Hakimlərin cəzalandırılması digərlərinə dərs olacaq

Cəzaların yumşaldılması, alternativ cəzaların tətbiqiylə bağlı real addımlar atılmalıdır



Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilib. İclasda dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunub.

Həmçinin həbs-qətimkan tədbirinin seçilməsinə yanaşmanın köklü surətdə dəyişməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs-qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə nail olunması Sərəncamın əsas məqsədlərindən biri kimi müəyyən edilib. Sərəncamın icrası üzrə tədbirlər müzakirə olunub, onun ölkəmizdə insan haqlarının, xüsusilə azadlıq hüququnun təmin edilməsi, habelə məhkəmə, prokurorluq və istintaq orqanlarının fəaliyyətinin yeni tələblər səviyyəsində qurulması üçün "yol xəritəsi” olduğu vurğulanıb.

Ali Məhkəmə tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi əvvəllər ümumiləşdirilib, məsələyə həssaslıqla yanaşılması məhkəmələrə tövsiyə edilib. Bu sahədə kobud pozuntulara görə Məhkəmə-Hüquq Şurası tərəfindən 15 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul olunub. Bununla belə köklü dönüş baş verməyib, həbs-qətimkan tədbirinin seçilməsinə üstünlük verilməklə, alternativ tədbirlərə lazımi diqqət yetirilməyib. Eyni zamanda təəssüflə qeyd olunub ki, barəsində həbs-qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan, habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin sayı xeyli artıb. Bununla əlaqədar həbs-qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təcrübə Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək bu günlərdə Plenumun geniş iclasında müzakirə olunub, bu sahədə mövcud nöqsanların aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə bütün məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimlinin sözlərinə görə, Azərbaycanda bu istiqamətdə problem olmasaydı, Prezident sərəncam imzalayaraq cəzaların yüngülləşdirilməsi və alternativ cəzaların verilməsi istiqamətində müvafiq addımlarln atılması barədə tapşırıq verməzdi: 

"Bilirsiz ki, ölkə başçısının cəzaların yumşaldılması, alternativ cəzaların tətbiqiylə bağlı fərmanı var. Azərbaycanda bir sıra qətimkan tədbirləri var ki, onlardan demək olar ki, istifadə olunmur. Çox az hallarda şahidi oluruq ki, cinayət törədən insanlara yüngülləşdirici cəza ilə ev dustaqlığı verilsin. Sovet dövründən qalma ənənəyə əsasən təqsirləndirilən şəxs haqqında məhkəmə dərhal həbs-qətimkan tədbiri seçir. Hətta bəzən elə bir insan haqqında bu cəza növünü tətbiq edirlər ki, heç onun əməli ilə həmin sanksiya adekvat olmur. Yəni qətimkan tədbirləri seçilərkən əsassız olaraq həbs-qətimkan tədbirləri seçilir və təqsirləndirilən şəxslərin hüquqları pozulur. Burada həm həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq məhkəmələrə müvafiq təqdimat və vəsatətlər verən cinayət təqibi orqanlarının, həm də bu təqdimatları təmin edən məhkəmələrin rolu az deyil. Halbuki başqa alternativ cəzalar vermək olar. Cəzaların yumşaldılması, alternativ cəzaların tətbiqiylə bağlı real addımlar atılmalıdır. Avropa hüquq məkanının bir parçası olaraq, Azərbaycanda cəzaların liberallaşdırılması cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması, əsas insan hüquqlarından biri olan azadlıq hüququnun, şəxsiyyətə hörmət prinsipinin inkişaf etdirilməsi baxımından çox önəmlidir”.
Məhkəmə qərarları zamanı ictimai ədalətin pozulduğunu iddia edən millət vəkilinin sözlərinə görə, eyni qanun pozuntusuna yol verən insanların bir qismi vəzifədə qalaraq həyatına qaldığı yerdən davam edir, bir qismi isə cinayət məsuliyyətinə cəlb olunaraq uzun müddət azadlıqdan məhrum edilirlər. Qanun qarşısında hər bir vətəndaş eyni hüquqa sahibdirsə, bəs bu ayrıseçkilik haradan qaynaqlanır, nə adı var?
Tahir Kərimli insan hüquqları və əsas azadlıqlarının müdafiəsi baxımdan Məhkəmə-Hüquq Şurasının qaldırdığı məsələ və tövsiyələrin təqdirəlayiq olduğunu deyib: "Hesab edirəm ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin cəzalandırılması digərlərinə dərs olacaq və onlar ölkə başçısının cəzaların yumşaldılması və alternativ cəzaların verilməsi ilə bağlı sərəncamından, eyni zamanda Məhkəmə-Hüquq Şurasının bu tövsiyələrindən nəticə çıxaracaqlar”.

Şəymən