Türkiyə cəmiyyəti artıq parçalanıb

Ərdoğan prezident olarsa, mübarizələr daha da kəskinləşəcək




Ədalət və İnkişaf Partiyasının (AKP) aparıcı simalarından olan Mehmət Əli Şahin qarşıdan gələn prezident seçkilərində AKP-nin namizədinin Rəcəb Tayyib Ərdoğan olacağını rəsmən bəyan edib. Şahin bildirib ki, son günlər prezidentliyə namizədliklə bağlı müəyyən müzakirələrə, söz-söhbətlərə yol açan xəbərlər dolaşır. Ona görə də qərara alınıb ki, bütün bu fikirlərə son qoyulsun:

"Rəsmən bildirirəm ki, namizədimiz hörmətli baş nazirimiz Ərdoğandır. Düşünürük ki, prezident seçkilərində qələbə əldə etdikdən sonra Ərdoğan partiyası 2015-ci ilin parlament seçkilərinə də qatılacaq. Nəticədə ölkə Konstitusiyasında dəyişiklik edilərək, prezidentin səlahiyyətləri bir qədər də artırılacaq. Beləliklə, hörmətli Ərdoğan 2023-cü ilə qədər canı qədər sevdiyi xalqına xidmət edəcək”. Qeyd edək ki, Türkiyədə keçirilən son bələdiyyə seçkilərindən sonra siyasilərin nəzəri bu ilin avqust ayında keçiriləcək prezident seçkilərinə yönəlib. Gülənçilərlə ağır kompramat savaşının kölgəsi altında keçən bələdiyyə seçkilərində yüksək səs toplayan Ərdoğanın inamlı qələbəsi onun Türkiyənin yeni prezidenti olmaq şansını artırıb. Ərdoğanın hansı səbəbdən prezident olmaq istəməsi, seçiləcəyi təqdirdə Türkiyədə nələri dəyişəcəyi məsələsi isə ən çox müzakirə olunan məsələlərdir. Siyasi elmlər doktoru, professor Elman Nəsirli Ərdoğanın prezidentliyə can atmasını belə şərh edib: "Türkiyə parlamentli respublika olduğundan baş nazirin səlahiyyətləri prezidentlə müqayisədə daha çoxdur. Ancaq Türkiyədə siyasi islahatlar fonunda ilk dəfə prezident seçkiləri ümumxalq seçkiləri olacaq. Yəni prezidenti parlament deyil, xalq seçəcək. Nəzərdə tutulan konstitusiya dəyişiklikləri isə budəfəki seçkilərdə prezidentə geniş səlahiyyətlər verəcək. Ona görə də, Ərdoğanın prezident seçkilərinə getməyi məntiqi addımdır. Çox güman ki, Türkiyənin gələcək prezidenti Ərdoğandır”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, bələdiyyə seçkilərində toplanan 45 faiz səsin avtomatik prezident seçkilərində Ərdoğana veriləcəyini demək olmaz: "Bu göstərici avqustun 10-da keçiriləcək prezident seçkisinin ilk turunda qalib gəlmək üçün yetərli deyil. Lakin seçkilərin ikinci turu keçirilsə, Ərdoğanın qələbə qazanacağı şübhə doğurmur. İkinci tur olsa, böyük ehtimalla Ərdoğan prezident seçiləcək. Bu zaman ona bir qrup MHP-li, kürd əhalisinin bir hissəsi səs verəcək. Çünki böyük ehtimalla kürdlər prezident seçkisində CHP, yaxud MHP-nin namizədinə səs verməyəcək. Onlar seçim qarşısında qalsalar, məhz Ərdoğanı seçəcəklər”.

Ərdoğanla Türkiyənin gələcəyini nikbin görməyənlər isə başqa fikirdədir. Politoloq Vəfa Quluzadə baş nazirin demokratiyadan uzaq siyasət yürütdüyünü deyir: "Ərdoğan prezident seçkilərində qalib gəlsə, ölkədə bir müddət ona qarşı ciddi narazılıq olacaq. Çünki xalq demokratiya, azadlıq istəyir, amma Ərdoğan buna meyilli deyil. Ümid edək ki, Türkiyədə qarşıdurmalar yaşanmasın. Çünki prezident seçiləcək Ərdoğanın ilk işi nurçularla mübarizəni kəskinləşdirmək olacaq”.

Politoloq Elxan Mehdiyev də hesab edir ki, Ərdoğanın yürütdüyü siyasətin nəticəsi dost və qardaş ölkə üçün faciəli sonluqla bitəcək: "Ərdoğanın prezident olması Türkiyəni qeyri-stabilliyə sürükləməklə yanaşı, bu ölkə üçün faciəvi nəticələrə səbəb olacaq. Çünki Türkiyə artıq bölünmüş cəmiyyətdir. Bir tərəfdə hüquq-məhkəmə sistemini iflic edən Ərdoğan hökuməti, digər tərəfdə isə demokratiya və azadlıq tələb edən xalq dayanıb. Bu cür qarşıdurma şəraitində Ərdoğanın prezident olması Türkiyəni fəlakətə apara bilər. Nurçularla mübarizənin daha geniş vüsət alacağını da nəzərə alsaq, Ərdoğanın prezidentliyinin ölkəni parçalayacağını iddia etmək olar”.

İsmayıl