"İsraildə niyə Azərbaycan səfirliyi açılmır? - Arye Qut İzah edir





"İsraildə Azərbaycan səfirliyinin olmaması Azərbaycanin geosiyasi vəziyyəti ilə bağlıdır.Amma bu gün səfirliyin olmamasının münasibətlərə heç bir təsiri yoxdur".

Bu barədə Sherg.az-a "İsraildə niyə Azərbaycan səfirliyi açılmır?"sualına cavab verərkən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut bildirib. 

O qeyd edib ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər yaxın və mehriban münasibətləri yoxdur: 

"İki ölkənin mürəkkəb geosiyasi əhatəsinə baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq yaranıb. Burada energetika iki dövlətin qarşılıqlı münasibətlərinin əsas strateji sütunlarından biridir. İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya səfəri zamanı İsrail-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib. O deyib: "Biz dünyada özümüzə qarşı dözümsüzlük, nifrətli münasibət hallarını çox görürük. Burada - Azərbaycanda isə bütün dünyada müsəlmanlarla yəhudilər arasında hansı münasibətlərin ola bilməsinin və olmasının nümunəsini görürük”.

İsrailin indiki müdafiə naziri Aviqdor Liberman hələ xarici işlər naziri olduğu dövrdə ikitərəfli münasibətlərin möhkəmlənməsinə böyük töhfə verib. O bəyan edib ki, Azərbaycan İsrailin təkcə strateji tərəfdaşı deyil, həm də dinlərarası və etnik qruplar arasında tolerantlıq nümunəsidir. Azərbaycanla İsrail arasında dostluq münasibətləri getdikcə daha möhkəm və sarsılmaz olur ki, bu da şübhəsiz, hər iki tərəfə fayda gətirir”.

Arye Qut onu da əlavə edib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər pozitiv, strateji xarakter daşıyır: 

"Azərbaycan-İsrail ticari əməkdaşlığı çiçəklənir, əmtəə dövriyyəsinin həcmi 4 milyard dollara yaxındır".

Ayyət Əhməd