Erməni fəal Azərbaycanın haqq səsinə qoşuldu


Paşinyan erməni xalqının qəhrəmanı ola bilər

Baş nazir ölkəsinin əbədi qarantı olan müqavilə bağlamaq istəyir

"Amma hələ Rusiyanın təzyiqindən qurtula bilmir"


Erməni ictimai fəal İşxan Vardyan ölkəsinin baş naziri Nikol Paşinyana qəzəbli müraciət ünvanlayıb. Sosial şəbəkələrdə paylaşılan video-görüntülərdə erməni fəal Paşinyandan Qarabağ məsələsində düzgün addım atmağı tələb edib. Vardyan ermənilərin Ağdam və Füzulidə törətdiyi vəhşilikləri də xatırladıb. Şəhərlərin tamamilə dağıdıldığını, məscidlərin təhqir olunduğunu bildirən erməni fəal bunu müharibə cinayətkarlarının törətdiyini və Paşinyanın onları mühakimə edib, Azərbaycana təhvil verməli olduğunu bildirib: “Siz Ağdamı görmüsünüz? Bu nədir belə? Buna görə necə cavab vermək olar? Düzgün davranın, cənab Paşinyan, bizim Ermənistandan başqa vətənimiz yoxdur. Sizi Ağdamın, Füzulinin və ya Qarabağın baş naziri seçməyiblər, siz özünüz demişdiniz ki, siz Ermənistanın baş nazirisiniz, Qarabağ xalqının adından danışmağa haqqınız yoxdur”. 

Vardyan Nikol Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsi imzalamağa çağırıb. Erməni fəal, həmçinin, hərbi əməliyyatların dayandırılmasından sonra əsir götürülmüş ermənilərin beynəlxalq hüquq baxımından terrorçu adlandırılması məsələsində də Azərbaycan tərəfinin haqlı olduğunu vurğulayıb. 

Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, erməni fəal İşxan Vardyanın Paşinyana ünvanladığı müraciətin iki mühüm istiqaməti var. Partiya təmsilçisi qeyd edib ki, bunlardan birincisi və ən doğrusu Azərbaycanın haqlı tərəf olmağıdırsa, ikinci faktor müharibə qorxusudur:

“30 ildə ermənilər həm özlərini, həm də beynəlxalq ictimaiyyəti aldadaraq “güclü” orduya sahib olmaları və Azərbaycanın sözdə deyil, əməldə Qarabağın işğalı ilə “barışması” yalanı ilə aldada bilmişdilər. İşxan Vardyan bu mövzuda fəallaşan tək tanınmış deyil. Daha öncə bir çox tanınmış erməni əsilli siyasətçilər, politoloqlar, incəsənət xadimləri Ermənistanın yanlış siyasəti davam etdirdiyi təqdirdə məhvə məhkum olacağını dəfələrlə deyiblər. Hətta tanınmış kinorejissor Karen Şahnazarov “Solovyov”un proqramında bu barədə geniş təhlillər vermişdi. Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan və baş nazir Nikol Paşinyan da real durumu çox yaxşı dərk edirlər. Ağlı başında olanların Ermənistanı böyük sülhə doğru aparmağa razı olduqları hiss olunur. Lakin “təkərə ağac soxan” qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanla Ermənistan arasında böyük  sülh müqaviləsinin imzalanmasına qarşı çıxırlar”. 

Politoloq vurğulayıb ki, Paşinyan erməni xalqının qəhrəmanına çevrilə bilər:

“Baş nazirin erməni xalqının əbədi qarantı olan müqavilə bağlamaq niyyəti var. Amma hələ Rusiyanın təzyiqindən qurtula bilmir. Bu yaxınlarda Zəngəzurda ikinci rus bazasının yaradılması ilə bağlı çıxışı iki yol ayrıcında qalmış adam təsiri bağışlayır. Hesab edirəm, Azərbaycan bu istiqamətdə Paşinyana dəstək verə bilər. Biz onu inandırmalıyıq ki, Azərbaycan xalqının qonşularla dost və əmin-amanlıq şəraitində yaşamaq niyyəti ciddidir. Ən əsası isə Ermənistanın inkişafı yalnız bizimlə səmimi münasibətlər qurulduqdan sonra mümkündür. Ermənistandakı ağıllı insanlar da anlayırlar ki, güclənən türk dünyası ilə hərbi, iqtisadi və siyasi resursları olmadan ultimativ şəkildə davranmaq perspektivsiz siyasətdir. Məncə, Vardyan kimi fəalların bəyanatları davamlı olacaq. Müharibə və məğlubiyyət qorxusu erməniləri iddialarından əl çəkməyə məcbur edəcək”.