Günün ikinci yarısında davam edən proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində taxta-şalban alveri ilə məşğul olmuş Qədim Əbilov ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, onu MTN-də döyərək təzyiqlər ediblər: "Hədə qorxu gəldilər, döydülər. Həbs edəcəklərini dedilər. Məcbur olub 300 min manat pulu polkovnik Səlim Məmmədova görüşüb ona verdim".
Zərərçəkənin istintaq və məhkəmə zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu məlum oldu. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, Səlim Məmmədovla 2014-cü il sentyabrın 7-də saat 18-19 radələrində görüşüb.
Proses zamanı Səlim Məmmədovun vəkili Cavid Rzazadə isə Dövlət Təhlükəsizlik Xidmətindən aldığı sorğunu təqdim edib. Sorğuda Səlim Məmmədovun Qədim Əbilovun dediyi vaxtda işdə olduğu göstərilib.
Proses aprelin 19-da davam edəcək.
Xatırladaq ki, Qədim Əbilov istintaqa verdiyi ifadəsində MTN-də Çovdarovun onu döyüb təhqir etdiyini deyib: "3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan kabinetə daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda dayanmışdılar. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boyunuma zərbələr endirdi. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub. Tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim "Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki "Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.
13:50
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Proses haqqında jurnalistlərə A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.
Məhkəmədə briliant alveri məşğul olmuş Elçin Hacıyevin epizodu üzrə dinləmələr keçirilib.
Xatırladaq ki, Elçin Hacıyev və iki dostu Türkiyədən 14 karatlıq briliant qaş gətiriblər. Bunu Bakıda satmaq istəyərkən onlar MTN əməkdaşları tərəfindən həbs edilib. Onların briliantı əllərindən alınıb, həmçinin, azad olunamaqları üçün 80 min dollar pul alınıb.
Həmin epizod üzrə zərərçəkmiş hesab edilən Tofiq Rəcəbov ifadə verib.
O ifadəsində qeyd edib ki, hadisə günü saat 13 radələrində Nizami küçəsində MTN əməkdaşları tərəfindəm saxlanılıb: "Həsən adlı şəxsə Elçinlə bir yerdə briliantı göstərirdik. Mülki geyimlilər yaxınlaşıb bizi MTN apardılar. Axşam saatlarında bizi buraxdılar. Amma bilmədim ki, Elçindən pul alıblar, ya yox. Bu barədə məlumatım olmayıb. Sadəcə, gecə Elçinlə çay içəndə dedi ki, məndən 80 min pul alıblar. Amma onun pul verdiyinə inanmıram. Daha sonda Elçinlə münasibətim pozulub. Son dövrə qədər onunla danışmıram. Həmçinin, onu deyim ki, ölkəyə briliantı Elçin özü gətirmişdi. Orada Arda adlı türk olmayıb. Həmin işdə də mən vasitəçi olmuşam".
Zərərçəkənin istintaq verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu məlum olub.
Buna münasibət bildirən zərərçəkmiş şəxs qeyd edib ki, istintaqa ifadə verən zaman oxumadan qol çəkib: "Ordakı cümlələr mənim yox, müstəntinqin sözləridir. MTN-də heç kim bizimlə pis davranmayıb. Hətta mən özüm onlarla kobud danışırdım. Burda həbs olunan heç kimi tanımıram. Heç bir şikayətim, tələbim yoxdur".
Proses nahardan sonra davam edəcək.