"Qızlar düşünür ki, əsas ərə gedim, xoşlamasam, boşanarıq" - Deputat



"Cavanlar ailə həyatına hazır deyil, sevgisiz ailə qururlar”.

Bunu Sherg.az-a cari ilin ilk iki ayında 2422 boşanma hallarının qeydə alınmasına münasibət bildirərkən tərcüməçi, ədəbiyyatşünas, millət vəkili Elmira Axundova deyib. 

Onun sözlərinə görə, sevgisiz qurulan ailələri qoruyub saxlamaq da çətin olur:

"Cüzi problem ailənin dağılmasına gətirib çıxarır. Hər zaman deyirəm ki, orta və ya yaşlı nəsil ailə quranda sevgi olmasa da, adət - ənənələr möhkəm idi. Əvvəllər boşanmalara rüsvayçılıq kimi baxırdılar. Qızlar, gəlinlər ata evinə qayıtsa, bu, artıq rüsvayçılıq olurdu. Ona görə, qadın dözürdü.

Kişiyə isə bu zaman daha asan idi. İlk arvad onu qane etmirdisə, ikinci, üçüncü arvad saxlayırdı. Sonradan bu da ləğv olundu. Çünki sovet hakimiyyəti, sovet qanunları buna icazə vermirdi. Amma ailə qalırdı. Sovet vaxtında adətən ailələr sevgi əsasında qurulurdu. Möhkəm ailə qurmaq üçün gərək mütləq bir-birini sevib, hörmət edəsən. İndiki cavanlar çox zaman atanın tövsiyəsi ilə, ananın xahişi ilə ailə qururlar. Bəziləri deyir, qızı gördüm istədim. Axı bu qızın xarakterini bilməlisən, vərdişlərinə, xasiyyətinə uyğundur yoxsa yox. İnsanlarda məsuliyyət yoxdur. Qızlar düşünür ki, əsas ərə gedim, xoşlamasam, boşanarıq. Mən bunları eşitmişəm. Valideynlər boşandıqda isə uşaqlar ortada qalır. Natamam ailədə böyüyürlər. Belə uşaqlar heç vaxt mükəmməl insana çevrilə bilməz. Çünki onun böyük kompleksləri olur. Adətən azyaşlı uşaqlar atasız böyüyür, sonrakı həyatında isə problemlərlə qarşılaşır. Ailələrin dağılmasının çox səbəbləri var. Avropaya üz tutmaq, Avropa dəyərlərinə qapı açmaq, Qərbə qaçmaq. Avropanın müsbət dəyərləri ilə birlikdə "azadlığı”nı da sərbəstliyini də öz mühitimizə gətirmişik”.

Xanım deputatın fikrincə, insanlar anlamalıdır ki, uşaqlar tam ailədə böyüməlidirlər:

"Bizim də ailədə problemlər olub. Biz ailədə 4 uşaq olmuşuq. Valideynlərim hər çətinliyə, problemə rəğmən bu 4 uşağın xətrinə sona qədər öz ailələrini saxlayıblar. Biz belə hallardan nümunə götürməliyik. Müharibə də görmüşük. Anam 2 uşaqla faşist işğalı altında qalıb, atam müharibədən yaralı gəlib. Amma ailəni aclıqda, səfalətdə də olsa, saxlayıblar. İndiki cavanlar bunu düşünmür. Ona görə, Qərbin, internetin pis təsirləri, həyatımızın, sosial yaşamın qeyri-stabilliyi, ilk növbədə isə mentalitetin adət-ənənələrinə hörmətsizlikdən baş verir. Mən buna çox heyifslənirəm. Bu bizim cəmiyyətimizə heç yaraşmayan rəqəmdir. Dağılan ailələrdə əziyyət çəkən ancaq atasız, anasız böyüyən uşaqlar olur”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən məlumatına görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Ayyət Əhməd