İnsanlar həyatlarına biganə qalanda faciə olur

Bütün xəstəlikləri irəliləməmiş müalicə etmək asandır


Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib ki, Azərbaycanda onkoloji xəstəlikdən ölənlərin sayı o qədər də çox deyil. Onun sözlərinə görə, ölkəmizdə 2015-ci ildə 6249 nəfər xərçəng xəstəliyindən dünyasını dəyişibsə, 2016-cı ildə bu, 6945 olub.

"Bu, elə də böyük göstərici deyil. Ölüm halları ən çox xəstəliyin gecikmiş mərhələlərində müraciət edənlər arasında rast gəlinir. Vaxtında müraciət etdikdə tam sağalmaya nail olmaq mümkündür”.

Pasiyentlərin diqqətsizliyi ilə bağlı açıqlama verən həkim-terapevt Şəmsiyyə Namazova bildirib ki, həqiqətən də bu gün xəstələr arasında biganəlik edənlər çoxdur. Həkimin sözlərinə görə, xəstəliklərin mərhələsi çox önəmlidir. Hər hansı bir xəstəlik irəliləyən mərhələdədirsə, bunun müalicəsi nisbətən çətinləşir.

Ş.Namazova həmçinin deyib ki, insanların maddi durumunun olmaması onların müalicələrini tam olaraq başa vurmağa imkan vermir. Bəzən isə maddi durum və həkim məsuliyyəti yüksək olsa da, xəstəliyə qalib gəlmək mümkün olmur. Buna səbəb xəstənin diqqətsizliyi, məsələyə adi yanaşmasıdır: "Azad bəyin dedikləri ilə tam razılaşıram. 

Ümumiyyətlə, hansısa xəstəliyin pisi və yaxşısı yoxdur. Qrip, yuxarı tənəffüs yolları xəstəliklərindən tutmuş, cərrahi xəstəliklərə qədər hamısı irəliləməmiş müalicə edildikdə daha rahat olur. Önəmli olan xəstəliklərin ilk mərhələsində aşkar olunmasıdır. Əgər ilk mərhələdə aşkar olunarsa, müalicəsi də effektli olur.

Ölüm hallarında isə səbəblər müxtəlifdir. İnsanların, daha sonra həkimlərin məsuliyyətsizliyi əsas səbəblərdən biri ola bilər. Bəzən müalicələrin yanlış getməsi, yaxud da əksinə, xəstənin gec müraciət etməsi ölümlə nəticələnir. Sadəcə olaraq digər xəstəliklərdə müəyyən fəsadlarla, əziyyətlərlə yaşamaq olur, ancaq burda mümkün deyil. İnsanların məsuliyyətsizliyi isə hər zaman diqqət mərkəzindədir. Xəstəlik tam mərhələsinə çatır, kəskin simptomlar üzə çıxmamış xəstəliyin gedişatı ona tam çatmır, heç nəyi dərk eləmir. Buna görə də ölümlərin artması daha çox gecikmiş mərhələlərə bağlıdır”.

Yeganə Bayramova