Bu ölkəyə göstərilən hərbi dəstək yalnız lokal münaqişəyə deyil, eyni zamanda qlobal güc balansının dəyişdirilməsi cəhdi kimi də qiymətləndirilməlidir
İkinci Qarabağ Müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə fonunda Cənubi Qafqazda geosiyasi konfiqurasiyada köklü dəyişikliklər baş verib. Rəsmi Bakı regional liderliyini rəsmiləşdirməklə yanaşı xarici siyasət strategiyasında narrativləri yenilətib. Bu isə bölgədə maraqları olan qüvvələri ciddi şəkildə narahat etməyə başlayıb.
Ermənistanın silahlandırılmasını qlobal müstəvidə davam edən geopolitik mübarizənin bir komponenti kimi dəyərləndirsək, fərqli maraqların bir ölkə üzərində cəmləşdiyini görə bilərik.
Bu mövzuyla bağlı fikirlərini "Sherg.az”la bölüşən siyasi şərhçi Pərviz Mirizadə də hesab edir ki, Ermənistan revanşist meyllər əhatəsində yenidən hərbiləşdirilir və Azərbaycanla növbəti hərbi qarşıdurmaya hazırlaşdırılır:
"Cənubi Qafqazda münaqişənin davam etməsi ABŞ, Fransa, Aİ kimi güclərin maraq dairəsindədir və bununla onlar Azərbaycana qarşı təsir rıçaqlarını hər daim əllərində saxlamağı hədəfləyirlər.
Ermənistan tərəfi də eyni rasional yanaşma ilə münaqişəsinin davam etməsində maraqlıdır. Baş nazir Nikol Paşinyanın sülh istiqamətində nikbin fikirləri əməli addımlarla üst-üstə düşmür. Rəsmi İrəvanın sürətlə silahlanması və hələ də bu ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması iki ölkə arasında sülhün qarşısında ən böyük əngəl olaraq qalmaqdadır.
Fransa, ABŞ, Hindistan, Aİ, Yunanıstan kimi dövlətlərin Ermənistana verdiyi hərbi dəstək Cənubi Qafqazda balanssızlıq yaradır və regional təhlükəsizliyi daha da gərginləşdirir.
Bölgədə geosiyasi maraqların toqquşduğu bir dövrdə Ermənistana göstərilən hərbi dəstək yalnız lokal münaqişəyə deyil, eyni zamanda qlobal güc balansının dəyişdirilməsi cəhdi kimi də qiymətləndirilməlidir".
P. Mirizadənin sözlərinə görə, Fransa Ermənistandan plasdarm kimi istifadə etməklə Afrikada itirdiyi nüfuzunu bizim bölgə hesabına konpensasiya etmək istəyir. Eyni zamanda regiondan keçən dəhlizlər üzərində nəzarət funksiyasını həyata keçirməyə çalışır:
"Bu yanaşma Ermənistanı militaristləşdirmə meylləri kontekstində baş verdiyi üçün tərəflər arasında kövrək sülhə təhdid yaradır.
ABŞ daha böyük planlar fonunda Rusiya ilə geosiyasi güc rəqabətini Cənubi Qafqaz cəbhəsini açmaqla fərqli müstəviyə daşımağı hədəfləyir. Ağ Evin İrəvana hərbi dəstəyi Rusiyanın Ermənistandan sıxışdırıb çıxarmağa və bu ölkənin Azərbaycanla güc balansını eyniləşdirməyə hesablanıb. Bununla yanaşı Türkiyə və Azərbaycan faktorunun regionda söz sahibi olması Vaşinqtonun maraqları ilə uzlaşmır. Hindistan isə daha fərqli yanaşmalarla Ermənistanın silahlandırılmasında aktiv rol oynayır. Fransa, ABŞ və digər ölkələr prosesdə iqtisadi mənfəət hesabları aparmasalar da, Yeni Dehli silah satışı hesabına həm öz büdcəsini artırır, həm də silah bazarında mövqeyini gücləndirməyə çalışır. Prosesin məntiqi təkcə bununla yekunlaşmır. Modi hökuməti Pakistan və Türkiyəyə qarşı Azərbaycan və Ermənistan münaqişəsi kontekstində geopolitik balans yaratmağa çalışır.
Proseslərə bizim rakursdan baxarsaq Ermənistanın davranışları birmənalı olaraq sözügedən ölkənin zərərinədir. Azərbaycanla güc balansını eyniləşdirmək və növbəti müharibəyə cəhd etmək Hayastanın dövlət olaraq varlığını sual altına qoyur. Çünki Azərbaycan ordusu da müharibədən sonra müasir döyüş metodikasına əsaslanaraq yeni yanaşmaların tətbiqini həyata keçirdi və silahlanma istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanın qətiyyətli mövqeyi və hərbi gücü istənilən təhdidi neytrallaşdırmaq iqtidarındadır. Nikol Paşinyan və komandası reallıqları hər nə qədər tez dərk etsə, həm region üçün, həmdə öz xalqı üçün faydalı olacaq".