Lift idarəsinin rəisi medianın gücünə görəmi işdən çıxarıldı? - Maraqlı cavab




"Doğrudan da Bakı Lift İdarəsinin baş direktoru övladına 400 minlik toy edibsə, bu, insanları təhqir etmək kimi bir şeydir”.

Bunu Sherg.az-a Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun işdən qovulması ilə bağlı danışarkən tanınmış media eksperti Zeynal Məmmədli deyib. 

O bildirib ki, bu istisna haldır, heç bir xalqın əxlaqı belə vəziyyətə yol verməməlidir:

"Üstəlik həmin pulu adi bir yerdə işləyən şəxs haradan alır? Bütün bunlar öz yerində, amma medianın birdən-birə bu xəbərləri dalbadal verməsində müəmmalı məsələ var. Çünki kifayət qədər belə azərbaycanlı şəxslər var. Elə məsələlər var ki, medianın gücü, ictimai önəmi, dövlət strukturlarının cəmiyyətə təsiri nəzərə almalıdır. Media bunu gündəmdə saxlayırsa, diqqəti buna yönəldirsə, daha ictimai önəmi olan mövzulardan sanki diqqəti yayındırmaq istəyir. Bu əsaslı bir şübhədir. Amma gerçək media çox dərindən düşünməlidir. Həmin məmurun yerinə gəlmək istəyənlərin, medianı intiqam vasitəsinə çevirmək istəyənlərin əlində vasitə olmamalıdır. Lift idarəsinin rəisi ictimai rəyin gücünə görəmi işdən çıxarıldı, medianın gücünə görəmi, yoxsa qurulmuş plan nəticəsindəmi uzaqlaşdırıldı? Bunu əminliklə demək mümkün deyil. Məncə Azərbaycanda ictimai rəy elə bir rol oynamadığından, hətta ümumiyyətlə, bu rəyin özü olmadığı üçün bu sadəcə qurulan planın nəticəsidir”.

Qeyd edək ki, bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barəsində aparılan araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib.

Ayyət Əhməd