"İxracın artması ölkəyə valyuta axını deməkdir"




"Azərbaycan üçün postsovet dövrünün əsas çağırışlarından biri də ixracın artımına nail olunmasıdır”.
Bunu Sherg.az-a prezident İlham Əliyevin Yevlaxda keçirilən Respublika müşavirəsində Azərbaycanın ixrac potensialının artırılması haqqında fikirlərini şərh edərkən iqtisadçı -ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, ixracın artması ölkəyə valyuta axını deməkdir:

"Xüsusən qeyri-neft istehsalının artırılması hər zaman hədəfdir. 2017-ci ilin ilk rübünün yekunlarını qiymətləndirən zaman əslində biz, 2014-cü ildən başlayaraq aparılan islahatları, tədbirlərin əhəmiyyətini qeyd etməliyik. Çünki Azərbaycan post-neft dövrünün başlanmasınmı elan edən ilk ölkələrdən biri oldu. 2014-cü ilin sonlarında cənab prezident tərəfindən artıq post-neft dövrünün başlandığı bildirildi. Bundan sonra ixracın çoxaldılması idxalın azaldılması başlandı. 2014-cü ilin sonlarında neftin bazar qiymətinin yenidən artacağı barədə fikirlər səsləndirildi. Amma Azərbaycan artıq neftin dünya bazarı qiymətlərinə və mövcud qiymətlərə uyğun transformasiya olması istiqamətində mövcud siyasətin aparılması ilə bağlı mövqeyini nümayiş etdirdi. 

Bununla ixracın stimullaşdırılması üçün atılan addımlar, xüsusilə, ixraca subsidiyanın verilməsi öz təsirlərini göstərməyə başladı. Azərbaycan ixraca subsidiya təklif edən az sayda MDB ölkələrindən biridir. Bu o deməkdir ki, sahibkar ixrac etdiyi məhsulun növünə uyğun dövlət büdcəsindən subsidiya alır. Bu zaman həmin vəsait sahibkarın hesabına oturur və sahibkar onu istifadə etməkdə sərbəstdir. Subsidiya heç bir əvəzi olmayan, büdcəyə qaytarılmayan vəsaitdir”.

Aysel Aslan