Bu, həm də münaqişənin həllində yeni imkanlar açır
2016-cı il dekabrın 7-də Bakıda təsis olunan "Ermənistan-Azərbaycan Sülh Platforması”na yeni üzvlərin qoşulması prosesi davam edir. Bir sıra müşahidəçilər hesab edirlər ki, vətəndaş cəmiyyəti təmsilçilərinin başlatdığı və Azərbaycan hakimiyyətinin də dəstəklədiyi bu proses əslində rəsmi Bakının son illərdə Qarabağ problemi ilə bağlı nail olduğu ən uğurlu hadisədir.
Ekspertlərə görə, erməni fəalların və digər çoxsaylı xarici diplomatların Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Ermənistan hakimiyyətini ittiham etməsi və Sülh Platformasına qoşulması Sarkisyan rejiminə gözlənilməz zərbə vurub. Son olaraq İsrailin Tədqiqat Mərkəzinin rəhbəri də Sülh Platformasına qoşulub. Mərkəz rəhbəri Mark Epplbaum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yeganə düz yol hesab etdiyini söyləyib: "BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin həll olunmaması nəticəsində hər iki xalqın münasibəti yalnız müharibə kontekstində formalaşıb. Bu, böyük fəlakətdir”. Məlumat üçün deyək ki, ötən ilin sonunda Ermənistandan olan 3 nəfər hüquq müdafiəçisi və QHT rəhbərinin iştirakı ilə Bakıda konfrans keçirilib. Konfrans iştirakçıları Azərbaycanla Ermənistan prezidentləri və xalqlarına müraciət qəbul ediblər. Müraciətdə 25 il davam edən münaqişənin törətdiyi fəlakət və faciələr qeyd olunub. Hər iki xalqın bu münaqişədən yorulduğu və qısa müddətdə həllinin vacibliyi vurğulanıb.
Sülh Platformasının mahiyyəti ilə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, bu cür platformalar Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərir:
"Sülhə üstünlük vermək mahiyyətimizdən irəli gəlir. Azərbaycan sülhsevər dövlətdir. Ona görə də ilk növbədə dinc çağırışlar yolu ilə münaqişənin həllinə çalışırıq. Dinc yolla həllin isə müxtəlif taktiki gedişləri, yanaşmaları var. Bunların sırasında Sülh Platforması mühüm yer tutur. Bu, əslində xalq diplomatiyasının bir nümunəsidir. Əlbəttə, biz fərqindəyik ki, sadəcə xalq diplomatiyası ilə münaqişənin həlli mümkünsüzdür. Münaqişəni həll edəcək qüvvələr Azərbaycan və Ermənistan dövlətləridir. Təəssüf ki, erməni rejimi indiki status-kvonu qoruyub saxlamağa çalışır, sülhdən yayınır. Bu cür platformalar həm Sarkisyan rejiminin iç üzünü göstərir, həm də münaqişənin həllində yeni imkanlar açır”. Ekspertin fikrincə, katalizator rolunu oynayan, ümumi prosesə stimul verən Sülh Platformasının fəaliyyəti və sıralarının genişlənməsi müsbət haldır: "Keçən ilin dekabrında təsis edilən platformaya vətəndaş cəmiyyətləri institutlarından xeyli sayda qoşulanlar var. Hətta Ermənistandan kənarda yaşayan ermənilər də platformaya üzv olurlar. Erməni tərəfi isə çalışır ki, bu platforma mahiyyət kəsb etməsin, ora üzv olanlara təzyiq göstərərək prosesin önünü kəsməyə çalışırlar. Çünki Ermənistanın işğala son qoymaq niyyəti yoxdur”.
Politoloq bildirib ki, Azərbaycan münaqişənin siyasi-hərbi yolla həllinə üstünlük verir: "Siyasi yolun ən mühüm göstəricisi aparılan danışıqlar və bu cür platformalardır. Ancaq beynəlxalq hüquq bizə hərbi yoldan faydalanmaq imkanı da verir. Çünki təcavüzə məruz qalan, ərazisi işğal olunan tərəf bizik. Platforma sülhpərvərliyimizi göstərsə də, düşmən qətiyyən bundan arxayın olmamalıdır. Zamanı yetişəndə Baş Komandanın əmri ilə hadisələr qeyri-dinc yola qədəm qoya bilər. O zaman bütün məsuliyyət ermənilərin üzərinə düşəcək”.
İsmayıl