Beynəlxalq aləmdə ciddi proseslər gedir

Vahid Əhmədov hazırda Rusiyaya böyük sərmayə qoyulmasını riskli sayır




Azərbaycan Rusiya iqtisadiyyatına yaxın 5-6 il ərzində təxminən dövlət büdcəsini təşkil edəcək miqdarda sərmayə qoyacaq. Bu investisiyanın həcmi 18 milyard dollar təşkil edir.

Bu barədə İqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşü zamanı bildirib. Ş.Mustafayev mətbuata açıqlamasında iki ölkə arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini deyib. Nazirin sözlərinə görə, ötən il ölkələr arasında mal dövriyyəsinin həcmi 10 faiz artıb: "Bu göstəricinin daha da artması üçün potensial var”.

Məlumat üçün qeyd edək ki, bununla yanaşı, 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 583 milyon dollar təşkil edib. Rusiya Azərbaycana 1 milyard 505 milyon dollarlıq mal ixrac edib, Azərbaycan isə bu ölkəyə 1 milyard 78 milyon dollarlıq mal göndərib. Hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 570 şirkət fəaliyyət göstərir. Son illər Rusiya şirkətləri Azərbaycana 628 milyon dollar yatırım qoyub. Azərbaycan isə Rusiya iqtisadiyyatına son 10 ildə 1 milyard dollara yaxın investisiya yatırıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun fikrincə, hazırda Rusiya sərmayə qoyulması baxımından riskli ölkədir: "Düzdür, Rusiya qonşu ölkəmizdir, münasibətlərimiz yüksək səviyyədədir və strateji müttəfiqdir. Bizimlə geniş ticarət əlaqələri mövcuddur. İllik ticarət dövriyyəsi artıq 2 milyardı keçib. Amma beynəlxalq aləmdə gedən siyasi proseslər Rusiyanın hələlik irimiqyaslı yatırımlar üçün bir qədər riskli dövlət olduğunu göstərir”.

O, "Şərq”ə danışarkən, həmçinin 18 milyard dolların kifayət qədər böyük məbləğ olduğunu da söyləyib: "Bu investisiyanın əsasən hansı sahəyə yatırılacağı bilinmir. O layihələr nədən ibarət olacaq? Bu qədər məbləğ təxminən Azərbaycanın dövlət büdcəsinə bərabərdir. Sərmayə xeyir götürmək üçün qoyulur”.

Millət vəkili fikirlərinin sonunda Rusiyanın əvəzinə digər Türkiyə kimi iri layihələr həyata keçirilən ölkələrə investisiya yatırılmasını tövsiyə edib. "Bu ölkə vasitəsilə böyük işlər görülür. Qaz boru və dəmiryol xətləri çəkilir”.

Vüqar Şahinoğlu