"Ermənistan gec-tez bu vəsaiti Azərbaycana ödəyəcək"





"Bu rəqəmlər dəqiq deyil, Azərbaycana vurulan ziyanın miqdarı dəfələrlə yüksəkdir”.

Bunu Sherg.az-a "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində vurduğu ziyan 819,15 milyard dollardır" iddiasına münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Onun sözlərinə görə, açıqlanan 819,15 milyard dollar təqribi hesablamalar nəticəsində əldə edilib:

"Torpaqlarımız işğaldan azad edildikdə xırda detallarına qədər hər bir ziyan Ermənistana iddia şəklində irəli sürülməlidir. Bəzən bu məsələlərə önəm vermirik. Əslində bunun üzərinə getməli, sona qədər Azərbaycan öz yeraltı və yerüstü sərvətlərinin Ermənistan tərəfindən talan edildiyini bəyan etməlidir. Bu gün Ermənistan özünü çox rahat hiss edir. Amma biz onların rahatlığına imkan verməməliyik. Çünki bu günə qədər düşmənlərimiz bizim sərvətlərimizdən faydalanırlar. İstər Kəlbəcərin qızıl yataqları, istər digər ərazilərin yeraltı yerüstü sərvətləri indi də düşmənin əlindədir. Və onlar bundan ehtiyaclarını ödəmək üçün istifadə edirlər. Ona görə, Azərbaycanın atacağı addım düşmənə qarşı iddiaları irəli sürüb, arxasında durmaq olmalıdır.

İndiyə qədər Avropa məhkəməsində baxılan Azərbaycan tərəfindən Ermənistana qarşı irəli sürülən faktlar "Çıraqov və digərləri”nin şikayətləri olub. Baxın, özümüz danışıb, özümüz sakitləşməməliyik. Sona qədər məsələnin üzərinə getməliyik. Düşmənin vəhşiliklərinin cavabını verməliyik gələcəkdə bu sevdaya düşən separatçılar, şovinistlər də cinayət, qətliyam əməllərindən əl çəksinlər”.

Ü. Cəfərov deyib ki, dəyən ziyanı göstərən rəqəmlər tam dəqiq olmasa da, Ermənistanın gec-tez bu vəsaiti Azərbaycana ödəməli olduğunun sübutudur. O qeyd edib ki, sonuna qədər bunun arxasında durmalıyıq:

"İstər ermənilərin havadarları, istər özləri olsun, Azərbaycan əraziləri işğaldan azad olunandan sonra bu vəsaiti ödəməlidir. Çünki azad olunmuş torpaqlarımızda insanların yaşamasının bərpasına, infrastrukturun yenilənməsinə kifayət qədər böyük vəsait xərclənməli olacaq. Ermənistan bu ziyanı ödəməklə vəhşiliyinə cavabını müəyyən qədər vermiş olar. Yenə deyirəm, 819,15 milyard dollar yetməyəcək ki, ərazilərimizdə ciddi işlər görülsün. Çünki elə şeylər var, bərpa olunmur, onun dəyərini heç pul ekvivalentində hesablamaq mümkün də deyil”.

Ekspert sonda keçirilən "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən də danışıb. O bildirib ki, tədqiq olunan materiallar çox dillərə tərcümə olunmalıdır:

"Bununla biz gələcəkdə məsələni qaldırdıqda düşmənə göstərəcəyik ki, hələ o zaman bu məsələləri diqqətdə saxlayırdıq. Ona görə də ermənilərə heç bir güzəşt edilməməlidir, edilməyəcək”.

Qeyd edək ki, bu gün Bakıda "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində vurduğu ziyan açıqlanıb. Ümumi məbləğ 819,15 milyard dollar hesablanıb.

Aysel Aslan