Rusiyadakı səfirliyimiz müraciət etdi, sənədləriniz saxta ola bilər

“Vətəndaşlar sənəd və arayış üçün özəl şirkətlərə üz tuturlar. Nəticə etibarı ilə bir bazar formalaşır”


Rusiyadakı səfirliyimiz azərbaycanlılara müraciət edib. Müraciətdə vurğulanıb ki, son zamanlar Rusiyada müxtəlif yerlərdə, ticarət obyektləri, hava limanları, dəmir yol və avtovağzallarda mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən nağd pul müqabilində müxtəlif sənədlərin hazırlanıb verilməsi təklif olunur.

Səfirlik bildirib ki, qanunvericiliyə əsasən, bütün rəsmi sənədlərə görə dövlət rüsumu tutulur və həmin rüsum səlahiyyətli dövlət orqanı tərəfindən verilən qəbz əsasında bank ödənişi ilə yerinə yetirilir. Xarici ölkələrdə sözügedən səlahiyyətli orqanlar Azərbaycanın səfirlikləri və konsulluqlarıdır: "Nağd şəkildə ödənişlərin istənilməsi qanunsuzdur. Bunu təklif edən şəxslər fırıldaqçılardır və onlar insanların etimadından sui-istifadə edirlər. Onların vətəndaşlara verdiyi sənədlər isə saxtadır. Belə sənədlərdən istifadə edilməsi vətəndaşlar üçün ciddi problemlər yarada bilər”. 

Məsələ ilə bağlı "Şərq”ə danışan miqrasiya üzrə ekspert Azər Allahverənov deyib ki, Rusiyada bəzi şirkətlər sənədlərin daha tez və asan formada çatdırılması xidmətini təklif edirlər. Soydaşlarımız isə pula və vaxta qənaət etmək üçün bu kimi təkliflərlə razılaşırlar: 

"Bəzi hallarda vətəndaşlar məlumatsız olurlar və lazımi sənədləri haradan, necə almağın yolunu bilmirlər. Ona görə də onlara edilən təklifi dəyərləndirməyə, müəyyən məbləğ ödədikdən sonra sənədlərin hazırlanmasını gözləməyə məcbur olurlar. Bununla da Rusiyadakı yaşayışlarını bir növ leqallaşdırmağa çalışırlar. Yəni bir tərəfdən məlumatsızlıq, digər tərəfdən isə maliyyə problemləri bu kimi halların meydana çıxmasına səbəb olur”. Ekspert bildirib ki, böyük ehtimalla Rusiyadakı hüquqi firmalar dövlət qurumları ilə sıx əlaqədə olurlar. O səbəbdən də lazım olan sənədləri tez zamanda hazırlaya bilirlər: "Nəzərə almaq lazımdır ki, vətəndaş hər hansı arayış almaq üçün xeyli sənəd toplamalı və onları quruma təqdim etməlidir. Bu isə çox vaxt aparan işdir. Ola bilsin, müvafiq qurumlarda insanlara bilərəkdən bürokratik əngəllər yaradılır. Belə hallarda vətəndaşlar sənəd və arayış üçün özəl şirkətlərə üz tuturlar. Nəticə etibarı ilə bir bazar formalaşır. Sözsüz ki, bazarda xidmət təklif edən şirkətlərin hamısı qanuni əsaslarla fəaliyyət göstərmir. Bəzi hallarda lisenziyaları olmayan, qeydiyyata alınmayan təşkilatlar da prosesə qoşulurlar. Onların düzəltdiyi sənədlər isə saxta olur. Bu baxımdan vətəndaşlarımız maksimum dərəcədə ehtiyatlı olmalıdırlar”.

İsmayıl