Şeyxin adamları ət kəsiminə nəzarət edəcək

Eyyub Hüseynov hesab edir ki, QMİ nümayəndələri bu nəzarətin öhdəsindən gələ bilməyəcək




Azərbaycanda ət kəsimi zamanı islam dininin qaydalarına riayət edilib-edilmədiyi ilə bağlı nəzarət həyata keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsi ilə artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) arasında əməkdaşlıq başlayıb.

SMPDK sədri Ramiz Həsənov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda 3 broyler fabriki "Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun sertifikat almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) müraciət edib: "Dövlət Komitəsi də Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdi ki, onların nümayəndələri həmin broyler fabrikində kəsimə nəzarət etsinlər. Yekunda da rəy versinlər ki, bu şirkətlərə uyğun sertifikat verə bilərik, yoxsa verə bilmərik. QMİ-nin də bu sahədə tələbləri var və hazırda QMİ-nin rəyini gözləyirik. Biz altı aya yaxındır ki, bu şirkətlərlə monitorinq aparırıq, çünki bu sahədə standartın başqa tələblərinə nə dərəcədə riayət olunduğunu müəyyənləşdirməliyik. Ümumiyyətlə, dövlətin standartı varsa, bu standarta riayət olunmasına da dövlət nəzarət etməlidir. Təbii ki, burada QMİ-nin də müəyyən rolu var”.

R.Həsənov xarici ölkələrdən ət məhsullarının istehsalı üçün idxal edilən ətlə bağlı QMİ-nin rəyinin tələb olunmadığını qeyd edib: "Tutaq ki, kolbasa istehsalı üçün ət xaricdən gəlirsə, həmin ət o ölkənin sertifikatı ilə gəlir və biz də o sertifikatı tanıma proseduru həyata keçiririk. Azərbaycanın daxilində kəsimlə bağlı ət məhsulunun halal olmasını QMİ müəyyən edəcək”.

Qafqaz Müsəlmanları İdarəsi ilə artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) arasında əməkdaşlığın zəruri olduğunu vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, praktikada bu əməkdaşlıq özünü o qədər də yüksək səviyyədə doğrultmayacaq: "Hələ ötən il "Halal” kəsimlə bağlı keçirilən beynəlxalq konfransda iştirak etmişdim. Orada müxtəlif ölkələrin din xadimləri ilə texnoloqları əyləşmişdilər. "Halal” standartları ilə bağlı aparılan müzakirələrdən sonra aydın oldu ki, bu əməkdaşlıq kifayət qədər müşkül bir məsələdir. Təbii ki, din xadimləri ilə SMPDK arasındakı əməkdaşlığa kağız üzərində nail olmaq çox asandır. Onsuz da ki, bu gün "halal” kəsimlə bağlı qəbul olunan şərtlər beynəlxalq tələblərə cavab verir. Ancaq ət kəsiminə nəzarət mexanizmi də bir o qədər çətin və müşkül məsələdir. Yenə beynəlxalq konfransdan xatırlatma vermək istəyirəm ki, amerikalı müsəlman alimlərindən biri öz çıxışında qeyd etdi ki, kolbasa və ya ət məhsulları istehsalında əlavə dadverici, qoxuverici, gücləndirici vasitələrdən istifadə olunur. Bəs onlara nəzarət hansı formada ediləcək? Həmin məhsulların hansı ölkələrdən gətirilməsi də məlum deyil heç”.

AİB sədrinin sözlərinə görə, SMPDK ilə QMİ-nin əməkdaşlığı təqdirəlayiq hal olsa da, kafi deyil: "Ət kəsiminə nəzarət ona görə zəruridir ki, əhalinin buna tələbatı var. Ona görə kafi deyil ki, bu nəzarət mexanizmini həyata keçirmək mümkün olmayacaq. Zənnimcə, QMİ nümayəndələri bu nəzarətin öhdəsindən gələ bilməyəcək. Broyler fabrikində kəsimə nəzarət zamanı din xadimləri bilməyəcək ki, həmin toyuq necə bəslənib, qidasının tərkibində nə var? Yaxud da kəsim zamanı standartları müəyyənləşdirə biləcəkmi? "Halal” standartlar üçün elektrik cərəyanının hansı gərginlikdə olduğunu bilmək lazımdır. Həmçinin toyuqlara vurulan biotiklərin tərkibi kimi məsələlərin hamısı sual altındadır. Hesab edirəm ki, broyler fabrikində kəsimə nəzarət çox geniş şəkildə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin iştirakı ilə şəffaf mühit formalaşdırılmalıdır. Yenə deyirəm, QMİ ilə SMPDK-nin əməkdaşlığını müsbət hal kimi dəyərləndirirəm, amma düşünmürəm ki, din xadimləri bu nəzarəti mükəmməl şəkildə həyata keçirə biləcək”.

Şəymən