Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi

Dünən Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin ilk iclası keçirilib. İclasda MSK-nın 18 yeni və 3 ehtiyat üzvü, Milli Məclisin Sədri Sahibə Qafarova və Aparat rəhbəri Səfa Mirzəyev də iştirak ediblər. Yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib. Rövzət Qasımov isə qurumun sədr müavini olub.
Qeyd edək ki, bundan əvvəl də Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov olub. İclasda Komissiyanın katibləri də məlum olub. Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi seçiliblər. Bu iki şəxs də bundan öncə eyni vəzifələri icra ediblər. 

MSK-nın yeni tərkibi ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi, YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər bildirib ki, 2000-ci ildən fəaliyyət göstərən Mərkəzi Seçki Komissiyası 21 il ərzində öz işini layiqincə görə bilib. Analitik hesab edir ki, MSK yarandığı gündən etibarən demokratik seçki sistemi formalaşdırıb:

“Sədr Məzahir Pənahov işinin peşəkarıdır. Onun indiyə qədərki fəaliyyətində nöqsan aşkar edilməyib. Məlum olduğu kimi artıq MSK-nın tərkibinə yeni üzvlər seçilib. Demək olar ki, Komissiya vətəndaş cəmiyyəti tərəfindən tam nəzarətdədir. Formalaşmış hazırkı komanda güclüdür və seçki prosesini demokratik, şəffaf təşkil etmək bacarığına malikdir. Əlbəttə, iş olan yerdə nöqsanların olması təbiidir. Əminik ki, növbəti seçkilərdə peşəkarlıq sayəsində heç bir nöqsanla üzləşməyəcəyik. Qurumun işindən də narazılıq olmayacaq. Yeni tərkibə uğurlar arzulayıram”.