Valideynlərin təhlükədən xəbərləri yoxdur

Uşaqlar yatmazdan 2 saat əvvəl kompyuterdən, planşetlərdən ayrılmalıdır
Oturaq həyat trompların əmələ gəlməsinə, beyində durğunluğun yaranmasına və ürək-damar fəaliyyətinin zəifləməsinə şərait yaradır

London Universitetinin və Londan Kral Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, sensorlu ekranla gündəlik əlaqə balaca uşaqlarda yuxunun pozulmasına gətirib çıxarır. Araşdırma nəticəsində bəlli olub ki, ekran qarşısında keçirilən hər bir saat, gecə yuxusunun vaxtını 15.6 dəqiqə alır. Bu gün xüsusilə uşaqların yeni texnologiyalara qarşı həssaslığı hər kəsə məlumdur. Nəzərə alsaq ki, cəmiyyətimizdə valideynlərin əksəriyyəti istər planşetlərdən, istərsə də sensorlu telefonlardan istifadə üçün uşaqlara məhdudiyyət qoymur.

Hətta dəfələrlə avtobuslarda, metrolarda fürsət olan kimi sırf öz rahatlığını düşünən valideynlər uşağın əlinə telefon və planşet verirlər. Məsələ ilə bağlı fikir bildirən ekspertlər isə nəinki azyaşlıların, hətta yetkin insanların da uzun müddət monitor arxasında qalmasının yanlış olduğunu deyiblər. Tibb elmləri doktoru, professor Adil Qeybulla uzun müddət kompyuter arxasında oturmağın sinir sisteminə mənfi təsir göstərməsini və yuxu ritminin pozulmasına gətirib çıxardığını deyib. Professorun sözlərinə görə, davamlı və uzun zaman ərəfəsində planşet və kompyuterdən istifadə gözün selikli qişasının qurumasına şərait yaradır.

A.Qeybulla həmçinin bildirib ki, uşaqların yatmazdan ən azı 1-2 saat qabaq monitor arxasından ayrılmaları əsasdır. Həmçinin kompyuterə və ya planşetlərə çox aludə olan şəxslər oturaq həyat tərzi keçirirlər. Bu da bəzi adamlarda trompların əmələ gəlməsinə, beyində durğunluğun yaranmasına və ürək-damar fəaliyyətinin zəifləməsinə şərait yaradır: "Uşaqlar kompyuterlərdə, planşetlərdə daha çox oyunlara aludə olurlar. Və uzun müddət gözlərini ekrandan çəkmirlər ki, bu da gözə həddindən artıq ziyanlı təsirini göstərir. Digər tərəfdən böyüyən orqanizmin uzun müddət monitor arxasında oturması məsləhət deyil. Düzdü, indiki LSD monitorlar elektron monitorlar ilə müqayisədə xeyli zərərsizdir. Yəni burda şüalanma o qədər də yoxdur. Amma LSD monitorlarda orqanizmə zərərli şüalanmalar olmasa belə, onun arxasında uzun müddət dayanmaq gözün görməsi və sinir sistemi üçün neqativ təsirlərə malikdir.

İnsanın bədəninə daxil olan enerji ilə kolori arasında bir balans yaranmalıdır. Uzun müddət kompyuterdən istifadə isə bu balansların pozulmasına səbəb olur. Nəticədə orqanizmdə qida maddələrinin pozulması, çəkinin artması kimi hallar müşahidə oluna bilər. Valideynlər uşaqların uzun və davamlı surətdə kompyuter arxasında oturmasına icazə verməli deyillər. Onların yatmazdan 2 saat qabaq kompyuterdən ayrılmaları lazımdır”.

İstədiyini izləmək üçün uşaqlara maksimum texno-azadlıq verildiyini deyən sosioloq-jurnalist Lalə Mehralı belə halların olduqca yanlış olduğunu bildirib. Sosioloq xanımın sözlərinə görə, ekran qarşısında keçirilən hər saat insan orqanizminə fiziki zərər vurur.

L.Mehralı həmçinin bildirib ki, ünsiyyət yerinə öz rahatlığı üçün uşağa telefon verib saatlarla cizgi film izlədən valideynlər var. Həm kompyuterdən istifadə, həm də cizgi filmlərin izlənilməsi üçün uşaqlara vaxt məhdudiyyəti qoyulmalıdır: 

"Elə bir dövrdə yaşayırıq ki, istər-istəməz texnologiyanın əsiri oluruq. Çünki işimiz onunladır, əlaqələrimizi onunla qururuq, problemləri onunla həll edirik. Amma bunu uşaqlara da öyrətməklə doğru hərəkət etmirik. Bəzən ana kiminləsə rahat danışmaq və televizorda istədiyi proqrama baxa bilmək üçün uşağa telefon verib ona saatlarla cizgi filmi izlədir. 2-3 yaşlı uşaq internetdə istədiyi linki tıklayaraq aça, orda olanı izləyə bilər. Bir dəfə şahidi oldum, 3 azyaşlı uşağın olduğu evdə televizoru internetlə əlaqələndirmişdilər, uşaqlar əlində pult bütün günü televizordan "youtube.com”-a daxil olub istədikləri videonu izləyə bilirdilər. Linklərdən birini tıklayanda pornoqrafiya açıldı. Ana uşaqlara bir-iki şillə çəkdi, televizoru söndürdü. Bununla da məsələ bağlandı. Uşaqların olduğu evdə azad interneti, istədikləri qədər televizor qarşısında vaxt keçirmələri ata-ananın səhvi deyil sanki. Təsəvvür edin, ata-ana başqa otaqdadır və ya ata işdə, ana mətbəxdə, uşaqlar da televizor başında, istədiklərinə baxırlar. Süzgəc proqramlardan da istifadə etmir heç kim.
Uşaqların gün ərzində maksimum 1 saat cizgi filmi izləməsinə icazə vermək lazımdır. Mən heç kimi ittiham eləmək istəmirəm, çünki mənim də yaralı yerimdir bu məsələ. Evdə körpə uşağım var və mən yazımı yazanda, kompyuterdə işləyəndə onun başını qatan, oyunlar oynayan heç kim olmur. Məcburən ona sevdiyi cizgi filmlərini qoyuram, izləyir. Bu cizgi filmləri DVD disklərə yazmışıq, televizorda baxır. Müasir cizgi filmlərinin əksəriyyəti subliminal mesajla zəngin olduğu üçün uşaqlara müasir cizgi filmləri izlətmirik. Sovet dövründə çəkilmiş minlərlə cizgi filmləri var ki, uşaqlar üçün maarifləndirici və zərərsizdir. Birmənalı olaraq bütün ata-anaları məsuliyyətsiz hesab edib qınamaq lazım deyil. Ata, ana işləməli, ailənin güzəranı üçün pul qazanmalıdır. Nənə-babaya ehtiyac var, amma bir çox ailə nənə-babadan ayrı yaşayır”.

Lalə xanımın sözlərinə görə, əvvəllər ailələr geniş idi. Hər ailədə nənə-baba, bibi-əmi vardı. Hərə uşaqla 1 saat vaxt keçirəndə həm uşağın günü məhsuldar keçirdi, həm də ata-ana rahatlıqla işə gedib-gələ bilirdi. Lakin indi ailələr kiçilib, fərdlər azaldıqca, uşaqlarla ünsiyyət məsələsi məhdudlaşır: 

"Uşaqlar 1 yaşından telefonu tanıyır, əlindən alanda qışqırır, ağlayır. Çünki onlara maraqlarını cəlb edən oyunlar tərtib etmirik, sevəcəkləri oyunları oynamırıq. Vaxtımız getməsin deyə telefonu əlinə veririk, vəssalam. Əslində uşaqların oynaya biləcəyi, təfəkkür açan, zehni qüvvətləndirən oyunlar almaq lazımdır. Bir uşaq yalnız avtomat, tapança, oyuncaq maşınla oynamamalıdır. Marağını çəkən oyun konstruksiyaları olmalıdır. Əvvəldən əlinə telefon, planşet verilməsə, onlar tələb etməz. Ən sadə bir fakt deyim, oğlumun təhsil aldığı sinifdə hər 10 uşaqdan 7-nin gözləri zəif görür. Hətta görmə dərəcəsi 10-20 faiz olanlar belə var. Mənim öz oğlumun görmə dərəcəsi 60 faizdir. Ailədə heç kimdə görmə zəifliyi yoxdur, deməli, bu problem irsi yox, tamamilə müzakirə etdiyimiz problemdən qaynaqlanır. Hələ nəzərə alsaq ki, biz bəlkə də uşağa kompyuterlə təmasa ən az icazə verən valideynik. Həftədə bir dəfə 30 dəqiqə oyun oynamasına icazə veririk, kompyuterdən maksimum uzaq saxlayırıq, amma məşhur deyimdə olduğu kimi, uşaqlar öz valideynlərindən çox zəmanəsinə oxşayır. Qadağalar, qaydalar, tapşırıqlar onların planşetə, telefona, kompyuterə olan marağını azaltmır”.

Yeganə Bayramova