Su sayğaclarının içərisində əlvan metallar var

Ona görə onu oğurlayıb, aparıb satırlar


Son zamanlar mənzillərdən su sayğaclarının oğurlanması sanki dəb halını alıb. Bununla bağlı bir sıra şəxslər dəfələrlə saxlansalar da, görünür, işbazlar olub-bitəndən "dərs” çıxarmayıblar.

Növbəti dəfə isə Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində paytaxtın Nizami rayon ərazisində iki nəfər hüquq-mühafizə orqanlarına təhvil verilib. Gürcüstan Respublikasının vətəndaşı Elçin Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı 5 ədəd su sayğacı aşkar olunaraq götürülüb. E.Qurbanovla birlikdə şübhəli bilinən daha bir nəfər, əvvəllər məhkum olmuş Zaqatala rayon sakini Eldar Xasayev də saxlanılıb.
Saxlanılan şəxslər ifadələrində bu ilin yanvar ayından etibarən 100 mənzilin su sayğacını oğurladıqlarını etiraf ediblər.

Baş verənlərlə əlaqədar olaraq maraqlı bir məqam diqqəti çəkir. Nə üçün digər sayğaclar deyil, məhz su sayğaclarının oğurlanması artıb? Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, su sayğaclarının içərisində əlvan metal var. Yəqin ki, bu metallarla görə daha çox oğurluq halları baş verir: 

"Artıq bir neçə nəfər həbs olunub. Həbs olunanlar da etiraf ediblər ki, sayğacları söküb, əlvan metalları aparıb metal qəbulu məntəqələrinə verirlər. Bununla bağlı paytaxtımızda və regionlarımızda həbs olunanlar var. Araşdırmalar da aparılır. Saxlanılan şəxslər necə söküblər, hara təhvil veriblər, hər şey haqqında məlumat veriblər. Sumqayıtda, Abşeronda, Nəsimidə, Sabunçuda, Nizami və Xətai rayonlarında da belə hadisələr baş verib. Artıq qəbul məntəqələri bilirlər, mətbuatda belə məlumatlar getdi, xəbərlər yayıldı. Daha məlumatları oldu və hər halda daha ehtiyatlı olacaqlar”.

Yeganə Bayramova