Küçə uşaqlarının sayı azalıb

“Keçən il biz 150-dən çox küçə uşağını sığınacaqda qeydiyyata almışıq”


Dəfələrlə müzakirə olunmasına baxmayaraq, təəssüflər olsun ki, bu gün cəmiyyətimiz üçün küçə uşaqları problemi hələ də qalmaqdadır. Nəzərə alsaq ki, uşaq cəmiyyətin gələcək vətəndaşıdır, onda küçədə tərbiyə alan bir fərdin necə təhlükəli ola biləcəyini görmək heç də çətin deyil. Çünki ağ vərəqə bənzəyən uşaq beyni gördüklərinin pis-yaxşı olmasının fərqinə varmadan mənimsəyir.

Küçə uşaqları probleminin yaranma səbəbləri sırasında uşaqların ailə daxilində zorakılığa məruz qalması, onların psixoloji durumundakı problemlər də mühüm yer tutur. Bunların içində ailədən qovulanlar, valideynləri olmayan uşaqlar da var.

Ölkəmizdə belə uşaqların sayı olduqca çoxdur. Hər birimiz küçədə dilənçilik edən və ya buna məhkum edilən uşaqlara rast gəlmişik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Azərbaycanda avaralıq, dilənçiliklə məşğul olan uşaqların və küçə uşaqlarının sayını açıqlayıb.

Ötən il avaralıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 512 uşaq müəyyənləşdirilib. Bu uşaqlardan da 53 nəfəri yol-nəqliyyat hadisələri nəticəsində ölüb.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağayevanın sözlərinə görə, 2013-2015-ci illərlə müqayisədə ötənilki kimsəsiz uşaqların sayında azalmalar müşahidə olunub. Birlik sədri həmçinin sığınacaqda uşaqların əsasən ailələrə bərpası istiqamətində işlər aparıldığını vurğulayıb: 

"Əslində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sorğular əsasında hər il belə hesabatlar hazırlayır və rəqəmlər müəyyən olunur. Təkcə keçən il biz 150-dən çox küçə uşağını sığınacaqda qeydiyyata almışıq. Əgər bu rəqəm bizim sığınacaqda 150-dirsə, düşünmürəm ki, ötənilki kimsəsiz uşaqların sayı 512-dir. Bu göstərici daha yüksək ola bilər. Gördüyümüz işlərə istinad edərək deyə bilərəm ki, sığınacağımızda uşaqların istər reabilitasiyası, istər ailələrə bərpası və dövlət müəssisələrinə yerləşdirilməsi həyata keçirilir. Daxili İşlər Nazirliyinin müxtəlif bölmələri tərəfindən küçələrdə avaraçılıq edən, baxımsız şəraitdə olan və zorakılığa məruz qalan uşaqlar bizə istiqamətləndirilir. Bunların əsasında da kimsəsiz uşaqların nə qədər olduğunu qeyd edə bilirik. Bu gün məqsədimiz alternativ xidmətlərin çox olmasıdır. Əgər alternativ xidmətlər çox olarsa, küçədəki uşaqların da sayı azalar, onların ailələrə bərpası və işin aparılması daha yüksək səviyyədə olar”.

Yeganə Bayramova