyevdən çıxarmalıdır. Çıxartdıq. Bir gün sonra bütün razılaşmaları zibil qutusuna atdılar", - deyə Putin bildirib.

Putinin açıqlamaları və Rusiya Ukrayna müharibəsinin gedişatı barədə fikirlərini "Sherg.az" la bölüşən tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov bildirib ki, Ukrayna Qərbdən və ABŞ-dən gələn yardımlar sayəsində Rusiya ilə müharibənin müddətini uzada bilir:
"Rəsmi Kiyev tək başına Rusiya ilə müharibəni 2 il müddətində davam etdirə bilməzdi. Bu bütün dünyada bilinən bir gerçəkdi. Rusiyada belə bir deyim var ki, Qərb sonuncu Ukrayna əsgərinə qədər Rusiya ilə mübarizə aparmağa hazırdır. Hazırda Ukrayna müdafiə olunan tərəfdir. Amma bu da bir reallıqdır ki, Ukrayna Rusiya ilə müharibəyə Qərb tərəfindən təşviq olunub və onların istədiyi zamana qədər davam edəcəkdir".

Analitik  Putinin Türkiyədə olanlarla bağlı sözlərində həqiqət payı olduğunu, amma Ukrayna ilə vəziyyətin bu qədər gərginləşməsində  onun böyük rol oynadığını söyləyib:
"Vladimir Putinin aparmış olduğu fəlaiyyətlərin nəticəsində Rusiya demək olar ki, bütün dünya ilə qarşıdurma vəziyyətindədir. Nəticə etibarı ilə Ukrayna ilə sülh sazişi imzalamaq, ən azından atəşkəsə getmək istəyirsə,  ilk növbədə Ukraynanın işğal etdiyi bölgələrdən çıxması və rəsmi Kiyev tərəfinə xoş niyyət sərgiləməsi lazımdır".