“Reket jurnalistika”ya qarşı mübarizə genişlənir

Bundan sonra komissiyanın işinə dövlət qurumları da cəlb olunacaq
Əksər ekspertlərə görə, Mətbuat Şurasının “reket jurnalistika”ya qarşı mübarizə komissiyasının səlahiyyətlərinin artırılması faydalı nəticələr verəcək

Mətbuat Şurasının Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılıb və tərkibi genişləndirilib. Bu barədə MŞ sədri, millət vəkili Əflatun Amaşov məlumat verib. Sədrin sözlərinə görə, bundan sonra komissiyanın işinə dövlət qurumları da cəlb olunacaq: "Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa, komissiya hərəkətə keçəcək”.

Ə.Amaşov bildirib ki, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır: "Həmişə şikayət olur ki, jurnalist və yaxud mətbuat orqanı reketçilik edir. Amma bunun qarşı tərəfi də var axı... Yəni şantaj olunan məmur, təşkilat, yaxud dövlət qurumu. Məmurun nə marağı var ki, jurnalistə pul verir? Elə məqam ola bilər ki, hansısa qurum, təşkilat mətbuat orqanını, jurnalisti ittiham edər. Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin jurnalistlə bağlılığı, müxbirlərə pul verib-vermədiyi gün işığına çıxarılacaq”. Sədr bildirib ki, komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır. Xatırladaq ki, Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı da sözügedən komissiyanın işində iştirak edəcək.

Əksər ekspertlərə görə, Mətbuat Şurasının "reket jurnalistika”ya qarşı mübarizə komissiyasının səlahiyyətlərinin artırılması faydalı nəticələr verəcək. 

Onların fikrincə, bu qərarla təkcə jurnalistlərin deyil, həm də, mətbu orqanı ittiham edən tərəfin də məsuliyyəti artmış olur. Bu tərkibin formalaşdırılması "reket jurnalistika” ilə mübarizədə həqiqətin ortaya çıxarılmasıdır. Birgə fəaliyyət konkret şikayət üzrə fəaliyyətin araşdırılmasına imkan yaradacaq. Eyni zamanda, jurnalistlərin və medianın qərəzli günahlandırılmasının qarşısı alınacaq. Faktlar araşdırılarkən medianın həqiqəti yazdığı sübut olunacaqsa, o halda, şikayətçi tərəf cavabdeh qismində tanınacaq və iddiası rədd ediləcək. Bu, eyni zamanda, faktları əldə edən, yaxud dəqiq informasiya əsasında yazı hazırlayan jurnalist və yaxud mətbuat orqanının müdafiəsidir. Reketçiliklə məşğul olanlar isə risk edib bu fəaliyyəti davam etdirə bilməyəcəklər. Hər halda formalaşacaq komissiyanın üzərinə böyük yük düşəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Fazil Mustafa da deyib ki, dəyişiklikdə "reket jurnalistika”nı himayə edən şəxslərin məsuliyyət məsələsi nəzərdə tutulub. Deputatın fikrincə, məqsədyönlü şəkildə qərəzli informasiyanın yayılmasında rolu olan hər bir şəxs məsuliyyət daşımalıdır: 

"Hesab edirəm ki, onların bu məsələdə məsuliyyətə cəlb olunması düzgün yanaşmadır. Əgər həmin şəxslərin pul və ya başqa ödənişlər vasitəsilə bir işi görməsi sifariş xarakteri daşıyırsa, məsuliyyətə cəlb olunması zəruri hal alır. Məncə, bundan sonra həmin məmurların kənara çəkilməsi halları baş verəcək. Komissiyanın genişlənməsinin kifayət qədər təsiri olacaq. Neqativ işlərlə məşğul olanlar özlərinə çəki-düzən verəcəklər. Çünki bilirlər ki, fəaliyyətləri ifşa olunacaq və özləri baş ağrısı yaşayacaqlar”.
Komissiyada təmsil olunan Parlament Jurnalistləri Birliyinin sədri, "Modern.az” saytının baş redkatoru Elşad Eyvazlı deyib ki, əvvəlki komissiyanın ünvanlanan şikayətləri geniş şəkildə araşdırmaq imkanı yox idi: "Komissiya tam formalaşmadığı üçün proseslə bağlı çox danışmaq mümkün deyil. Müəyyən müddətdən sonra daha geniş münasibət bildirmək olacaq. Hər şeydən əvvəl onu deyim ki, "reket jurnalistika”nın özündə cinayət əməlləri var. Əgər "reketlər” kiminsə şərəf və ləyaqətinə toxunurlarsa, hüquqi tərəfdən bunlar mütləq araşdırılmalıdır. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının komissiyada təmsil olunması olduqca vacib məsələdir. Ola bilər, şikayət var, amma ortada hansısa cinayətkarlıq faktı yoxdur. O halda müraciət hüquqi müstəviyə daşınmayacaq.
Ancaq indiyə kimi Mətbuat Şurasında şikayətlərin müzakirəsi sadəcə tövsiyə xarakteri daşıyırdı. Ona görə də düşünürəm ki, mühüm güc strukturlarının komissiyada yer alması müəyyən mənada mövcud problemləri aradan qaldıracaq”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, bəzi şəxslər əsassız olaraq məsələ ilə bağlı tənqidi fikirlər səsləndiriblər: 

"Müəyyən şəxslər iddia ediblər ki, Mətbuat Şurası ictimai qurum olduğuna görə, komissiyaya hüquq-mühafizə orqanlarının dəvət olunması yanlışdır, Şuranın səlahiyyətlərindən kənara çıxır və s. Amma o adamlara xatırlatmaq lazımdır ki, Mətbuat Şurası belə praktikaya ilk dəfə al atmır. Bu vaxta qədər MŞ-nin müxtəlif istiqamətlər üzrə komissiyalarının tərkibinə dövlət qurumlarına aid orqanlar daxil edilib. Məsələn, medianın dili ilə bağlı AMEA-nın dilçilik idarəsindən nümayəndələr komissiyada təmsil olunublar. Onlayn media peşəkarları kənardan, yəni Mətbuat Şurasının üzvü olmadan komissiyanın işinə cəlb ediliblər. Digər tədbirlərdə də bu cür praktikadan geniş istifadə edilib”. 

A.Həsrət komissiyanın effektli olub-olmayacağına da münasibət bidirib: 

"Burada söhbət ondan gedir ki, biz jurnalistikadan sui-istifadə edənlərə qarşı mübarizə aparırıq. Mübarizənin effektliyini artırmaq üçün məhz hüquq-mühafizə orqanlarının da orada iştirak etməsi vacibdir. Çünki Mətbuat Şurası ictimai qurumdur. Şuranın ən böyük cəzası ictimai qınaq və konkret media qurumunu "qara siyahıya” salmaqdır. MŞ bundan artığını edə bilmir. Ancaq hüquq-mühafizə orqanlarının nümayəndələri həmin komissiyada ekspert qismində iştirak edərsə, jurnalistikadan sui-istifadə edənlərlə bağlı dövlətin müvafiq strukturlarının zəruri addımlar atması üçün şərait yarana bilər. Onlar MŞ ilə təmasda olduqlarına görə, proseslərlə bağlı daha geniş məlumat almaq imkanına sahib olacaqlar. Eyni zamanda Mətbuat Şurası mediadan çirkin məqsədlər üçün yararlanmağa çalışan şəxslərlə bağlı qərar verərkən məsələlərin nə qədər özünütənzimləmə, nə qədər hüquq müstəvisində həll edilməsini müəyyən edəcək. Bu baxımdan işin effektivliyi artırılacaq. Heç kim bundan narahat olmasın. Mətbuat Şurası "cəza maşınına” çevrilmək iddiasında deyil”.

"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov deyib ki, "reket jurnalistika”sı ilə mübarizə Mətbuat Şurasının həmişə diqqətində olan məsələ olub: 

"Təsadüfi deyil ki, Şuranın tərkibində fəaliyyət göstərən müvafiq komissiya yaradıldığı gündən bugünədək bu istiqamətdə ciddi işlər görüb. "Reket” mətbu orqanların siyahısını hazırlayıb və bu siyahı böyük əksəriyyət tərəfindən qəbul edilib. Ancaq bu neqativ hallarla mübarizədə Mətbuat Şurasının mövcud mübarizə gücü bir yerə qədər idi. Çünki qurumun hər hansı hüquqi qadağa qoymaq səlahiyyəti olmayıb. MŞ sədri Əflatun Amaşovun son açıqlamasında qeyd edildiyi kimi komissiyaya Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilməsini müsbət qiymətləndirirəm. Çünki bu sahə alverçilərdən təmizlənməlidir. Düzdür, son vaxtlar DTX-nin "reket” jurnalistlərə qarşı bir neçə xüsusi əməliyyatının şahidi olmuşuq. Ancaq bu mübarizənin Mətbuat Şurasının çatısı altında edilməsi daha məqsədəuyğundur”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə bildirib ki, adıçəkilən qurumlar hüquq pozuntularının qarşısının alınması üzrə ixtisaslaşmış, peşəkər qurumlardırlar: 

"Mətbuat Şurasının "reket jurnalistika”ya qarşı mübarizəsini bu qurumlarla koordinasiya etməsi işin effektivliyini artıra bilər. Onlar həm mübahisəli məsələlərin dəyərləndirilməsində ekspert kimi yardım göstərə bilərlər, həm də qanun pozucularının operativ şəkildə cəzalandırılmasını təmin edərlər.
Həmçinin, mübahisəli məsələlərə kollegial baxılması şəffaflığı artıra bilər. Bu baxımdan, hələ ideya halında olan bu layihənin dəstəklənməsini məqbul sayıram
Ümumilikdə, mən həmişə "reket jurnalistika”ya qarşı amansız mübarizənin tərəfdarı olmuşam. Bu adamlar mətbuatın üz qarası, medianın alnındakı ləkədirlər.
Bu ləkəni qanunun gücü ilə təmizləməyin vaxtı çoxdan çatıb”.

İsmayıl
(davamı var)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb