Sarkisyanı böyük təhlükələr gözləyir

Ermənistan yoxsullaşdıqca, Rusiyadan asılılığı daha da artır



Serj Sarkisyanın Astanada Nursultan Nazarbayevin Ermənistanın Gömrük İttifaqına BMT səviyyəsində tanınmış sərhədlərlə girə biləcəyi barədə çıxışına etinasız qalması separatçı Ermənistanda daxili qarşıdurmalara səbəb olub. Nazarbayevin Sarkisyanı dalana dirəməsi düşmən ölkə ictimaiyyətində prezident əleyhinə etirazlara gətirib çıxarıb.

İşğalçı ölkənin müxalif düşərgə ilə yanaşı, iqtidar düşərgəsində də dövlət başçısı əleyhinə narazılıqlar baş qaldırıb. Müxalifətçi "İrs” partiyasının təmsilçisi Stepan Safaryan Astanada Sarkisyanın yetərincə cürəti çatmadığını bildirib. Onun fikrincə, Sarkisyanın cürəti çatsaydı, deyərdi ki, niyə Ermənistandan Gömrük İttifaqına Dağlıq Qarabağsız girməsi tələb edildiyi halda, Rusiyanın ilhaq etdiyi Krımla birgə girməsinə heç bir maneçilik törədilmir. Ermənistan hakimiyyəti bu məsələdən danışmaq istəmir, çünki bu, onların növbəti iflasıdır”.

Partiya rəsmisinin fikrincə, Nazarbayevin məlum bəyanatla çıxış etməsinin arxasında Putin durur: "Kremlə Ermənistanın tezliklə Avrasiya İqtisadi Birliyinə üzv olması lazım deyil. Buna görə də bu üsullarla onun yolunu kəsir”.

Düşmən ölkədəki vəziyyəti şərh edən Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, Rusiya əleyhinə olan qüvvələr Ermənistanda artıq güc sahibinə çevrilmək ərəfəsində olduqlarını nümayiş etdirə biliblər: "Hazırda düşmən ölkə cəmiyyətinin özündə hökumətin yeritdiyi xarici siyasət prioriteti barədə birmənalı mövqe yoxdur. Ermənistan hakimiyyəti və onun ətrafı Rusiyanı yaxın müttəfiq kimi seçsə də, ölkədə bu xətti tənqid edən xeyli sayda qüvvə mövcuddur. Həmin yolun dövlətin milli maraqlarına təhlükə yaratdığını bildirirlər. Hətta bir çox erməni ziyalısı bu fikri səsləndirir ki, Ermənistan dövləti üçün Dağlıq Qarabağ problemi bir nömrəli problem deyil. Ölkə üçün başlıca problem onun suverenliyidir. Qeyd edirlər ki, Ermənistanda hakimiyyətdə olan hər bir prezident sanki ölkənin varidatının talan edilməsi və satılması ilə məşğul olur. Həmçinin, buradakı bütün iqtidarlar təcavüzkar ölkə iqtisadiyyatını Rusiyanın tabeçiliyinə verib”.

Ekspertin qənaətincə, indiki halda işğalçı ölkədə suverenlik təhlükə altındadır: "Ermənistanda prezidentlər sanki suverenliyi olmayan bir ölkəyə rəhbərlik edir. Bu kimi ideyalar hazırda ölkə cəmiyyətində geniş yayılıb. Hesab edirlər ki, məhz Rusiyanın yeritdiyi siyasət Ermənistanı belə yoxsul vəziyyətə salıb”.

E.Nəsirli hesab edir ki, Ermənistan yoxsullaşdıqca, Rusiyadan asılılığı daha da artır: "Moskva üçün varlı Ermənistan lazım deyil. Bu qüvvələr İrəvanın Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqla bağlı sənədə imza atmamasının günahkarı rolunda da, məhz Rusiyanı görürlər. Rusiyanın təzyiqləri Ermənistanın Avropaya yaxınlaşmasına maneə oldu. Ermənistanda ölkələri üçün əsas təhlükənin Rusiyadan gəldiyini düşünən qüvvələr kifayət qədər çoxdur. Həmin qüvvələr güclənməkdədir”.

Siyasi təhlilçi onu da əlavə edib ki, Kremllə bağlı Ermənistan iqtidarının seçdiyi xarici siyasət kursu hazırda cəmiyyəti parçalayıb: "Bu da, heç şübhəsiz, cəmiyyət daxilində labüd parçalanmanı şərtləndirir. Onsuz da çoxsaylı problemlərdən əziyyət çəkən erməni xalqı indi bu məsələ ətrafında da parçalanmaq məcburiyyətində qalıb. Mövcud durum separatçı ölkənin gələcəyinin perspektivsizliyilə bağlı fikirləri də gücləndirir”.

Ekspertin sözlərinə görə, Ermənistanda vəziyyət gərginləşəndə iqtidar qəribə bir taktika seçir. Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı kompromisə ümumiyyətlə meyl etmirlər: "Onsuz da kompromiss yolunu seçməyib, ancaq münaqişənin gərginləşdirilməsilə məşğuldurlar. Ölkə daxilində situasiya gərginləşəndə Ermənistan iqtidarı sanki daxili auditoriyanı sakitləşdirmək üçün yalnız və yalnız Dağlıq Qarabağ kartından bəhrələnmək xəttini götürür. Nəticədə hərbi ritorika və bəyanatların əmsalı daha da güclənir. Bununla da istəyirlər ki, daxili etirazı səngidib cəmiyyətin diqqətini ancaq xarici problemə yönəltsinlər. Zənnimcə, Ermənistanda nə qədər vəziyyət pisləşirsə, iqtidarın hərbi ritorikaya söykənən bəyanatların sayı və məzmunu daha aqressiv xarakter almağa başlayır”.

Ayyət Əhməd