Məktəblərimiz kor, kar, qaməti əyilmiş uşaqlar yetişdirir
Təhsil eksperti şagirdlərin çox yükləndiyini, onların sağlamlığına diqqət yetirilmədiyini iddia edir
Uşaqların sağlamlıq vəziyyəti dünyada ən aktual problemlərdən biridir. Bunun mahiyyəti daha çox xarici mühitdə vəziyyətin proqressivləşən pisləşməsi ilə əlaqədardır. Uşaq və yeniyetmələrin sağlamlığı və gigiyenası elmi tədqiqat institutunun və elmi ədəbiyyatların analizi göstərir ki, müasir məktəb yaşlı uşaqların 90 faizinin sağlamlığında bu və ya digər kənara çıxmalar vardır.
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, orta məktəblərdə şagirdlərin üzərinə düşən yük - istər fiziki, istərsə də zehni olsun - normallaşdırılmadığı üçün mövcud statistikada onların sağlamlıq göstəriciləri çox aşağıdır.
Ekspertin qənaətincə, uşaq çox yükləndikdə, ilk növbədə onun sağlamlığına ciddi ziyan dəyir. Nəticədə nevroz, əsəb gərginliyi, daha sonra isə miopiya (yəni görmə zəifliyi), qamət pozğunluğunun müxtəlif növləri, həzm orqanlarının xəstəlikləri, yorğunluq və s. patalogiyalar meydana çıxa bilər.
Beləcə, kiçik yaşlı məktəblilərdə ilk günlərdən tədrisə, oxumağa, yazmağa, öyrənməyə mənfi münasibət formalaşır.
"Şərq”ə açıqlamasında Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yalnız tədris prosesi ilə öz fəaliyyətini bitmiş hesab etdiyini vurğulayan təhsil eksperti deyib ki, hansısa yolla məktəb direktoru olmuş, qanunvericiliyin tələbini kobud şəkildə pozaraq dinşünaslıq ixtisaslı məktəb rəhbəri, əlbəttə ki, qanunvericiliyin tələb etdiyi "Sağlam təhsil-sağlam millət” prinsipini reallaşdıra bilməz:
"Bu gün əmək bazarının tələbi təkcə savadlı kadr deyil, eyni ilə sağlam kadrlardır. Amma orta məktəblərdə aparılan araşdırma göstərdi ki, bu sahədə ciddi problemlər var. Şagirdlərin böyük əksəriyyəti ciddi fiziki problem yaşayırlar”. Fiziki inkişafdan qalanlar arasında oğlanların çoxluq təşkil etdiyini qeyd edən K.Əsədov bildirib ki, məzunların cəmi 15 faizə qədəri yetkin həyata sağlam fərdlər kimi daxil olur.
Statistik nəticələrə istinad edən ekspert belə deyib: "İbtidai siniflərdə 29 faiz, orta siniflərdə 25 faiz, yuxarı siniflərdə isə 45 faiz şagird görmə problemləri yaşayır.
Qamət problemləri isə ibtidai siniflərdə 51 faiz, orta siniflərdə 52 faiz, yuxarı siniflərdə 41 faizdir. Sadalanan statistik göstəricilər onu göstərir ki, ölkədə fəaliyyət göstərən 4500 ümumtəhsil məktəbində təhsilalanlara tibbi xidmətin səviyyəsi, tibb otaqlarının mövcud vəziyyəti bərbad vəziyyətdədir. Onların fəaliyyəti yalnız büdcədən maliyyə almaqdan ibarətdir. Əslində istənilən insan qeyd olunan xəstəliklərin potensial daşıyıcısıdır. Amma bunun ortaya çıxması və inkişaf etməsi üçün şərait lazımdır. Xoşagəlməz hal odur ki, bizim məktəblər bilik qazandırdığı qədər də şagirdə xəstəlik də qazandırır. Uzunmüddətli dərs saatları, yəni gün ərzində 7-8 dərsdə oturmalı olan şagird bir çox hallarda məktəbdə yemək yemir, ac qalır və nəticədə mədəsində xora xəstəliyi yaranır”.
K.Əsədovun sözlərinə görə, bəzi müəllimlərin şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləməsi də onların gözündə olan qüsurların inkişaf etməsinə gətirib çıxarır:
"Şagirdin görmə ilə bağlı probleminin yaranmasına səbəb olan digər bir nüans keyfiyyətsiz dərsliklər də ola bilir. Belə ki, bəzi dərs vəsaitləri kserkopya və ya keyfiyyətsiz çap vasitələrdən istifadə olunaraq hazırlanır ki, bu da sonda şagirdə ciddi problem yaradır. Bilirsiz, hansısa fiziki çatışmazlığı olan şagirdə fərdi yanaşma tətbiq olunmalı, məktəb direktorunun nəzarəti altında həmin şagirdlər fiziki çalışmalara cəlb olunmalıdırlar. Bunu təkcə dünya təcrübəsi demir, eyni ilə Azərbaycan təhsil qanunvericiliyi də buna geniş imkanlar açır. Tavanında göz idmanı üçün nəzərdə tutulan şəkil, göz trenajoru işlənir. Divarlarına müxtəlif şəkilli lampalar yerləşdirilir. Uşaqların fiziki hərəkəti üçün müxtəlif qurğular quraşdırılır. Biri ayaq üstə dayanmağa, digəri oturub işləməyə imkan verən iki cür masa qoyulur. Hərəkət edə bilən xüsusi masalar 18 dərəcəlik bucaq altında düzülür. Bir sözlə, bütün düzən uşağın göstərəcəyi fəaliyyətə uyğun qurulur. Amma Azərbaycan reallığında bunların heç birinə əməl olunmur”.
Ekspert hesab edir ki, şagirdlərdə ortaya çıxan fiziki qüsurların əsas səbəblərindən biri də məktəblilərin ağır çantalarla yüklənməsidir:
"Dünya təcrübəsinə əsasən deyim ki, çantanın çəkisi uşağın çəkisinin 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Təəssüf ki, ölkəmizdə məktəblilərin nə qədər yük götürməsi ilə bağlı hər hansı standart yoxdur”.
Şəymən