Vəkil sirrin yayılmasına görə cərimələrin artırılmasını doğru addım hesab edir
Azərbaycanda qanunsuz olaraq övladlığa götürmə və övladlığa götürmə sirrini yaymaya görə cərimələrin məbləği artırılır.
Bununla bağlı Cinayət Məcəlləsinə (CM) dəyişikliklər edilir. Layihəyə əsasən, uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə şəxs 1500 manatdan 2000 manatadək (hazırda yüz manatdan üç yüz manatadək) miqdarda cərimələnəcək. Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yaymaya görə 1500 manatdan 2000 manatadək (hazırda 100 manatdan 500 manatadək) miqdarda cərimə tətbiq ediləcək.
Bəs, cərimələrin artırılması problemin həllinə kömək edə biləcəkmi?
Şəxsən öz təcrübəsində qanunsuz olaraq övladlığa götürmə və övladlığa götürmə sirrini yayma halları ilə rastlaşmadığını vurğulayan vəkil Asif Abdullayev statistik məlumatlarda da bu cür faktlar oxumadığını deyib:
"Amma tam əminlikə deyə də bilmərəm ki, Azərbaycanda qanunsuz övladlığa götürmə kimi qanunsuzluqlar olmur. Zaman-zaman belə ehtimallar eşitmişəm. Bu zaman isə övladlığa götürülən uşaq insan alverinin qurbanına çevrilə bilər deyə, dövlətin bu istiqamətdə qabaqlayıcı tədbirlər görmək üçün cərimələrin miqdarını artırması müsbət addımdır. Ailə Məcəlləsinin 133.1-ci maddəsində əsasən övladlığa götürmə halları qanunla mühafizə olunur. Hər halda bu maddə səbəbsiz yerə qanunvericilikdə öz əksini tapmayıb. Əslində isə övladlığa götürmənin qanunvericilikdə nəzərdə tutulmuş şərtləri bir o qədər də ağır deyil. Sadəcə olaraq bir şəxsiyyət kimi uşağın hüquq və mənafeyini dövlət əsas tutaraq, onun övladlığa götürülmə şərtlərini çox konkret şəkildə müəyyən edib. Onun sağlamlığından, maddi təminatından, mənəvi inkişafından tutmuş, mənzil şəraitinin mövcudluğuna qədər”.
Konkret olaraq övladlığa götürmə sirrini yaymaya görə cərimələrin məbləğinin artırılmasına gəldikdə isə vəkil uşaqların gələcəyi baxımından övladlığa götürmə zamanı məxfiliyin qorunmasını vacib hesab edir:
"Bu nöqteyi-nəzərdən cərimələrin artırılmasının tərəfdarıyam, hətta cəzaların daha da sərtləşdirilərək azadlıqdan məhrumetmə müddətinin artırılması daha yaxşı olardı. Hazırkı qanunda 6 aya qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Bu isə bir o qədər də sərt cəza növü hesab olunmur. 100 manatdan 500 manatadək cərimə cəzası isə ümumiyyətlə əhəmiyyətsiz bir cəzadır. Layihədə əks olunan cərimələr qəbul olunacağı halda isə digər cəzalara uyğunlaşır. Amma onu deyim ki, indiki reallıqda bu məsələnin bir o qədər də aktual problem olduğunu zənn etmirəm. Atılan addımları isə qabaqlayıcı tədbirlər olaraq alqışlamaq lazımdır”.
Şəymən