Əhali regionlarda informasiyasız qalıb

Osman Gündüz rəqəmsal yayıma keçiddən sonra yaranmış situasiya ilə bağlı narahatdır



Ötən il noyabr ayının 1-dən etibarən paytaxtımızda analoq yayımdan rəqəmsal yayıma keçid baş tutmuşdu. Bu yayımın keyfiyyət və imkanlarına görə analoq yayımdan daha üstün olduğu söylənilsə də, rəqəmsal yayım ölkəmizdə vətəndaşlar arasında problemsiz ötüşmədi.

Çünki əhalinin bəzi təbəqəsi yeni siqnalı qəbul edə, bununla da informasiya əldə edə bilmədilər. Yeni yayım üçün "dekoder” adlı xüsusi qurğunun əldə edilməsi lazım gəlirdi ki, bu da bəzi vətəndaşlara çətinliklər yaratmağa başladı. Əhalinin əksəriyyəti yeni yayımı dəstəkləmək bir yana, "dekoder”i əldə etmək imkanında olmadıqlarını və bu yayıma keçidin lazımsız olduğunu iddia edirdilər. Xatırladaq ki, bir müddət əvvəl redaksiyamıza gələn müraciətlərin birində yalnız yaşayan xanım vətəndaş "dekoder” əldə edə bilmədiyi üçün televiziya kanallarına baxa bilmədiyini söyləmişdi. Baxmayaraq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hökumətə rəqəmsal yayıma başlamazdan öncə aztəminatlı ailələrə maddi dəstək verilməsi ilə bağlı təkliflər təqdim etmişdi. Amma bunun hər hansı bir nəticəsi olmadı.

Rəqəmsal yayıma keçdikdən sonra xüsusilə regionlarda ciddi problemlər olduğunu deyən "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz aidiyyəti dövlət qurumlarının yeni yayımdakı situasiyalarla bağlı açıqlama verməli olduğunu diqqətə çatdırıb. Mərkəz direktorunun qənaətincə, yeni yayıma keçid müəyyən üstünlüklərə malik olsa da, ölkəmizdəki televiziya kanalları və proqramlarında hər hansı bir dəyişiklik yoxdur. Yenə eyni sistem və eyni proqramlar yayımlanmaqdadır: 

"Hər gün MTRŞ, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən rəqəmsal yayıma keçid prosesinin nəticələri ilə bağlı bəyanatlar gözləyirik. Yeni prosesin normal, yaxud da ağrılı olub-olmaması ilə əlaqədar fikirlər səslənməli idi. Aldığım məlumatlar xeyli problem və çətinliklərin olduğunu deməyə əsas verir. Əsasən də rayonlarda insanların birdən informasiya almaları dayandırılıb, yəni onlar daha televiziya verilişlərinə baxa bilməyiblər. Zamanında MTRŞ hökumətdən bu məsələ ilə bağlı yardım ala bilmədi və prosesi xeyli uzatdılar. Hansısa köməklik olmadı, əhalinin aztəminatlı hissəsinə regionlarda dövlət hesabına dekoderlərin verilməsində problemlər yarandı. Burada MTRŞ-ni bir qədər günahlandırıram. Şura daha aktiv fəaliyyət göstərib ciddi problemləri aradan qaldıra bilərdi. Yəni, büdcənin vəziyyəti yaxşı olanda aztəminatlı insanlara bu məsələdə yardım oluna bilərdi. Əlbəttə, iqtisadi sıxıntı olanda bu cür məsələləri həll etmək çətindir. Ona görə də hökumət bunu dəstəkləmədi, günah da MTRŞ-nin özündə idi. Hesab edirəm ki, indiki halda aidiyyəti qurumların müstəqil ekspertlər və yerli icra hakimiyyətləri ilə birlikdə monitorinq aparması və bu monitorinqin nəticələrinin də ictimaiyyətə açıqlanması doğru olardı”.

Yeni yayımın texnoloji cəhətdən irəliyə doğru addım olduğunu vurğulayan O.Gündüz ölkəmizdə rəqəmsal yayımın yüksək olması üçün lazımlı nüansları da söyləyib. Forum prezidenti televiziyalarımız üçün keyfiyyətli proqramların olmadığını diqqətə çatdırıb: 

"Rəqəmsal yayım siqnalın daha keyfiyyətli ötürülməsini təmin edir, böyük üstünlükləri var, əlavə xidmətlər verə bilər və tezisləri sərbəst olacaq. Lakin bundan sonrakı addımlarda gözləntilərimiz nə idi? Birinci, efir tezisləri sərbəstləşəcəkdi. İndiyə qədər istifadə olunan efir tezisləri ki vardı, onların rəqəmsal yayımda bir neçəsini vermək mümkün olduğuna görə, sərbəstləşən efir tezisləri ilə bağlı müsabiqələr ola bilərdi. Bunları gözləyirik, amma hələlik belə şey yoxdur. Bu da qiymətli və məhdud dövlət resurslarıdır. Yəni, tezis resursu təbiətin bizə bəxş etdiyi bir resursdur ki, dövlət bundan səmərəli istifadə etməlidir.

Amma televiziya proqramlarının keyfiyyətində bir dəyişiklik hiss eləmədik. Həmin proqramlar və verilişlərdi. Düşünürəm ki, əgər keyfiyyətli siqnal varsa, siqnalın üstünə keyfiyyətli proqram da otuzdurmaq lazımdır. Hansı ki, o keyfiyyətli siqnal keyfiyyətli proqramı apara bilsin. Təəssüf ki, MTRŞ hələlik bu məsələyə yetərincə ciddi diqqət yetirmir”.

Yeganə Bayramova